Gözəl bir yaz gününün xoşbəxtliyilə açırıq hər səhərimizi. Quşların səsi əhvalımızı xoş edir. Otların ətri qəlbimizi ruhlandırır. Səmadan boylanan günəşin hərarəti qəlbimizi isidir. Artıq 4 ildir, qəlbimizdəki rahatlıq bizi özümüzə qaytarır. Yazın bu gözəl ətrini könül rahatlığı ilə duya bilirik. Hər il bu vaxtı əsirlikdə olan dilbər guşələrimizin ağrı-acısından nə təbiətin bizə bəxş etdiyi bu gözəllikləri seyr edə bilir, nə də xoş ətirli havasını doya-doya içimizə ala bilirdik. Şükürlər olsun ki, artıq bu həsrətin acısından ayrılıb o gözəlliklərə yenidən qovuşa bilmişik. Bu xoşbəxtliyi bizə yaşadan igid oğullarımıza biz hər zaman borcluyuq. Doğma torpaqlarımızın azadlığı naminə canını qurban verən qəhrəmanlarımızın bu gün ruhu şaddır. Məhz vətənpərvər oğullar sayəsində o gözəlliklər yenidən bizim qəlbimizi oxşayır.
18 may tarixi... Keçmişin acı xatirəsinə dönən bu tarixi bu gün yada salmaq istəmirəm. Laçını bizdən ayıran bu tarix indi tarix səhifəsinin bir küncündə tozlanıb ömrümüzdən bir dəfəlik silinəcək. Hər il bu tarixdə laçınlılarla dərdləşib onların acısını qəlbimə daşımaqdan qurtuldum. Ah nə gözəl hisslərdir. İndi laçınlı həmsöhbətimlə LAÇINLI günlərə yenidən işıq salacam. Söhbətimdə bir az acı, amma daha çox şirinli günlərin xatirəsini oyatmağa çalışacam.
“Görəsən bir gün yenidən Laçına ayaq basa biləcəmmi?”, - deyə düşünən Şəfəq xanım bu gün arzusunun reallaşmağından məmnunluq hissi keçirir. Deyir, o qədər özümü xoşbəxt hiss edirəm ki, bu gün. Bu xoşbəxtliyi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm.
Həmsöhbətim Şəfəq Kərimova Laçın rayonunun ikinci ən böyük kəndi olan Həkəri çayının sağ sahilində yerləşən Güləbird kəndindəndir. Doğma yurdunun gözəlliklərindən sevinc hisslərilə danışan Şəfəq xanım deyir ki, kəndimizin özəl yaşıllığı var idi:
“Kəndimiz sərv ağacı ilə zəngin idi. Laçının başqa kəndlərindən fərqli olaraq kəndimizdə bütün meyvələr yetişirdi. Bizim kəndimiz Laçın rayonundan 35 km məsafədə yerləşirdi. Biz Qubadlı şəhərinə və bir də Zəngəzurda yerləşən Gorus şəhərinə yaxın idik. Bazarlığı Gorus şəhərindən edərdik. Ona görə də mənfur düşmənlərimizlə çox sıx ünsiyyətdə idik. Onlar da bizim kəndimizə gələrək alış-veriş edərdilər. Yəni bir-birimizlə ticarət əlaqələrimiz var idi. Və kənd camaatı həm heyvandarlıqla, həm də kənd təsərrüfatı ilə məşğul olardı”.
O günləri xatırladıqca Şəfəq xanım tez-tez xəyala dalırdı. Xeyli sükuta dalıb sanki o anları yenidən yaşamaq istəyirdi. Onu bu aləmdən ayırmaq mənə çox çətin idi. Yaşanan sükutu Şəfəq xanımın şirin xatirləri pozmalı olurdu:
“Orta məktəbin son sinfində oxuyarkən artıq bizim yeni məktəbimiz tikilirdi. 3 mərtəbəli böyük məktəb olacaqdı. Məktəb demək olar, bizim bağımızın yaxınlığında idi. Hər dəfə pəncərədən baxanda özlüyümdə bir gün universiteti bitirib kəndimizə qayıdacağımla bağlı xəyal qururdum. Düşünürdüm ki, məktəbdə müəllim kimi fəaliyyət göstərəcəm. Özümü bir anlıq bu məktəbdə çalışan müəllim kimi təsəvvür edirdim. Bu mənim ən böyük arzum idi.
Bu xəyallarla 1988-ci ildə Bakı dövlət Universitetinə daxil oldum. Xəyallarımın bir gün gerçəkləşəcəyini böyük ümidlə gözləyirdim”.
Lakin həyat çox qəribədir. Nə yazıq ki, bəzən istəklərimizin reallaşması ya alınmır, ya da zaman istənilən anda olmur. Şəfəq xanımın bu arzusu da xəyalında öz yerini alaraq nə vaxtsa gerçəkləşəcək ümidilə gözləmədə ilişib qalır:
“Biz elimizə-obamıza, doğma yurdumuza çox bağlı insanlarıq. Mən o zaman düşünməzdim ki, təhsilimi bitirib Bakıda qalacam. Orda işləyib həyatıma davam edəcəm. Hər zaman öz doğma kəndimizdə müəllim kimi fəaliyyət göstərmək ən böyük arzularımdan idi. Hətta tələbə vaxtlarımda hər zaman bayramlarımızı mütləq kəndə gedib valideynlərimizlə birgə keçirərdik. Bundan böyük zövq alardıq. Amma təəssüflər ki, biz o gözəl yerlərimizi istəmədən tərk etmək məcburiyyətində qaldıq.
1992-ci il 9 may qələbə bayramına görə hər zaman olduğu kimi kəndə getdik. Yolda biz köç maşınları ilə rastlaşdıq. Qardaşım Aydın müəllim o zaman Bakı Dövlət Universitetində kafedra müdiri işləyirdi. Həm də ehtiyatda olan hərbçi zabit idi. Bizim kəndimizdə könüllü batalyon var idi. Ehtiyatda olan zabit kimi batalyonun komandir müavini idi. Biz yolda köç maşınlarını görəndə qardaşım çox narahat oldu. Və bunun heç də yaxşı əlamət olmadığını dedi. Kəndə çatanda artıq köç maşınlarının daha çox olduğunun şahidi olduq. Orda xəbər tutduq ki, bu maşınlar Şuşadan gəlir. Tez evimizə gəldik. Atam kəndimizdə orta məktəbdə direktor müavini işləyirdi. O çox narahat idi. Bizə dedi ki, Şuşanın işğal olunma ehtimalı çoxdur. Vəziyyət gərgindir. Yəni Şuşadan gələn köç də bunu təsdiqləyirdi. O zaman atam dedi ki, Şuşa işğal olunarsa, Laçının işğalı da mümkündür. Xocalı hadisəsi yenidən təkrarlanmamaq üçün ehtiyat tədbiri görmək lazımdır. Kənd ağsaqqalları məsləhətləşdikdən sonra kəndin qız-gəlinini, uşaqları, yaşlı insanları kənddən çıxartmaq məcburiyyətində qaldılar. Həmin vaxt anamın 52 yaşı var idi. O dedi ki, mən çıxmayacam. Oğlanlarım burda qalırsa, mən gedə bilmərəm. O vaxt qardaşlarım könüllü batalyonun tərkibində idilər. Beləcə anam, atam qaldı. Kəndin qız-gəlini, uşaqları Şuşadan gələn köç maşınları ilə birgə kənddən çıxarıldı. O zaman hamı düşünürdü ki, bu müvəqqəti çətinlikdir. Bir az ara sakitləşəndən sonra hamı öz evinə qayıdacaq. Ancaq geyim əşyalarımızı götürüb çıxdıq. Bakıya gəldik. Amma çox təəssüflər ki, ard-arda Şuşanın, Laçının işğalını eşitdik. Həmin vaxt qrupda hamımız qara geyinmişdik. Hamıya çox pis təsir etmişdi. Həmin anlar indi də gözümün önündədir”.
Bundan sonra hər bir laçınlı kimi Şəfəq xanımın ailəsi də məcburi köçkünlük həyatı yaşamaq məcburiyyətində qalır:
“O zamanlar çox ağır bir dövr idi. Demək olar ki, hər kəsin istər ailəsindən, istərsə də yaxınlarından şəhid olanlar var idi. Bunları düşündükcə çox ağır gəlir insana. Həm vənində vətənsiz olmaq, həm məcburi köçkün həyatı yaşamaq. İllərlə qurub yaratdığın ev-eşiyini orda qoyub yenidən yaşamaq üçün çalışıb əziyyət çəkmək. Biz həmin an çox çətin anlar yaşayırdıq. Amma bütün çətinliklərə baxmayaraq, ümidlərimizi itirmədik. Bir gün torpaqlarımızın qayıdacağı ümidi ilə həyatımıza davam etdik. Doğma yurdumuza yenidən qovuşacağımız günün həsrəti ilə yaşadıq. Hətta yadımdadır ki, atam kənddən çıxandan sonra heç vaxt su içmədi. Dedi ki, mən Laçına qayıdandan sonra su içəcəm. Kiçik qardaşım heç vaxt tut yemədi. Dedi ki, mən tutu Laçın bağlarımızdan yeyəcəm. Yəni ümidlərimiz heç vaxt itmədi”.
Bu gün hər bir laçınlı kimi onların da doğma torpaqlarına qayıtmaq arzuları gerçəyə dönüb. Bir zaman məhv olan arzular indi çiçəklənib. İtməyən ümidlər doğrulub. Bu torpaqların əzəli sakinləri yenidən doğma el-obasında öz evinin işığını yandıracaq:
“Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu. İllərlə yurd həsrəti ilə yaşayan atama yenidən o yerlərə ayaq basacağı anı gözləyirdi. Qardaşlarım Laçın azad olunduqdan sonra doğma torpaqlarımıza getdilər. Həkəri çayından su gətirdilər. Heç vaxt su içməyən atam o sudan doyunca içdi. Çox təəssüflər olsun ki, ondan bir həftə sonra atam dünyasını dəyişdi.
Ümidlərimiz bizi yanıltmadı. Müharibədən əvvəl 2020-ci ilin mart ayında erməni saytlarının paylaşdığı Güləbird kəndinin görüntülərini gördüm. Görüntülər məni o qədər sarsıtmışdı. Qoyub çıxdığımız o kənd deyildi. Kəndimizdə bulaq var idi, üstünə xaç şəkli çəkmişdilər. Ümumiyyətlə kənd başdan-ayağa dəyişilmişdi. Evimizi dağılmış vəziyyətdə gördüm. Qəribə burasındadır ki, mən hər zaman evimizi yuxuda görərdim. Amma yalnız kənar hissədən, ətrafı yuxuma girərdi. İçini heç vaxt görməmişdim. Özümü həyətdə, evin üstündə, hətta qonşu həyətdə görərdim. Saytda evimizin uçulmuş vəziyyətini görəndə düşündüm ki, yəqin bu səbəbdən evin içini görə bilməmişəm. Həmin an ağlamaq məni tutdu. Çox kövrəldim. Evimiz, kəndimiz üçün çox darıxırdım. Sonralar bu gorüntünu tez-tez izləyirdim. Hər dəfə buna baxanda uşaqlarıma da kəndimiz haqqında məlumat verirdim”.
Sentyabrda müharibə başlayan zaman Şəfəq xanım qəlbində həm üzülüb, amma eyni zamanda doğma el-obasına yenidən qovuşacaq deyə ümidləri parıldayıb:
“Çox qəribə hisslər altında idim. Bir yandan igid oğullarımızın itkisi məni üzürdü. Digər bir yandan evimizə qovuşacaq anın sevincini yaşayırdım. İnanın ki, o hissləri sözlə ifadə edə bilmirəm. Eyni anda kədərlə sevincin vəhdətində özümü qəribə hiss edirdim. Torpaqlarımız azad olunan kimi yaxınlarım hər kəs kəndimizə gedib ziyarət etdi. Bəzi səbəblərdən mən gedə bilmədim. Yəqin ki, bu yay getmək mənə də nəsib olacaq. Qardaşlarımın gətirdiyi Həkəri çayının suyundan içə bilmirəm. Kəndimizə gedib orda doğma torpağımızın suyundan dadacam. Çox istəyirəm ki, gedib orda yaşayım. İnşallah ki, bizim də vaxtımız çatacaq”.
Şəfəq xanım deyir, şükürlər olsun ki, Azərbaycanımız bütövdür. Biz artıq doğma yurdumuza qayıdırıq:
“El-obamız yenidən canlanacaq. Evlərimizdə işıqlarımız yanacaq. Gülüş səsləri yenidən kəndimizə yayılacaq. Uşaqların hay-küylü oynamaqları, ağsaqqalların, ağbirçəklərin könülaçan söhbətləri o yerlərdə yenidən eşidiləcək. Çox duyğulu anlar yaşadım söhbətimizdən. Heç vaxt unutmayacağım hadisələrin üstündən bir daha keçdim”.
Həmsöhbətim deyir, Laçınlı günlərimə qayıdacağım anı səbirsizliklə gözləyirəm. Bizə bunu yaşadanlara eşq olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Biz bu gün məhz qeyrətli oğullarımızın sayəsində sevinc göz yaşlarına qərq olmuşuq. Bu xoşbəxtliyin zirvəsində özümüzü dünyanın ən bəxtəvər insanı hesab edirik.
Əzəmətli Laçın dağlarından qədəmlərimiz ətrafa işıq saçacaq. Bu işığın ətrafında yenidən toy-bayramlar keçirib, xoş günlərimizin sevincini doya-doya yaşayacağıq.
Sənli günlərimizə qədəm qoyacağımız günümüz mübarək, can Laçın!
Elnurə İSAXAN
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”