Advertisment

Azərbaycan hər zaman əhalinin həssas qruplarına diqqət və qayğı ilə seçilir

Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılmasının və onlara göstərilən dövlətin dəstək və davamlı qayğının bariz nümunəsidir.

44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonrakı mərhələdə Prezidentin tapşırığına əsasən şəhid ailələrinin üzvləri, eləcə də qazilər dövlət qayğısı ilə tam əhatə olunub. Bu sahədə aparılan işlər dünya üçün nümunəvi modeldir.

Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin və digər maliyyə yardımlarının verilməsi, aylıq olaraq şəhid ailələrinə Prezident təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının nümunəsidir. Bundan əlavə, ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müxtəlif bədən xəsarəti alan əlillərə də dövlət lazım olan hər bir qayğı və diqqəti göstərməkdədir. Belə ki, əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun birdəfəlik 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçirilir, aylıq Prezident təqaüdləri verilir, maşın və mənzillərlə təmin olunurlar. Bütün bunlarla yanaşı, qeyd edilməli məqamlardan biri Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır. Sərəncama uyğun olaraq, Azərbaycan Ordusunun şanlı tarixi Zəfər əldə etdiyi, torpaqlarımızın işğaldan azad edildiyi 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxsləri əhatə edən sosial dəstək tədbirlərinin ən mühüm istiqamətlərindən biri kimi, onların mənzil və fərdi evlərlə təminatı proqramı 5 dəfə genişlənib. Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, postmüharibə dövründə, sözügedən kateqoriyadan hesab edilən və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlarımıza 6000, ümumilikdə isə ötən dövrdə 14800 mənzil və fərdi ev təqdim edilib. O cümlədən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan, gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum məzunlarının mənzillərlə təminatı da həyata keçiririlib. Proses davam etdirilir. Sosial dövlət olan Azərbaycan hər zaman əhalinin həssas qruplarına, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ilə seçilir. Bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması üçün mütəmadi proqramlar icra olunur və bu istiqamətdə gerçəkləşdirilən bütün məsələlər dövlət başçısı tərəfindən xüsusi diqqətdə saxlanılır. Prezident İlham Əliyev çıxışlarında hər zaman bu insanların problemlərinin həllinə diqqət yetirilməsinin vacibliyini vurğulayır. Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən ötən illərdə dünyada hökm sürən maliyyə böhranı və panedemiya bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, ölkəmizdə sosial layihələr və iqtisadi islahatların icrası zəifləmədi, əvvəlki sürətlə davam etdirildi.

Bununla yanaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.

44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra müharibə əlillərinin, şəhid ailələrinin, qazilərimizin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülüb və bu proses davam etdirilir. Baxmayaraq ki, 30 il ərzində erməni cinayətkarları torpaqlarımızda bir sıra böyük ehkamlar qurmuşdular, strateji hündürlükləri ələ keçirmişdilər qəlbi vətən sevgisi ilə çırpınan zabit və əsgərlərimiz öz canı, qanı bahasına əzəli-əbədi torpaqlarımızı geri qaytardılar. Bu müqəddəs torpaq savaşında – Vətən Müharibəsində 3 minə yaxın vətən oğulları şəhid oldu. Minlərlə zabit və əsgərlərimiz şikəst oldu. Şəhid ailələri və qazilərimiz hər an dövlətin nəzarətindədir. Ölkə Prezidenti dəfələrlə öz çıxışlarında demişdir ki, döyüşlərdə fədakarlıq göstərmiş şəhidlərin ailələri və qazilərimizin qayğıları hər zaman dövlətimizin diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar əməli tədbirlər həyata keçirir. Belə ki, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir. Ölkəmizdə çox uğurlu sosial siyasət həyata keçirilir və bu siyasətin tərkib hissəsi olaraq ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli istiqamətində ciddi işlər aparılır.  Dövlət başçısı hər zaman bu istiqamətdə xüsusi diqqət və qayğı göstərir. Son 4 il ərzində bu sahədə inqilabi islahatlar həyata keçirilib. Belə ki, məhz şəhid ailələri və müharibə əlillərinə verilən təqaüd və müavinətlər üç dəfəyə qədər artırılıb. Ötən ildə və bu ildə də ölkə Prezidentinin fərmanı ilə əlillərin müavinətləri artırılıb. Bu kateqoriyadan olan insanların nəinki müavinətləri, eyni zamanda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və avtomobillərlə təmin edilməsi istiqamətində ciddi iş aparılır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etməsinə töhfə verir. Azərbaycanda şəhid ailələrinə hər zaman diqqət və qayğı yüksək olub və bundan sonra da belə olacaq. Bu kateqoriyadan olan insanlara dövlət qayğısı həm də onu göstərir ki, Vətən yolunda öz canından, qanından keçən insaları nə dövlət, nə xalq unutmur, onlar daim dövlətin qayğısı ilə əhatə olunur.

Mikayıl HƏSƏNLİ

Yazı Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri" layihəsi çərçivəsində hazırlanıb