Advertisment

“Fərdin mənəviyyatı ailədən və cəmiyyətdən aldığı müsbət keyfiyyətlərin ən vacib tərkib hissəsidir”

Bu gün qarşıda dayanan vacib şərtlərdən biri uşaq və gənclərin fiziki və mənəvi cəhətdən yüksək inkişaf etməsidir ki, bu işdə psixoloqların da rolu mütləqdir. Psixoloq İzzət Rəhimova ilə söhbəti bu istiqamətdə apardıq. –  Dövlətimizin gələcək inkişafında gənclərin rolunu necə dəyərləndirirsiniz? – Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının hüquqi, siyasi və iqtisadi hüquqlarını müdafiə eməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Dövlət, həm də gənc oğlan və qızların sosial və mədəni həyatın bütün sahələrində sərbəst, fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını öz üzərinə götürür. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, əməyə, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması hər birimizi ciddi düşündürür. Ölkə Prezidentinin imzaladığı fərmanlarda, konstitusiyamızda qeyd olunan maddələrdə dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğı əks olunub. Məsələn, təhsildə fərqlənən istedadlı gənclər üçün xüsusi qrupların yaradılması, müxtəlif təqaüd proqramları, xaricdə təhsil proqramı, yeni ailə həyatı qurmuş gənclər üçün ipoteka kreditləri və.s. Həmçinin ali məktəbi müvəffəqiyyətlə başa vurmuş gənclərin işə qəbulu zamanı sistemdə xüsusi şəffaflığın olması. Biz gənclərin üzərinə düşən vəzifə isə bu şəraitdən istifadə edib, dövlətimizin inkişafına kömək göstərməkdir. Artıq həm cəmiyyət, həm də dövlət gənclərə etibar edir. Onlar da bu güvəni doğrultmaq üçün əlindən gələni edir. İnsanlar gənclərin uğurlarını görüb öz səhhətini 28-30 yaşlı həkimlərə etibar edib nəticədən məmnun qalır. Hazırda Parlamentdə təmsil olunan gənclərin sayı artır. Biznes sahəsində əksəriyyəti gənc iş adamları təşkil edir. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər də Azərbaycan gənclərini işə götürməyə üstünlük verir. Azərbaycan gəncləri dünya ölkələrinin gəncləri ilə eyni masada oturub bərabərhüquqlu tərəflər kimi müzakirələr aparır. Güclü dövlətin vətəndaşı olmaq, bu ölkənin başçısının hər zaman onların yanında olmasını bilmək gənclərdə güvən yaradan məsələlərdən biridir. Ən yaxşı təsir proseslərin içində olub, çiynini cəmiyyətdə və dövlətdə olan işin altına verib inkişaf üçün səy göstərməkdir. Bu baxımdan baxsaq, bu gün gənclərimiz dövlət, parlament, biznes, media, bələdiyyə, bir sözlə hər yerdə təmsil olunub. Təbii ki, hər bir görülən iş öz növbəsində yeni imkanlar və perspektivlər açır. Odur ki, məqsəd olduğu müddətcə, iş görmək arzusu olduğu müddətcə gənclərin tələbi də heç bitmir. Əsas odur ki, insan doğulandan dünyasını dəyişənədək özünü ardıcıl olaraq inkişaf etdirməsi üçün və realizə etməsi üçün şərait və sağlam mühit olsun. Bu gün də Azərbaycanın timsalında gənclərimizin müstəqil dövləti var. Bu dövlətin gənclərimiz üçün istər ölkə daxilində, istərsə də xaricində yaratdığı çox saylı imkanlar var. Yetər ki, gənclərimiz peşəkarlığı və fəal vətəndaşlığı qarşıya məqsəd qoysun. – İnsanın mənəvi inkişafında ailənin, valideyn tərbiyəsinin hansı rolu var? – Çox təbiidir ki, hər bir gənc ailə, öz ailəsində bir uşaq arzulayır. Çünki uşaqlar bizim davamçılarımızdır. Bəlkə də buna görə özümüz üçün edə bilmədiklərimizi uşaqlarımız üçün etməyə çalışır və bizdən daha xeyirli bir ömür yaşamalarına səy göstəririk. Digər tərəfdən, uşaq olan evdə mübahisə də, çəkişmə də az olur. Ancaq gənc ata və ana üçün valideyn olmaq çox xoş bir hiss olmaqla yanaşı, həm də bir o qədər də məsuliyyətli bir işdir. Sözsüz ki, hər bir valideyn istəyər ki, övladı savadlı, əxlaqlı, vətəninə, millətinə layiqli bir vətəndaş kimi böyüsün. Bunun üçün düzgün tərbiyə mütləqdir, amma necə? Məsələ burasındadır ki, bizdə valideynlər övladlarına mənəvi tərbiyədən daha çox fiziki tərbiyəni aşılayırlar. Bu isə doğru deyil. Hər ikisi vəhdətdə olmalıdır. Həmçinin məktəblərdə və digər tədris ocaqlarında bir çox fənnlər şagirdlərə ən dərinliklərinə qədər öyrədilir. Halbuki bu çətin düsturlardan, bu mürəkkəb terminlərdən əksər şagirdlər heç vaxt istifadə etmirlər. Ancaq demək olar, hər kəs nə qədər ki, həyatda yaşayır uşaq tərbiyəsi ilə məşğul olmağa məcburdur və bunu öyrənmək üçün tədris proqramlarında ya yer ayrılmamış, ya da çox az yer verilmişdir. Gənc ailələr öz övladlarının tərbiyəsini valideynlərində gördükləri kimi başa düşür və demək olar ki, eyni şəkildə də davam etdirirlər. Təbii ki, bu məsələ ilə bağlı vəsaitlər var və müasir dövrdə internetdən də çoxlu məlumatlar əldə etmək olar. Lakin bu vəsait və məlumatların əksəriyyəti təcrübəli mütəxəssis -psixoloq pedaqoq süzgəcindən keçməmişdir. Və bu mənbələrə istinad etmək nə qədər doğrudur, o da şübhə altındadır. Belə mənbələrdən sərbəst şəkildə istifadə edən gənc valideynlərin çox az olduğunu nəzərə alsaq, uşaq tərbiyəsinin icbari şəkildə öyrədilməsinin aktuallığı ortaya çıxır. Beləliklə, uşaq tərbiyəsi, əsas etibarı ilə pərakəndə halda, sistemsiz həyata keçirilir ki, bu da sonradan çox ciddi, bərpası çətin olan fəsadlara gətirib çıxarır. Bəzən birbaşa əlaqə görməsək də, müasir gəncliyin mənəvi problemlərinin uşaq vaxtı tərbiyəsində buraxılmış boşluqlardan irəli gəldiyini izah etməyə ehtiyac yoxdur. Problemin daha böyüyü ondadır ki, bu cür gənclər gələcəyin məsuliyyətsiz valideynlərinə çevrilir və bu proses zəncirvari, nəsildən-nəsilə keçərək artmaqda davam edir. Nəticə olaraq isə hər gün kütləvi informasiya vasitələrindən əxlaq və məişətlə bağlı cinayət hadisələri barədə çoxlu xəbərlər eşidirik. Nə yazıq ki, ətrafımızda bu kimi problemlərdən əziyyət çəkən ailələrin sayının az olmadığının şahidi oluruq. Ancaq nəticə ilə mübarizə aparmaq (səhiyyədə olduğu kimi) sağlam cəmiyyətin və sağlam ailələrin yaradılması üçün kifayət deyil. Deməli, bu vəziyyəti yaradan səbəbləri axtarıb tapmaq və onlarla mübarizə aparmaq lazımdır. Səbəb isə təbii ki, ailə tərbiyəsindən irəli gəlir. Ancaq uşağı tərbiyə etməklə yanaşı, hər bir gənc valideyn özünütərbiyə ilə də məşğul olmalı və bu məsələ ilə bağlı uyğun kitablarla maariflənməlidir. Uşağın tərbiyəsinə hələ uşaq anadan olmamış başlamaq lazımdır. Ona görə də işə ailə fərdləri arasında, xüsusilə də, gələcək ana və ata arasında, mehriban münasibətlərin qurulmasından başlamaq və düzgün bir ailə mühiti yaratmaq lazımdır. Başqa bir məsələ isə doğulacaq körpənin sağlamlığı üçün ananı xəstəliklərdən və stresdən qorumaqdır. Uşağın tərbiyəsi, ilk növbədə, ailədə, uşaq bağçalarında və tədris müəssisələrində formalaşır. Buna görə də valideynlər təkcə uşaq tərbiyəsi ilə bağlı kitablardan və ya mənbələrdən istifadə etməməli, lazım gəlsə, psixoloq məsləhətlərindən də bəhrələnməlidirlər. Bundan başqa, uşaq tərbiyəsində ailə mühitinin də (bura valideynlərin danışdıqları mövzulardan tutmuş, dinlədikləri musiqiyə, oxuduqları kitablara, baxdıqları televiziya proqramlarına qədər hər şeyi daxil etmək olar) rolu az deyil. Uşağın məktəbəqədər tədris müəssisələrinə – uşaq bağçalarına verilməsində bir problem olmadığı kimi, bu müəssisələrin uşağın dünyagörüşünün formalaşmasında mühüm rolu da danılmaz faktdır. Lakin burada da valideyn bu müəssisələrin tədris proqramları, peşə səviyyələri və s. ilə yaxından maraqlanmalı, “uşağı bağçaya verdim, mənim vəzifəm bitdi” deməməlidir. Təbii ki, bu qeyd etdiklərimiz ibtidai, natamam və tam orta təhsil müəssisələrinə də aiddir. Yəni valideyni təkcə bu müəssisələrdəki təhsilin səviyyəsi deyil, uşağın burada vaxt keçirəcəyi mühit də maraqlandırmalıdır. Uşağın xarakterinin formalaşmasında onun yeniyetmə dövründə kimlərlə oturub-durması, dostluq və ya yoldaşlıq etməsi, boş vaxtlarını harada keçirməsi və nə ilə məşğul olması da çox vacib rol oynayır. Bunun üçün də yeniyetmənin dostlarını tez-tez evə dəvət etmək, ailələri ilə tanış olmaq, gediş-gəliş yaratmaq, məsələni qismən də olsa, nəzarətdə saxlamağa kömək edə bilər. Digər tərəfdən, yeniyetmənin dərsdən kənar vaxtlarını səmərəli keçirməsinə səy göstərmək də çox vacibdir. Uşağın hər bir insanın qəlbində fitri şəkildə mövcud olan inanc hissini təmin etmək üçün uyğun biliklərə sahib olmasına da çalışmaq lazımdır. Çünki uşağın mənəvi cəhətdən inkişafı onun tərbiyəsinin əsas tərkib hissələrindən biridir. Başqa sözlə, fərdin mənəviyyatı ailədən və cəmiyyətdən aldığı müsbət keyfiyyətlərin ən vacib tərkib hissəsidir. Beləliklə, tərbiyə vasitəsi ilə uşağı ən yüksək mərtəbələrə qaldırmaq olar. Bu isə artıq hər bir valideynin ümdə vəzifəsidir. – Bəzi gənclərin yanlış yolda olduğu müşahidə olunur. Gənclər həyatda özünü tapmaq, səhv yola getməmək üçün əsas nəyə fikir verməlidirlər? – Bəli bu gündəmdə olan məsələdir, əksər gənclər özlərini tapa bilmir, nə istədiklərini tam olaraq dərk edə bilmirlər. Hər bir gəncin özünü tanıması üçün müəyyən zaman lazımdır. İnsan özünü tanıması və inkişaf etdirməsi üçün dayanmadan öz üzərində çalışmalıdır. Dünyaya gələn hər bir insan dəyişə bilir. Əsas olan səhvləri, əksikləri dərk edib, insan öz üzərində çalışsın. Cəmiyyət özünü inkişaf etdirməyən gənclərə ehtiyac duymur. Bunun üçün daima bu gənclər kim olduqlarını dərk edib əksiklərini tamamlamalıdırlar. – Ümumiyyətlə, uşaq və gənclərin mənəvi inkişafını yüksəltmək üçün hansı işlərin görülməsinə ehtiyac var? – Hal-hazırda ölkəmizdə çoxlu dini cərəyanlar meydana çıxmışdır ki, dövlətimizin siyasətinə baxmayaraq, onların sayı kifayət qədərdir. Bəzi cərəyanlar gənclər arası pozuculuq fəaliyyəti ilə məşğuldur. Gənclərimizin bəziləri öz isti yuvalarını, ata-analarını bir sözlə, vətəni tərk edərək, xarici ölkələrdə gedən müharibələrdə tərəf olaraq həlak olurlar. Ali təhsilli gənclərin ixtisaslarına uyğun iş tapa bilməməsi və.s . Və yaxud da bəzi dövlət məmurları kömək etmək əvəzinə gənclərin inkişafına maneçilik törədirlər. Bu problemlər üçün müvafiq tədbirlər görülməlidir. İlk növbədə məktəblərdə psixoloqların işi fəal olmalıdır. Gənclərin özünü tanıması üçün onların hansı sahədə fəal olduqları aşkar edilməlidir. Ali təhsili bitirmiş gənclər üçün xüsusi yeni iş yerləri təmin edilməlidir. – Bu işdə psixoloqlar hansı rola malikdir? – İlk növbədə qeyd etmək istərdim ki,insanlar psixoloqun kim olduğunu tam olaraq bilmirlər. Psixoloq kimdir? Psixoloq – özünü unutmuş, qarşıdakı insanın psixi zonasına yəni, ruhi zonasına girməyi bacaran, bir sözlə hadisə və həyatın gedişatına həmin insanın ağlı, gözü və səviyyəsi ilə baxmağı baracan bir mütəxəssisdir. Günümüzdə psixoloqlara çox ehtiyac olduğu kimi, psixologiya və psixoloqlar haqqında maariflənməyə də ehtiyac böyükdür. Hər bir insan ilk növbədə “psixologiya”nın nə olduğunu, inkişaf tarixi və sahələri haqqında az da olsa məlumatlanmalıdır. Əgər yuxarıda qeyd olunan sahələr haqqında maariflənmə düzgün aparılarsa, o zaman insanlar, psixoloqun kim olduğunu anlayar və onu digər mütəxəssislərdən məsələn, psixiatr, həkim, parapsixoloq və s.-dən ayıra bilər. Psixoloq öz arzu və istəklərini, keçirdiyi, üzləşdiyi çətinlikləri arxa plana çəkə bilməzsə, o insanlara tam yardım edə bilməz. Yəni psixoloq ya öz arzu və istəklərini (nəfsini) öldürməli, ya da bu arzuları həyata keçirməlidir ki, bu istəklər psixoloqun şüuru altında yer almasın. Əgər psixoloqun şüur altı çox yüklənmişsə, o, insan korreksiyası (edilən və baş verənlərin düzəlişi) və konsultasiyası (məsləhət vermə) ilə məşğul ola bilməz. Psixoloq – qarşıdakı insanın mənəvi yükünün ağırlığını öz üzərinə götürməyi, onu daşıyaraq mənzil başına çatdırmağı, möhkəm iradəli, ağlını düzgün istifadə etməyi bacaran bir insandır. Artıq psixoloq deyəndə diksinmək, ürpənmək lazım deyil. Əksinə, düzgün seçim edib, psixoloqla digər mütəxəssisləri qarışdırmamaq lazımdır. Yaşadığımız həyatda hər gün çətinliklərlə rastlaşır, bəzən bu vəziyyətdən çıxış yolu tapmırıq və bu vaxt kimə isə bizi dinləyib yol göstərə bilən birinə ehtiyac duyuruq. Belə bir məsləhətçi təbii ki, psixoloqlar ola bilər. Çünki onlar insanların psixi hallarını (ruhi hallarını) digər mütəxəssis və insanlardan daha yaxşı bilir və hansı halda necə hərəkət etmək lazım olduğunu məsləhət verə bilirlər. Mikayıl HƏSƏNLİ