Advertisment

Tanınmış yazıçı Fatimə Əlihüseyn Yıldızın bədii yaradıcılığından seçmələr

 

Sevdiyim, hicrin ilən dərdü məlal eyləmişəm...

Sənin eşqinlə nahaq zənni-xəyal eyləmişəm...

 

Bəs edər, bir bu qədər qəhrinə tab etdi könül,

İncimə, gör nə qədər zəhrini bal eyləmişəm?!

 

Mən ki, qəlb əhdini sərvətdə ilantək qorudum,

Gözü kor, nəfsi bütöv, nitqimi lal eyləmişəm...

 

Dərdim ittək qaparaq könlümü qəltan eləyib,

Gözümün yaşını öz dərdimə yal eyləmişəm!

 

Nə təsadüf, nə zərurət, "olan olmuş" deyəlim,

Qəmi "kəffarə" verib haqqı həlal eyləmişəm...

 

İstəməz Fatimə gəlmə, buna vardır səbəbi,

Şəmsə dostum demişəm, yarı hilal eyləmişəm...

 

                  ***

Əliağa Vahidin qəzəlinə təxmis

 

Gəlmə sən, üstümə yarım, mən öləndən sonra!

Duya bilməzsən azarım mən öləndən sonra!

 

Su olub, ovcuna axdıqca itirdim izimi,

Sığınar torpağa arım, mən öləndən sonra!

 

Xəstəhal oldu qürur, saxta təkəbbürlər ilə,

Nəmə lazım bu vüqarım, mən öləndən sonra?!

 

Azuqəm, kirli günahlardır alıb xurcunuma,

Yığmışam, vardı naharım, mən öləndən sonra...

 

Baş alıb, dəhri unutsam, tapacam ruhə şəfa,

Bəlkə, xoş oldu güzarım mən öləndən sonra?!

 

Fatimə qəm eləməz, ömrünü nakəm yaşayıb...

Qalacaqdır qoşa barım, mən öləndən sonra!

                         ***

Qurmadım bir kimsənin könlündə taxt, bilməzmisən?

Ol zamandan olmadım bir qəlbə yar, görməzmisən?

Həsrətin çəkdim müdam pünhan ki, yadlar gülməsin…

Sən də agah olduğun gündən baxıb, gülməzmisən?

Verdiyin dərd oldu hey, “Qismət” deyib şükr eylədim,

Mən yedim nuş eylədim, sən bir para bölməzmisən…

Etdiyin min-bir xəta, sədparə etmiş ruhumu,

Anlasan bir səhvini, etsən həya, ölməzmisən?

Bitsin artıq, yol yaxınkən dönməyin olsun qazanc,

Tövbənin kəndarına, sən Fatimə, gəlməzmisən?

                   ***

Axı niyə belə təzaddı dünya?

 

Kim öz istəyilə zəvvarı oldu?

Qapısın döyənə,inaddı dünya.

Gözündən su içər gəlib-gedənin,

Qonaqpərvərliyə iraddı dünya.

Axı niyə belə təzaddı dünya? ...

 

Kamsız ümidləri yollarda yoran,

Zahirdə nurani, batini toran,

Körpə mələklərin qanadın qıran,

Acgöz dəvələrə qanaddı dünya,

Axı niyə belə təzaddı dünya?...

 

Xəyala dalana,min nağıl söylər,

Ruhun taleyindən agahdı göylər,

Çevirib başına sədəqə eylər,

Fitrəsi savabdan kasaddı dünya,

Axı niyə belə təzaddı dünya?...

 

"Gör-götür", "Ad yetir" ocağındayıq,

Qismətə, qurbanlıq bıçağındayıq,

Ha yana qaçsan da, qucağındayıq,

Özü məhbəs ikən azaddı dünya,

Axı niyə belə təzaddı dünya?

 

                                         ATAMLA SON GÖRÜŞ

                                                  (Hekayə)

 Feriha doğulduğu, böyüdüyü yerlərdən, sevdiyi insanlardan çox uzaqlarda idi.

…Səbəbləri çözələməyə gərək yoxdur…

Yaşı yarım əsrə yaxınlaşsa da, qopa bilmədiyi bir an, o anın sehrindən oyanmaq istəmədiyi xatirələri vardı.

Orada, yamyaşıl bir bağda, atası ağaclara su verirdi. O da, daşın üstündə oturub atasının əllərinə baxırdı. O əllər, dünyanın ən təhlükəsiz, hüzurlu, ən sevgili yeri idi. Əslində Feriha atasını on üç ildən çox görmədi… Körpəliyini çıxarsaq, səkkiz il filan… Tez-tez bağa, atasının yanına qaçardı. Dizi üstə oturaraq, gümüşü saçları ilə oynaya-oynaya atasının üzündə və alnında dərin-dərin iz salmış qırışları, uzun bir yol təsəvvür edir, barmaqlarının ucu ilə bu yollarda gəzir, barmağının birinin ata, digərinin isə özü olduğunu təsəvvür edirdi. Uşaq təxəyyülündə, atasının gümüşü saçlarını, yolboyu sıralanmış, ağlı-qaralı yarpaqları olan ağaclar kimi görür və yürüyüş boyu, ağacların doğma qoxusunu içinə çəkirdi. O, bu yolların uzandıqca, uzanmasını istəyirdi. Atası da sanki bu yolların çox qısa olduğunu bildiyi üçün Ferihanın doyunca oynamasına müsaidə edərdi.

Feriha təqaüdçü atasının nə qədər yaşlı və yorğun olduğunun fərqində deyildi.

Onun uşaqlığı, atasının ölümlə pəncələşdiyi illərə təsadüf etmişdi. Altı dəfə əməliyyat olunan atası, anasına – “Feriha daha bizimlə yatmasın, yuxudaykən, yaralarımı təpikləyir ” demişdi … Və ayrılığa doğru uzanan, bu qısa zaman kəsiyində, o atası üçün həmişə darıxırdı…

Hər gün, uşaq bağçasından evə gələndə, əvvəlcə bağa qaçardı. Ev yeməyindən əvvəl, atasının əlindən bir şeylər yeyirdi. Bu, çox vaxt mövsüm meyvələrindən-çiyələk, gilas olurdu.

Məktəbə, birinci sinifə getdiyi ilk gün, Ferihanı məktəbə, atası aparacaqdı.Tezdən bağa enmişdilər. O, ən gözəl güllərdən dərib, böyük bir buket hazırlamış, sonra Ferihanın əlindən tutub məktəbə aparmışdı. Üçüncü sinifdə oxuduğu dərs günlərinin birində, anası işdə olduğuna görə məktəbə hazırlaşan Ferihanın saçlarını, atası hörmüşdü. Hörüklər çox səliqəsiz göründüyü üçün ata-bala nə qədər gülmüşdülər…

Ömrün hansı anı olursa olsun, yaşananlar nə qədər acı olursa olsun, yaddaşının dərinliyinə çökmüş xoş xatirələr, ruhunun xəfif bir titrəyişindən dalğalanaraq, bütün vücudunu sarar, Ferihanın qəlbinə dərman kimi gələrdi…

Sonra…Qış günlərinin birində, atası dərin yuxuya getdi.Tez-tez, həkimlər gəlib-gedir, hər kəs bir-biri ilə pıçıltı ilə danışırdı. Ferihanı atası olan otağa buraxmırdılar. Hər dəfə qapı açılıb- bağlananda, Feriha qapıdan atasına baxırdı. Alnı tərləmişdi, amma üzündə xəfif təbəssüm vardı. Feriha hər dəfə otağa daxil olmaq istəyəndə ona bir iş tapşırıb uzaqlaşdırırdılar.

Anası- “Qızım, ata indi xəstədir, yatır. İnşallah sabah oyanar. Sən aşağı düş, toyuqlara yem ver” deyib bağa göndərdi.

Artıq ikinci gün idi ki, atası yatırdı. Kənddən, qohum-əqrəbalar gəlir, evdə hamı sükut içində, amma hamı bir iş başındaydı. Feriha, ara-sıra açılan qapı arasından atasını izləyirdi. Səhərə doğru, qapını açdılar. Hamı otağa keçdi.

Feriha, onun boynunu qucaqlayıb öpmək, saçlarını qoxlamaq istəyirdi, amma utanırdı. Kimsə Ferihaya - “Qızım, sən mətbəxə get, bizə çay dəmlə”dedi.

Feriha, tələm-tələsik, mətbəxə keçib, padnosa bardaqları yığdı və köhnə dəmli çayları süzüb, otağa keçməyə tələsdi. Bir neçə dəqiqə sonra əlində çay bardaqları dolu olan padnosla otağa daxil olan Feriha, böyük bacı və qardaşlarının atasını qucaqlayıb ağladığını gördükdə gecikdiyini anlamışdı…

Kənardan donuq halda bu mənzərəni izləyən Ferihanın əlindən padnosu alıb, anası-“Gəl, atayla vidalaş”demişdi.Və onu, atasının buz kimi alnından öpdürüb, ayırmışdılar…

O qəfil ayrılıqdan, iyirmi yeddi il keçsə də, Feriha ömrü boyu keçdiyi həyat yollarında, atasının alnında yürüdüyü, o gümüşü saçların doğma qoxusuna bələnmiş sevgi dolu, müqəddəs yolları axtarırdı…

Türkiyə, Diyarbəkir, 
Oktyabr 2026-cı il