Yağışlı payız mövsümü başlayıb. Son illər Bakı və Abşeron yarımadasında intensiv yağışların müşahidə olunması, qısa müddətdə yağan güclü leysanların küçə və prospektlərdə su basmalarına səbəb olması problemin aktuallığını artırır.
Yağış suları bir tərəfdən şəhər infrastrukturu üçün çətinliklər yaratsa da, digər tərəfdən düzgün idarə edildikdə mühüm su ehtiyatına çevrilə bilər. Bəs intensiv yağışlar zamanı toplanan sulardan səmərəli istifadə etmək, onları təsərrüfat ehtiyacları üçün yararlı ehtiyata çevirmək mümkündürmü? Bunun üçün hansı texnologiyalardan istifadə etmək, şəhərlərdə yağış sularının toplanması və təkrar istifadəsi sistemlərini necə qurmaq olar?
“Ekorise" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev Herbiand.az-a açıqlamasında deyib ki, yağış sularından səmərəli istifadə etmək üçün ilk növbədə onların toplanması sistemi qurulmalıdır.

“Son illər Bakı və Abşeron yarımadasında intensiv yağışların artması, küçə və prospektlərdə su basmalarının baş verməsi bu məsələyə daha ciddi yanaşmağı zəruri edir. Əslində, yağış sularını yalnız problem kimi deyil, düzgün idarə edildiyi təqdirdə alternativ su mənbəyi kimi də qiymətləndirmək lazımdır.
Bunun üçün Bakıda yağış sularının depolanması üçün xüsusi rezervuarlar yaradılmalı, mövcud infrastruktur müasir tələblərə uyğunlaşdırılmalıdır.
Eyni zamanda, paytaxtda vaxtilə mövcud olmuş texniki su şəbəkəsinin bərpası və genişləndirilməsi vacibdir. Toplanan yağış sularından parkların, bağların, yaşıllıq zolaqlarının suvarılmasında, eləcə də avtomobillərin yuyulmasında istifadə etmək mümkündür. Bu yanaşma içməli suya olan tələbatın azalmasına və su ehtiyatlarından daha qənaətlə istifadə edilməsinə kömək edər”.
QHT sədri bildirib ki, digər mühüm məsələ məişət sularının təkrar emalıdır.
“Məişətdə istifadə olunduqdan sonra kanalizasiya sisteminə axıdılan suların müvafiq təmizləyici qurğularda emal edilərək texniki su kimi dövriyyəyə qaytarılması mümkündür. Belə suyun keyfiyyətinə nəzarət edilməklə onun yaşıllıqların suvarılmasında, küçələrin yuyulmasında və digər texniki məqsədlərlə istifadəsi təmin oluna bilər. Bununla yanaşı, yağış suları ilə kanalizasiya sularının idarə olunması sistemləri düzgün ayrılmalı, toplanan suyun çirklənmə səviyyəsi nəzərə alınmalıdır.
Düşünürəm ki, Bakı və Abşeronda yağış sularının toplanması, texniki su şəbəkəsinin bərpası və məişət sularının təkrar emalı vahid su idarəçiliyi strategiyasının tərkib hissəsi olmalıdır. Bu istiqamətdə görüləcək işlər həm su qıtlığı risklərinin azaldılmasına, həm də intensiv yağıntıların yaratdığı fəsadların qarşısının alınmasına töhfə verə bilər”-deyə, o, bildirib.
Aydın