Advertisment

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında görüş keçirilib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfər çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Herbiand.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional və beynəlxalq gündəmin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin dinamik inkişafının məmnunluq doğurduğunu bildirib. İki ölkə arasında müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsasını təşkil edən Şuşa Bəyannaməsinin dövlət başçılarımızın liderliyi və gələcəyə baxışı əsasında imzalanmasının ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyi vurğulanıb.

İki ölkə arasında münasibətlərin institusional əsasda daha da inkişaf etdirilməsində, başda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası olmaqla, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və digər çoxsaylı əməkdaşlıq mexanizmlərinin mühüm rolu qeyd olunub.

Bununla yanaşı, iki ölkənin BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, AQEM, İqtisadi Əməkdaşlıq Təşkilatı, D-8 və digər regional və beynəlxalq platformalarda da sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. Bu çərçivədə, Türk Dövlətləri Təşkilatının ortaq tarix, dil və mədəni dəyərlər əsasında bir araya gələn qardaş dövlətlərin ailəsi kimi Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Azərbaycanın COP31-ə ev sahibliyi edəcək qardaş Türkiyəyə bu istiqamətdə indiyədək olduğu kimi bundan sonra da dəstək göstərməyə və əldə edilmiş təcrübəni bölüşməyə hazır olduğu bildirilib.

Görüşdə, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində son bir il ərzində əldə edilmiş mühüm irəliləyişlər ətrafında fikir mübadiləsi aparılıb.

Teleqraf

Bölgədə nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, yeni enerji bağlantılarının yaradılması və regional iqtisadi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Orta Dəhlizin inkişafı, tranzit imkanlarının artırılması və qarşılıqlı iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycanın əsas hissəsindən onun Naxçıvan Muxtar Respublikasına , daha sonra Türkiyəyə və regionun digər istiqamətlərinə bağlantıların inkişaf etdirilməsi üzrə işlərin regionda uzunmüddətli sülh, sabitlik və əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.

Görüş zamanı, həmçinin Yaxın Şərqdə və digər bölgələrdə cərəyan edən hadisələr, mövcud münaqişələr və son geosiyasi proseslər barədə geniş fikir mübadiləsi aparılıb.

Yekunda mətbuat konfransı keçirilib və nazirlər mətbuat konfransında bəyanatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.