Macarıstanın xarici işlər naziri Anita Orban sələfi Peter Siyartonun xarici səyahətlər üçün özəl və hərbi təyyarələrdən istifadə etməklə dövlət büdcəsinə təxminən 11 milyon avro zərər vurduğunu bildirib.
Herbiand.az bildirir ki, Orban özəl və xüsusi hərbi təyyarələrin istifadəsinə nümunə olaraq Budapeştdən Belqrada, Bratislavaya və Vyanaya səfərləri göstərib.
XİN rəhbəri deyib ki, Siyarto bu marşrutlara avtomobillə gedə bilərdi.
Anita Orbanın hesablamalarına görə, bu cür uçuşlar büdcəyə təxminən 4 milyard forint, yəni təxminən 11 milyon avroya başa gəlib. O, çəkilmiş xərclərin müntəzəm biznes klass aviaşirkətlərindəki oxşar uçuşların qiymətindən beş dəfədən çox yüksək olduğunu bildirib. Lakin qeyd edib ki, bu rəqəmə hərbi texnikadan istifadə xərcləri daxil deyil.
Macarıstan XİN-də aparılan araşdırmadan sonra Orban hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edib. Onun sözlərinə görə, müəyyən edilmiş hallar büdcə vəsaitlərinin qanunsuz istifadəsini və xüsusilə böyük miqyasda maliyyə ziyanını göstərə bilər.
“Fidez” partiyasının fraksiyası ittihamları rədd edərək Siyartonun xarici səfərlərinin təşkilinin mövcud hökumət qaydalarına tam uyğun olduğunu bildirib. Partiya həmçinin, Xarici İşlər Nazirliyinin əvvəlki rəhbərliyinin səfərlərin təşkilində maksimum səmərəliliyi təmin etdiyini vurğulayıb.
Peter Siyarto 2014-cü ildən 2026-cı ilin may ayına qədər Macarıstanın xarici işlər naziri vəzifəsində çalışıb.
Bəxtiyar CƏFƏRLİ