Advertisment

“Gənclərin mənəvi sferasını zənginləşdirən, dünyagörüşünü artıran vasitələr sırasında mütaliə etmək önəmli yer tutur”

Gənclərin fiziki və mənəvi cəhətdən yüksək inkişaf etməsi üçün onların psixoloji hazırlığı da mühüm şərtlərdəndir. Ölkəmizdə fəaliyyət göstərən psixoloqların gənclərlə daim ünsiyyətdə olub bu istiqamətdə onları maarifləndirmələri mühüm əhəmiyyət kəsb edir. Psixoloq Zümrüd Səfərova ilə söhbətimizi də bu istiqamətdə apardıq: – Bugünkü Azərbaycan gəncliyini necə görürsünüz? – Hazırkı dövrdə gənclər arasında sosial mövqelər, peşə seçimləri, təhsil bazası  əsas üstünlük meyarı kimi götürüldüyünü nəzərə alsaq, bu sahələrdə xüsusən də sosial-mədəni və təhsil sahələrində gənclərin aktiv fəaliyyəti müşahidə olunur. Əslində bu sahələrdə inkişafın olması dəstəklənən addımlar sırasındadır. Sadəcə diqqət çəkən əsas məsələ ondan ibarətdir ki, bu aktiv fəaliyyət rəqabət xarakterlidir. Bu da bir növ şəxsi maraq və istəklərin sıxışdırılması deməkdir. Əlbəttə, həyat şəraitini öz seçimlərinə uyğun qurmaq gənclər üçün daha münasib olardı. Çünki, daha uğurlu inkişaf istəklərə uyğun olan sahələrdə müşahidə olunur. Maraq dairənə uyğun olan  fəaliyyətdə motivasiya yüksək olur ki, bu da uğurlu nəticəyə səbəb olur. Son dövrlərdə geniş yayılan internetdən istifadə vərdişlərinə  yönəlsək, informasiya texnologiyalarının inkişafı məlumatlandırma sahəsində müsbət addım olsa da, sosial şəbəkələrdən aşırı istifadə gənclərdə fiziki cəhətdən passivlik yaradır. Bu passivlik psixoloji sferada da özünü doğruldur. Dostlarla, tanışlarla, eyni zamanda tanımadığın insanlarla fikir mübadiləsini yalnız sosial şəbəkələrdə aparmaq real həyatda ünsiyyəti azaldır. O cümlədən, emosional kantaktı zəiflədir, ən əsası gündəlik həyatda insanlarla münasibətdə fikirlərini ifadə etmədə çətinliklər ortaya çıxarır. – Uşaq və gənclərin psixoloji cəhətdən sağlam, hazırlıqlı olmasında psixoloqların rolu nədən ibarətdir? – Bu aydındır ki, insan dəstəkləndiyi mühitdə daha çox uğur qazanır, nəinki, mühakimə edildiyi ortamda. Bu səbəbdəndir ki, psixoloji dəstək mənəvi inkişafın ilkin şərtlərindən sayılır. Psixoloqların üzərinə düşən əsas vəzifə ilk öncə geniş vüsət almış məsələləri dərindən araşdırmaq, baş vermə səbəblərinə nəzər salmaq, artma və azalma hormoniyasına diqqət yönəltmək, daha sonra gənclər arasında həmin problemlər üzrə maarifləndrimə mexanizmini gücləndirməkdir. Çünki, bütün uğurlu nəticələrin kökündə düzgün maarifləndirmə durur. Daha çox araşdırılması lazım olan məsələlər valideyn-övlad münasibətləri, ailədaxili münasibətlər, özünüdərketmə, öz mövqeyini müəyyənləşdirmə, şəxsiyyətlərarası münasibət məsələləri aiddir. Belə olduğu halda gənclər rastlaşdığı çətinlikləri daha obyektiv qiymətləndirə biləcək, cahil düşüncələrlə üzə-üzə qalmayacaq, ən çətin anlarda ən uyğun yolu seçmək imkanına malik olacaqlar. Gənclər bilməlidir ki, problemin mahiyyətinin düzgün dərki onun həllini asanlaşdırır. Hazırki dövrdə gənclərdə  səbrsizlik, aqressiya, emosiyaların idarə olunmasında çətinlik, mübahisəli davranışlar müşahidə olunur. Bu da psixoloji gərginlik, stress, depressiyaya yol açır. Bu kimi problemlərin həllində valideynlərin də rolu az deyil. Bildiyimiz kimi, uşağın ilk gördüyü cəmiyyət onun ailəsidir. Əgər valideynlər problemli məsələlərdə uşaqların yanında olsa, tənbeh və müqayisələr yerinə, problemin həlli üçün çıxış yolları axtarmaqda uşağa yardımçı olsa, bu həmin uşaq üçün əsl  psixoloji dəstək olar. Valideyn tərəfindən bu cür yanaşma gənclik dövrlərini yaşayan övladları üçün də keçərlidir. Demək psixoloqların maarifləndirmə işləri yalnız gənclər arasında deyil, o cümlədən, valideynlər arasında da aparılmalıdır. – Gənclərin mənəvi inkişafında hansı meyarlar üstünlük təşkil etməlidir? – İlk öncə şəxsə individual yanaşmağı bacarmalıyıq. Çünki, mənəvi inkişaf birbaşa fərdiliklə bağlı olan məsələdir. Şəxsi maraqlarından reallıqla mütənasiblik təşkil edilənlər, cəmiyyət üçün təhlükə yaratmayanlar dəstəklənməli və inkişafı üçün şərait yaradılmalıdır. Daha sonra gənclərə dogmalıq, ailə, sevgi, dostluq, həmrəylik, empatiya anlayışları aşılanmalıdır. Onlar milli vətənpərvərlik ruhunda yetişdirilməli, dəyərləndirmə, qiymətləndirmə kimi mənəvi keyfiyyətlər əhatəsində formalaşdırılmalıdır, eyni zamanda ünsiyyətdə qarşılıqlı anlaşma, sağlam fikir mübadiləsi aparmaları üçün şərait yaradılmalıdır. Gənclərin mənəvi sferasını zənginləşdirən, dünyagörüşünü artıran vasitələr sırasında mütaliə etmək önəmli yer tutur. Necə ki, orqanizmdə hər orqanın sağlam işləməsi üçün qidalanması lazımdır, eləcə də beynin inkişafı üçün qidalanma mütləqdir. Beynin “qidalanması” isə kitab oxumaq vasitəsilə mümkündür. İstənilən halda gənclər mütaliə etməkdən imtina etməsinlər. Bu onların təfəkkürünün “gimnastikası” hesab olunur. Mənəvi inkişaf düşüncələrlə bağlılıq təşkil edir. Düşüncənin də inkişafı mütaliə əsasında mümkündür. Bu, onu deməyə əsas verir ki, hər yeni kitab yeni düşüncə, bu da yeni mənəvi keyfiyyət deməkdir. – Sizcə, Azərbaycan gəncliyi öz məsuliyyətini anlayırmı? – Nəzərə almalıyıq ki, gənclik dövrü qeyri-mütənasib inkişafın normal hala düşdüyü dövrdür və bu yaşlarda seçib-seçilmək, müstəqillik, özünüqiymətləndirmə iddiası, üstünlük əldə etmə istəyi öndə gedən məsələlər sırasındadır. Bunun nəticəsidir ki, gənclər çox zaman  şəxsi maraqlarını təmin edən məsələlərə qarşı daha məsuliyyətli olurlar nəinki, ümumi rifah naminə görülən işlərdə. Gənclər bilməlidir ki, üzərinə düşən məsuliyyətin öhdəsindən gəlmək əslində mənəvi sferada rahatlığın təmin olunması deməkdir. Ümumiyyətlə məsuliyyət hissi, xüsusilə də sosial məsuliyyət gənclərin özləri üçün də faydalıdır. Nəticədə hamımız bu cəmiyyətin üzvüyük. Üzərimizə düşən məsuliyyəti lazımınca yerinə yetirsək, normal yaşamamız üçün əlverişli şərait yaratmış olarıq. Yaşadığımız cəmiyyətin üzvlərinə həssas yanaşmağımız əsas məsuliyyətlər sırasındadır. Nümunə üçün deyə bilərəm ki, qayğıdan məhrum olmuş insanlara qayğı göstərmək, ətraf mühitin qorunması naminə bacardığımız fəaliyyəti tətbiq etmək, cəmiyyətdə fəsad törətmə ehtimalı olan işlərdən mümkün qədər uzaq durmaq,  sosial status baxımından insanları düzgün qiymətləndirmək, heç kimə yuxarıdan aşağı baxmamaq, insanlarla ünsiyyət zamanı mübahisəli mövzularda  konflikt yaranmasının qarşısını almaq, qeyri-sağlam həyat tərzini seçməmək üçün özümüzə nəzarəti itirməmək, özünü dərk etmək, “Mən”ini kəşf etmək əsas məsuliyyətli işlər sırasındadır. Gənclər əsas bu istiqamətlərdə özlərini analiz edib, davranış və yanaşma tərzlərini müəyyən etsələr, əsl məsuliyyətlərini anlamış olarlar. – Ölkədə həyata keçirilən gənclər siyasətində gənclərin mənəvi inkişafı istiqamətində görülən tədbirləri necə dəyərləndirərdininz? – Bu aydındır ki, dövlətin gələcək inkişafında əsas  öhdəliklər gənclərin üzərinə düşür. İstər təhsil sahəsində, istərsə də peşəsində hər bir gəncin qazandığı uğur həm şəxsin özü üçün faydalıdır, həm də onun dövlət üçün yararlı vətəndaş olmasının göstəricisidir. Bu səbəbdəndir ki, dövlətin gənclər üçün uğurlu siyasəti ikitərəfli fayda daşıyır. Gəncin taleyi və dövlətin yüksəlişi. Gələcəyin tələblərinə uyğun gəncliyin yetişdirilməsi üçün dövlət proqramı hazırlanmışdır. Məqsəd gənclərin umumbəşəri dəyərlərə hörmət ruhunda yetişdirilməsi, intellektual və yaradıcı potensiallarının qiymətləndirilməsi, gənclərin sosial mühitdə  təşəbbüskarlığının stimullaşdırılması, vacib ictimai təşəbbüslərinin dəstəklənməsi, mənəvi dəyərlərinin inkişafı üçün uyğun şəraitin təşkil olunmasından ibarətdir. Hər bir gəncin hüququdur ki, mənəvi dəyərlərinin inkişafı üçün yaradılmış şəraitdən istifadə etsin, gəncliyini müsbət istiqamətə yönləndirən seçimlərdən yararlansın. Bu onun həm indiki yaşam tərzi, həm də gələcək həyatı üçün önəmli addımlardandır. Deyirlər, bir deyilən söz, bir yaydan çıxan ox, bir də əldən verilmiş fürsət geri gəlmir. Düşünürəm ki, gənclik dövrü insan həyatında ona bəxş edilən ən gözəl nemət, ən gözəl fürsətdir. Məhz buna görə hər bir gənc onun sağlam və hərtərəfli inkişafı üçün təşkil olunmuş şəraitdən maksimum istifadə etməlidir. Bu hüquqlardan istifadə etməmək bu dövrü lazımınca dəyərləndirməmək deməkdir və fürsəti əldən vermək sayılır. – Bu gün Azərbaycan gəncliyi dövlətin mənafeyi naminə hansı mənəvi keyfiyyətlərə malik olmalıdır? – Əsas bilməli olduğumuz məqamlara toxunsaq, öz üzərinə düşən vəzifələri dərindən mənimsəmək, onların öhdəsindən gəlmək bacarığını inkişaf etdirmək, dünyagörüşü, intellektual səviyyəsi eləcə də təhsilinin artması istiqamətində öz üzərində işləmək və dəyərləndirmə qabiliyyəti əsas mənəvi keyfiyyətlər sırasındadır. İnsan şüurlu varlıqdır. Buna görə də qərar qəbul etmək, seçim etmək, qəbul olunmuş qərarı analiz etmək, uyğun strategiyaları müəyyənləşdirmək qabiliyyətinə malikdir. Düşünmək, qarşıya məqsəd qoymaq və o məqsədə doğru irəliləmək mənəvi keyfiyyətlərin yüksəldilməsinə zəmin yaradır. İnsan nə qədər psixoloji yöndən qüvvətli, qətiyyətli olsa da, fiziki baxımdan sağlamlığı da önəmli meyarlardandır. Nəinki gənclər, istənilən yaşda olan insan öz sağlamlığının qayğısına qalmalıdır. Fiziki inkişaf psixoloji dayanıqlılıqla vəhdət təşkil etdiyi vaxt əldə etdiklərimiz, daha böyük nailiyyətlər sırasında yer alır. İnsan dəstəkləndiyini bildiyi vaxt sahib olduqlarına sadiqliyi daha da artır. Xüsusilə bir nüansı vurğulamaq istərdim. Faydalı işlərlə çalışan aktiv gənclər, o cümlədən hal-hazırda vətənə xidmət edən əsgərlər bilməlidirlər ki, bugünkü gənclik onların şücaətini dəstəkləyir. Əksərən, mənəvi yüksəliş üçün müsbət insani keyfiyyətlərə sahib olmaq kifayət etmir. Bu keyfiyyətlər çevrəmizdəki insanlara da yansımalıdır. Müdriklərin dediyi kimi: “Ağıllı insanlar zəmanəyə uyğunlaşar, yalnız dahilər zəmanəni özlərinə uyğunlaşdırmağa çalışar”. Çalışmalıyıq ki, keyfiyyətli, öz gələcəyimiz və  cəmiyyət üçün fəsadsız olan xüsusiyyətlərimizi inkişaf etdirək, ətrafımızdakı insanları da faydasız işlərdən çəkindirib, doğru yönlərə istiqamətləndirməyə müvəffəq olaq, eyni zamanda bizdən daha gözəl davranışlara sahib insanlardan nümunə götürməyi bacaraq. Elnurə ABDULLAYEVA