Kola yarımadasından fəaliyyət göstərən Rusiyanın nüvə və digər sualtı qayıqları ABŞ-ın təhlükəsizliyinə təhdid yaradır.
Herbiand.az bildirir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Atlantik Gələcək Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Moskva Arktikada və Uzaq Şimalda hərbi fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb: “Xüsusilə, sovet dövründə tikilmiş dərin su limanlarının yenidən açılmasını, eləcə də Rusiyanın ən son silahları sınaqdan keçirməsini qeyd edərdim. Unutmamalıyıq ki, Kola yarımadasında yerləşən Rusiya nüvə sualtı qayıqlarının hədəfi onların yaxın qonşuları deyil, ABŞ-ın şərq sahilləri olacaq”.
Rutte qeyd edib ki, NATO üzv dövlətləri Rusiya sualtı qayıqlarının Şimali Atlantikaya daxil olmasının qarşısını almaq üçün birgə səylər göstərir.
Bəxtiyar CƏFƏRLİ