Advertisment

Zoğalı pencəkli qız -Tural Turanın hekayəsi

On altı yaşım olanda rəhmətlik nənəmdən eşitmişdim ki, ölülər də yuxu görür:

-Amma onların yuxuları ancaq bu dünya ilə bağlıdı, o biri dünya haqqındakı yuxuları ancaq dirilər görürlər...

***

İlk dəfə tanımadığım bir qızla görüşə çıxırdım. Payız günəşinin ağacların ayaqyalın yarpaqları arasında mürgülədiyi saatlar idi. İyirmi bir yaşıma bir gün qalırdı.

Vədələşdiyimiz görüş yerinə yarım addım qalmış səsinə aşiq olduğum xanımın adı telefonumun ekranında göründü:

-Saatın altında altı-yeddi oğlan var, siz onlardan hansısınız?

-Əlində qızılgül olmayan, mənəm...

-Günəşin gizləndiyi çinar ağacının altındayam, gəlin...

Çinar ağacının altındakı qızılgülün qibləsinə doğru addımladıqca ayaqlarımın utandığını, ayaq izlərimin əlini üzünə tutduğunu gördüm.