Advertisment

“Süni intellekt yaradıcılığı əvəz edə bilməz” – Veteran jurnalistdən xəbərdarlıq

“Süni intellekt jurnalistlərin işini asanlaşdırır, lakin insan yaradıcılığını heç vaxt əvəz edə bilməz”.

Herbiand.az xəbər verir ki, bunu veteran jurnalist Elşən Əliyev Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə jurnalistlərin peşəkar bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır.

Veteran jurnalistin sözlərinə görə, Mətbuat Şurasının yeni İdarə Heyəti media nümayəndələrinin bu istiqamətdə maarifləndirilməsinə və müasir texnologiyalardan düzgün istifadəsinə dəstək göstərməlidir.

Elşən Əliyev Böyük Qayıdışla bağlı bəzi yoxlanılmamış məlumatların yayılmasından da narahatlığını ifadə edib.

O, jurnalistləri süni intellektin təqdim etdiyi məlumatlara kor-koranə etibar etməməyə, hər bir informasiyanı etibarlı mənbələrdən dəqiqləşdirməyə çağırıb.

“Jurnalistika yaşamalıdır və bunun üçün peşəkarlıq, obyektivlik, informasiya məsuliyyəti daim qorunmalıdır”, – deyə veteran jurnalist vurğulayıb.

Aydın

Herbiand.az