Advertisment

“Gənclərin mənəvi inkişafı üçün dövlət kifayət qədər investisiya ayırır”

BİZİM ÜZƏRİMİZƏ DÜŞƏN YALNIZ BU FÜRSƏTLƏRİ DƏYƏRLƏNDİRMƏK VƏ ÖZ YOLUMUZLA İRƏLİLƏMƏKDİR  İstənilən güclü dövlətin arxasında onun güclü siyasətçisi və sağlam gələcəyi olan gəncləri dayanır. Bu baxımdan da, ilk növbədə ən önəmli olan gənclərin fiziki və mənəvi inkişafıdır ki, dövlətimiz tərəfindən gənclərimizə bu diqqət və qayğı yetərincə göstərilir. Bu gün ölkəmizdə gənclərin mənəvi-fiziki hazırlığı tam ürəkaçan bir formada özünü biruzə verməkdədir. Lakin ilk olaraq hər şey ailədən qaynaqlanır. Valideynlər də bu istiqamətdə məsuliyyətli olmalıdırlar. Unutmaq lazım deyil ki, əgər böyüdüb, tərbiyə edərək cəmiyyətə yararlı vətəndaş kimi təqdim etdiyimiz uşaqlarımızı sağlam və mənəvi cəhətdən güclü görmək istəyiriksə, dövlətin onlara göstərdiyi bütün qayğılarla yanaşı, özümüz də onların düzgün yol seçmələrində mənəvi dəstək olmalıyıq. Ölkəmizin güclü olmasında, yüksək inkişaf etməsində onun saglam ruhda  böyüyən gənclərindən asılıdır. Gəlin həm gənclərimizi, həm də gələcəyimizi qoruyaq. Psixoloq Günay Zeynallı ilə mövzu ətrafında söhbətimizi davam etdirdik:  – Bir psixoloq olaraq bugünkü Azərbaycan gəncliyini necə dəyərləndirərdiniz? – Ümumiyyətlə, nəyisə dəyərləndirmək lazım gəldikdə, onun keçmişinə nəzər salmaq  və müqayisə etmək gərəkdir. Belə ki, keçmişə nəzər saldıqda, Azərbaycan gəncliyinin sürətli və operativ inkişafı danılmazdır. Müasir gəncliyin kreativ və innovativ təfəkkürünün inkişafı göz önündədir. Xüsusilə, gənclərin ictimai fəaliyyətə marağının olması və öz bacarıqlarını düzgün şəkildə yönləndirə bilmələri gəncliyimizin inkişaf etməkdə olduğunu göstərən əsas amillərdəndir. Düşünən və savadlı gənc hər bir dövlətin tərəqqisində mühüm şərtdir və nə xoşbəxt Azərbaycan xalqına ki, belə düşünə bilən gənclik yetişdirir. Reallıqdan danışsaq, ola bilər ki, bizim gənc nəsil digər ölkələrin gəncləri ilə müqayisədə nisbətən zəifdir. Lakin ən önəmli şərt inkişaf və yenə də inkişafdır. Hansı ki, bizim gəncliyimiz bu mərhələdədir. Belə bir misal gətirmək istəyirəm, məsələn, gənc hansısa işə qəbul olmaq üçün cv göndərib və müsahibə mərhələsinə seçilib və nəhayət, bu mərhələdən də uğurla keçir, lakin gəncin iş haqqında yetərincə təcrübəsi və biliyi yoxdur. Bu halda bizdə sual yaranır ki, bəs niyə həmin gənci işə qəbul ediblər. Önəmli olan bilirsiniz nədir, gəncin öyrənmə həvəsinin, məsuliyyətinin olması. Əgər hər hansı insanın öyrənmə həvəsi, iddiası varsa, o, hər işin öhdəsindən gələcəkdir. Nəyisə bilməməyimiz normaldır, lakin əgər öyrəniriksə və ya öyrənmək istəmiriksə, bu o qədər də normal hal deyil. Düşünürəm ki, bizim gəncliyimiz məhz elə bu mərhələdə-öyrənmə mərhələsindədir. Uğur hər zaman öyrənmək istəyənin əlindədir. – Uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm amillərdən biri məhz onların həyata psixoloji cəhətdən sağlam, hazırlıqlı olmasıdır. Bu istiqamətdə psixoloqların rolu nədən ibarət olmalıdır? – Təbii ki, hər bir gəncin, uşağın fiziki və mənəvi inkişafı mühüm şərtdir. Xüsusilə, bu iki proses bir-birilə vəhdət təşkil etdikdə daha yaxşı nəticə verir. Uşaqların fiziki inkişafının psixoloqa demək olar ki, aidiyyəti yoxdur. Bu mövzuda həkimlər diqqətli olmalıdırlar. Əsas öhdəlik valideynin üzərinə düşür. Vaxtında övladının qayğısına qalmalı və vaxtında müayinəyə aparmalıdır. Psixoloqlar valideynləri sadəcə bu barədə təlimatlandıra bilər. Digər aspektdən, uşağın (gəncin) mənəvi-psixoloji inkişafı, bəli, artıq bu sahədə psixoloqun üzərinə düşən məsuliyyət artır. Gəlin baxaq, psixoloqun ən böyük özəlliyi nədir? İnsanları problemə kənardan baxmağa kömək edir. Əslində çox sadədir, eyni zamanda çətindir. Gənc insan problemin içərisində olduqda yalnız ətrafındakını dar çevrədə görür. Əslində necə olmalıdır, problemə çevrəni aşmaqla kənardan baxmalıdır. Çox sadə bir şəkillə bu prosesi başa düşə bilərik. Bir çevrə çəkək, ortasında 1 nöqtə (nöqtə insanı təsvir edir) və digər bir çevrə, lakin nöqtəni çevrədən kənarda çəkək. Nəticədə aydın başa düşə bilərik ki, problemin içərisində olduqda, sən heç bir çıxış yolu görmürsən, çarəsiz vəziyyət yaranır ki, bunun da müxtəlif fəsadları ortaya çıxır. Stress, gərginlik, nəticədə depressiya. Psixoloq bizə məhz bunu göstərir, kənardan biri kimi situasiyanı təsvir edir və problemli insan özü də olduğu hadisəyə  kənardan baxa bilir, problemin həlli yolunun nə qədər asan olduğunu görür. Burada psixoloqun vəzifəsi həmin insana yol göstərmək deyil ki, “sən belə et” və ya “elə et”. Psixoloq burada sadəcə situasiyanı dəyərləndirir və hazır şəkildə insanın önünə qoyur. Seçimi yalnız həmin şəxs edir! Bax insanlar çox zaman məhz bunu qarışdırır. Niyə bizim mühitdə bu fikir var ki, psixoloq yanına gedən zəifdir və ya xəstədir. Çünki psixoloq anlayışı səhv qavranılıb və bu artıq bir stereotip halını alıb. Bu stereotipi qırmaq üçün nəsə etməliyik və mənə elə gəlir ki, edirik və tədricən nəticəni görəcəyik. – Azərbaycan gəncləri üzərinə düşən məsuliyyəti anlayırmı? – Müsahibənin əvvəlində  Azərbaycan gəncliyini təriflədim, müsbət fikirlər dedim, bəli, lakin hər bir prosesdə olduğu kimi, gəncliyimizdə də mənfi cəhətlər var. Düşünürəm ki, gənclərimizin çox hissəsi-inkişaf etməkdə olan hissəsi öz məsuliyyət hissini çox yaxşı dərk edir. Lakin mən məsuliyyət hissini dərk etməyənlərdən danışacağam. Bildiyimiz və gördüyümüz kimi, məsuliyyət hissini dərk etməyən, günahı daima başqalarında axtaran, daima kimdənsə və ya nədənsə şikayət edən gənclərimiz də az deyil. Kim, nə kimi yönləndirilən obyekt adətən dövlət və ya ailə olur. Hal-hazırda belə bir fikir var: “Dövlət mənə şərait yaratmır”, “Mənə iş vermir”, “Ailəm imkan yaratmır”. Hələ belə deyənlər də var: “Qismət”. Bu lap gülüncdür.  Bəs yaxşı heç düşündünüzmü ki, yerimizdə saymaqla biz uğur qazana bilərik? Sadəcə heç nə etmədən, gözləməklə nə uğur əldə edə bilərik, nə də ki, öz həyat yolumuzu tapa bilərik. Bu fikirlər sadəcə bəhanədi, bir növ özümüzü rahatlaşdırmaq üçün daima günahı başqasında axtarmağa çalışarıq. Bilirsiniz bunun qaynağı nədir? Təməl uşaqlıdan qoyulur. Baxın, uşaq yıxılır, dəyir stola və valideynlər nə deyir? “Heç nə olmaz, ak elə stolu keçib gedəcək” Bu ifadəni hər birimiz eşitmişik, tam normal, adi bir cümlədir, ancaq bu cümlə nələrə bais olur bir bilsək, inanın ki, heç dilimizə gətirmərik. Əgər valideyn desə ki, “Qalx ayağa, özün yıxıldın, özün də günahkarsan”. Bu halda nə etmiş olarıq; 1. Uşaqda-gələcək şəxsiyyətdə yıxılaraq ayağa tək durmağı, 2.Günahı özündə axtarmağı (lazım gəldikdə, təbii olaraq) öyrətmiş olarıq. Əks təqdirdə, yerimizdə saymağa davam edərik. Lakin onu da deyim ki, heç nə üçün gec deyil, valideynimiz bunu etməyibsə, bunu bizə öyrətməyibsə, onu günahlandırmaq lazım deyil, əks təqdirdə yenə eyni şeyi etmiş olarıq, yəni yenə də kimisə günahlandırmış olarıq. Valideynimiz öyrətməyib, özümüz öyrənək, özümüz özümüzü tərbiyə edək. Bunun üçün özünütərbiyə metodu çox işə yarayır. Bu halda biz iradəmizi möhkəmləndirmiş və məsuliyyət hissini dərk etmiş olarıq. – Dövlətin gənclər siyasətində gənclərin mənəvi inkişafı məsələsinə nə dərəcədə yer verilir? – Dövlətimizin yürütdüyü gənclər siyasəti sanki nəhəng bir labirintə bənzəyir. Bu labirintdə “finish”-ə çatmaq üçün müxtəlif yollar var və bu yollar hər bir gənc üçün ayrılmış, hər bir gəncin irəliləyə biləcəyi istiqamətdir. Yalnız bu labirintdən öz yolunu tapıb və məqsədinə doğru irəliləyən gənc uğur qazana bilər. Dövlətimiz bizə, biz gənclərə hər cür şərait yaradır. Bizim öhdəmizə düşən, öz yolumuzu tapıb, bu fürsətləri dəyərləndirməklə məqəsədimizə doğru irəliləyən yolda “finish”-ə çatmaqdır. Yuxarıdakı fikrimə istinadən; “Mən yenə də dövləti günahlandırıram ki, mənə şans tanımır və s, və s”… Bu bilirsiniz nəyə bənzəyir, biz istəyirik ki, bizim qapımızı döyüb desinlər ki, sizə iş veririk, xahiş edirik gəlin işləyin. İnanın ki, bu cür düşünən gənclər var. Bunu bilməmiz şərtdir: öz yolunu özün cızacaqsan, öz istəklərini özün reallaşdıracaqsan. Bəli, razıyam ki, bunun üçün şərait olmalıdır, yaradılmalıdır. Ancaq bununla da razıyam ki, şərait kifayət qədər yaradılır, gənclərin mənəvi inkişafı üçün dövlət kifayət qədər investisiya ayırır. Bizim üzərimizə düşən yalnız bu fürsətləri dəyərləndirmək və öz yolumuzla irəliləməkdir. – Ümumiyyətlə, Azərbaycan gəncinin mənəvi inkişafında hansı meyarlar əsas götürülməlidir? – Gəncliyimizin uğuru, ilk növbədə dövlətimizin böyük addımlar atması üçün zəmin rolunu oynayır. “Bir güllə bahar olmaz deyirlər”, amma bu prosesdə bir gülün-bir gəncin uğurunun belə önəmi çox böyükdür. Ona görə mən yalnız tək bir gəncin məxsus ola biləcəyi keyfiyyətlərdən danışacağam. Bir gənci uğura aparan yol, dövlətin uğur yolunda mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, gənc özünü, öz gücünü dərk etməlidir, nəyə qadir ola biləcəyini əvvəlcədən müəyyənləşdirməlidir. Daha sonra qarşısına məqsəd qoymalıdır və özünə bu sualları verməlidir: Məqsədimə çatmam üçün mən nə etməliyəm? Mən hal-hazırda hardayam və hansı istiqamətə getməliyəm? Bu yolla gənc özünü inkişaf etdirə bilər. Bir gəncin inkişafı isə dövlətin inkişafı deməkdir və bu yolla isə gənc bilavasitə özünün və bilvasitə dövlətin tərəqqisinə yol açmış olur. – Gənclər öz dövlətlərinə sadiq olmaları üçün hansı mənəvi keyfiyyətlərə malik olmalıdırlar? – Dövlətinə yararlı olmaq istəyən gənc, ilk öncə özündən başlamalıdır. Hər bir gənc ictimai məsuliyyət hissini dərk etməlidir. Gənclərimizdə bu təfəkkürü formalaşdırmalıyıq: “Bu dövlətin hər bir uğuru bizim uğurumuzdur”. Sadə bir misal gətirmək istəyirəm: Gənc yolla gedir və əlindəki tullantını yerə atır. Lakin heç kim öz evində  bu hərəkəti etməz, ona görə ki, bu mənim evimdir, niyə mən evimi-mənim olanı bu hala salmalıyam. Deməli, problemin qaynağı məlum olur. Bizim yaşadığımız torpağın hər bir qarışı, yaşadığımız dövlətin hər bir uğuru bizə məxsusdur deyə düşünməliyik. Bizimdir! Mənimdir! Məhz bu təfəkkürü özümüzdə formalaşdırmalıyıq. Yalnız bu halda, biz vətənimizə, millətimizə daha yararlı ola bilərik. “Mən” təfəkkürünü özümüzdə yaratmalıyıq. Əgər bu mənimdirsə, niyə pis olmalıdır və ya niyə uğursuz olmalıdır deyə düşünərək, böyük uğurlara imza atmış olarıq. Mikayıl HƏSƏNLİ