Advertisment

Sən mənim yarımçıq qalmış hekayəmsən!

Əvvəli ötən sayımızda...

Döyüş yoldaşları Qəzənfərlə bağlı xatirələrini bölüşərkən onun igidliyindən fəxrlə danışırdılar:

“Oktyabrın 4-də çətin hava şəraitində ön xəttdə yerləşən sursat məntqəsinə təminat aparılmalı idi. Əks halda çoxlu itkilərimiz ola bilərdi. Qəzənfər bu təhlükəli yolu çətinliklə qət edib sursatı döyüşçülərə çatdıra bilmişdi. Qazilərimizin bir çoxu sağ qaldıqlarına görə Qəzənfərə borclu olduqlarını deyirlər. Bir döyüş yoldaşı deyir: “Elə yerdə yaralanıb qalmışdım ki, xilas olacağıma heç gümanım yox idi. Məni Qəzənfər xilas etdi”. Bir başqası xatırlayır: “Qəzənfər məni xilas etməyə gələndə dedim: “Qəzənfər, gəlmə, düşmən vura bilər səni”. O isə cavabında: “Xalaoğlu, ya ikimiz də şəhid olacağıq, ya da xilas olacağıq””.

Zöhrə xanım həyat yoldaşının qəhrəmanlığından, əsl dost, yoldaş olduğundan fəxrlə danışır:

“Qəzənfər dostlarını heç vaxt darda qoymayıb. Güllə, mərmi yağışı altında üç təkərlə maşını sürüb şəhidləri, yaralıları döyüş bölgəsindən çıxara bilib. Əsl vətənpərvər, cəsur, qorxmaz bir oğul idi Qəzənfər”.

Həmin gün, müharibənin başlandığı tarixdə dəhşətli qanlı döyüşlərin başladığını öyrənəndə həyat sanki dayanır Zöhrə xanım üçün:

“2020-ci il 27 sentyabrda Mələki yatızdırarkən özüm də yuxuya getmişdim. Birdən qaynanam çağırdı: “Zöhrə, dur pal-paltarı yığ, gedirik”. Qəzənfər zəng vurub demişdi ki, aerodroma ata bilərlər, bina evi üçün təhlükəlidir (binamız aerodromun yaxınlığında yerləşirdi). Qaynanam müharibənin başladığını bildirdi. Həmin an dünya başıma fırlandı. İnanmaq istəmədim. İçimdəki qorxu hissi getdikcə böyüməyə başladı. Qəzənfərə görə narahat idim. Telefonu götürüb Qəzənfərə mesaj yazdım. Cavab verdi ki, şəbəkə yoxdur. Sanki həmin an hər şey mənim üçün dəhşət gəlirdi. “Özünüzdən muğayat olun” – nə demək. Heç nə mənə çatmırdı. Nə götürəcəyimi bilmirdim. Hərəkət etməkdə çətinlik çəkirdim. Bir təhər özümü ələ alıb yığışmağa başladım. Pal-paltar əvəzinə toy şəkilləri və albomları götürdüm. Qorxurdum ki, binaya nə isə atsalar, mənim Qəzənfərlə bağlı şəkillərim itib-batar. Sanki Qəzənfəri özümlə evdən aparırdım. Ətrafı bir anlıq seyr etdim. Elə bil divarlar üstümə gəlirdi. Qarşıda baş verəcəklərdən xəbərsiz, amma qorxu içində hazırlaşırdım. Buna hazırlaşmaq deyil, inanın ki, adını da deyə bilmirəm nə idi. Əzab, yoxsa narahatlıq?”

Sonuncu dəfə onlar Qəzənfərlə oktyabrın 4-də danışırlar:

“Sonuncu dəfə eşitdim səsini. Çox bikef olduğunu hiss etdim. Soruşdum: “Nə olub sənə? Elə bil danışmaq istəmirsən”. Dedi: “Ay Zöhrə, cox yorğunam. Yağış yağır, üstüm bütün islanib. Məndən nigaran qalmayın, mənə heç nə olmaz. Siz özünüzdən muğayat olun. Sabah zəng edəcəyəm”. Sonradan döyüş yoldaslarından eşitdik ki, həmin gün cətin hava səraitində ön cəbhəyə təminat aparılmalı idi. Güclü yağış yağırdı. Yollar palçıq idi. “Kamaz” maşını yolda palçığa batır, gedə bilmir. Amma həmin yolu Qəzənfər gedir və cətin də olsa, təminatı yerinə çatdırır. Oktyabrın 5-də butun günü zəngini gözlədim. Söz vermişdi axı... Nə olursa olsun, o bizi nigaran qoymazdı, hər gün 2 dəqiqə də olsa, zəng vurub səsini esitdirirdi bizə. Həmin gün Qəzənfərə zəng vururdum, ona isə zəng çatmırdı. Ürəyim sıxılırdı. Özümə yer tapa bilmirdim, çox narahat idim. Bilmirdim ki, Qəzənfər artıq ruhunu Allaha təslim etmisdi. Səhid olub ən uca məqama catmışdı. Bizim isə heç nədən xəbərimiz yox idi”.

Həmin gün qızı Mələk də atasını çağırır. Pəncərəni açıb “Ata, gəl!” – deyə qışqırır:

“Uşaq sanki həmin gecə atasının gələcəyini hiss etmişdi. Onu heç cür sakitləşdirə bilmirdim. Qışqırıb ağlayırdı. Sonra gördüm ki, divanda oturub və Qəzənfərin çərçivədə kursantlıq şəklini ayaqlarının üstünə qoyub lay-lay oxuyur. Heç vaxt bu cür hərəkət etdiyini görməmişdim. Şəkli əlindən almaq istəsəm də bərk-bərk tutub evdə heç kimə vermirdi. Gecə saat 2 idi. Polis maşınının səsinə oyandım. Ancaq pəncərədən çölə baxmadım. Ürəyim sıxılırdı. Su içib yuxuya getdim. Yuxuda gördüm ki, atamgildəyəm, güzgüdə ağlaya-ağlaya özümə baxıram... Kimsə mənə bir zənbil soğan verir... Qapı səsinə ayıldım. Saat 3 idi. Gələn qəsəbənin İcra nümayəndəsi idi. Dedi “Qəzənfərdən xəbər gətirmişəm””.

Ona veriləcək xəbəri qəbul etmək istəmir Zöhrə xanım. Bunu Qəzənfərə zəng edir. Amma ona zəng çatmır:

“Tez telefonu götürüb Qəzənfərin nömrəsini yığdım. Zəng çatmadı. Allaha yalvarırdım ki, bircə ona heç nə olmasın. Amma sən saydığını say, gör fələk nə sayır” deyib atalarımız. Mən baş verənləri qəbullanmaq istəməsəm də artıq bu dəhşət baş vermişdi. Qaynanama deyilən kəlmə bu oldu: “Vətən sağ olsun!” həmin an həyat bir anlıq dayandı mənim üçün. Necə yəni? Ola bilməzdi. Bir an onu düşündüm ki, məni bu vəziyyətdə qoyub gedə bilməz Qəzənfər. Pəncərədən baxdım, təcili yardım maşınının qapısını açdılar. İçimdə bir ümid var idi ki, yaralıdır, xərəkdə düşürəcəklər onu. Hər şeyə razı idim, təki nəfəsi canında olsun. Maşından çıxarılan bayrağa bükülmüş tabutu görəndə həmin an keçirdiyim hissləri cümlələrə sığışdıra bilmirəm”.

Zöhrə xanım deyir, toy günü Qəzənfərin şamı tez sönmüşdü. Həmin an çox məyus olur. Deyir, sonradan fikirləşdim ki, nahaq narahat oldum:

“Burda nə var? Adi şamdır, gözlənilmədən sönə də bilər. Amma indi bunu xatırlayanda öz-özümə düşünürəm ki, görəsən şamın tez sönməyi ömür yolunun qısa olacağına isarə idimi? Bunları düşündükcə də Qəzənfərlə bağlı xatirələrimin içində gah sıxılır, gah da xəyala dalıb o anları yenidən yaşamaq istəyirəm. yaşadıqca sanki rahatlaşıram. Bir anlıq Qəzənfəri yanımda hiss edirəm. Azacıq da olsa bundan təsəlli tapıram. Qəlbimdəki Qəzənfərlə bağlı boşluğu xəyallarımla, hisslərimlə, yaşayaraq doldurmağa çalışıram. Hərdən onunla danışıram. Öz-özümə deyirəm: “Hər gün fikrimdə, həmişə ürəyimdəsən, könlümün sağalmayan yarası. Sən mənim yarımçıq qalmış hekayəmsən! Səndən mənə Mələyimiz, bir də üzünü görmədiyin Nişanəmiz qaldı...”

Elnurə İSAXAN

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi