Riçard Morninqstar: “Amerika qazına da, Xəzər qazına da tələbat var”
“Ukraynada baş verən hadisələr Azərbaycanı enerji resurslarının mənbəyi kimi bir daha diqqət mərkəzinə gətirir”. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
““Şahdəniz-2” layihəsinin investisiya müqaviləsinin imzalanması ilə iş bitmiş hesab olunmamalıdır. Əksinə, bundan sonra bizi daha böyük işlər gözləyir”.
Riçard Morninqstar bu istiqamətdə Azərbaycanla işləməkdən çox şad olduqlarını və bundan sonra da Azərbaycanın diqqətini Xəzərdə əlavə yataqların da axtarışlarına yönəltməli olduğunu vurğulayıb.
O həmçinin bildirib ki, Azərbaycanın enerji ehtiyatları Avropa və digər ölkələr üçün əhəmiyyət kəsb edir. Səfir həmçinin qeyd edib ki, ABŞ-dan Avropaya qaz nəqli Azərbaycan qazının Avropa bazarlarına ixracına heç bir təsir göstərməyəcək.
“Biz Avropaya ABŞ-dan maye qazın çatdırılması məsələsini fikirləşirik ki, bu da Azərbaycandan qaz ixracatına heç bir təsir göstərməyəcək. Amerika qazına da, Xəzər qazına da tələbat var”.