Advertisment

Qəhrəmanlıq

Müharibə döyüşlərdi, ədalətli müharibələrdə ruhun işğalçılıqla döyüşüdü. Ruhun işığında döyüşənlərin döyüşü qəhrəmanlıqdı. Min illərdi belədi. Torpaqlara sərhəd düşəli xalqın ruhu əsgərləşib. Ruhu əsgərləşən xalqın torpağa görə – Vətənə görə döyüş əzmi dönməz olub, qələbə ruhu kükrək, coşqun. Dədə Qorqud öyüdüylə yaşayan xalq torpağı əkib-becərib də, qoruyub da...

Dövlətçiliyin tarixi sərhədlərdən başlayır. Yadellilərlə döyüşlər də sərhəddən başlayır, qəhrəmanlıqların tarixinin başlanğıcı da sərhədlərlə bağlıdır. Döyüşlərlə yazılan tarix qüdrətdi. Yeniyetmələr bu qüdrətin işığında böyüyür, gəncləşir, cavanlar bu işığın əhatəsində əsgərləşir. Orta əsrlərdə də belə olub, xanlıqlar dövründə də, Cümhuriyyət vaxtında da. İmperiya 1920-ci ilin mayında Azərbaycanın dövlət müstəqilliyini ilhaq etmişdi, azadlıq, müstəqillik mübarizəsinin ruhunun üstündə yel əsdirə bilməmişdi. SSRİ dönəmində də xalq mübarizədəydi, Lefertofo, Sibir hədələrinə – imperiyanın xəyanət, qəddarlıq xislətinə görə bu mübarizə müəyyən həddə gizlinləşdirilmişdi, ruh yaşayırdı, ruh yaşadırdı. Ruhun yaşadılması da qəhrəmanlıq idi...

Ermənistan Moskvanın siyasi (gizlin, gizlin qiyafəsində aşkar!) dəstəyindən bəhrələnərək Dağlıq Qarabağı Azərbaycandan ayırmaq, öz ərazilərinə birləşdirmək üçün nələrə əl atmırdı?  Bunların qarşısını almaq da qəhrəmanlıq idi.

Bakıda ilk mitinqlər başladı. Xalqın azadlıq, müstəqillik mübarizəsi "Biz varıq!", - dedi, "Biz var olacağıq!", - dedi. Milyonların səsi ilə dedi, milyonların düyünlənən yumruqları ilə dedi. Bu da qəhrəmanlıq idi. SSRİ hökuməti bu coşqudan qorxdu, varlığını saxlamaq üçün Bakıya qoşun yeritdi. Xalq bu xəyanətin qarşısından geri çəkilmədi. İmperiya ordusunun hissələri milli-azadlıq hərəkatını dayandırmaq, coşqusunu söndürmək, xalqın ruhunu üyüşdürmək üçün Bakıda, iri şəhərlərdə qırğınlar törətdi. Xalq çəkinmədi, xalq geri çəkilmədi. Bu da qəhrəmanlıq idi...

Vətən dara düşəndə qəhrəmanlıq qınından sıyrılan qılınca dönür...

Qəhrəmanlıq qələbə deməkdi. Xalq döyüşçüsündən qələbə istəyir. Döyüşçü xalqın istəyini gerçəkləşdirmək üçün mümkünsüzü də qəhrəmanlığıyla mümkünləşdirir. Xalqın nəfəsi döyüşçünün kürəyini ruhən isidəndə, döyüşçü xalqın qayibanə səsini eşidəndə – "Qoluna qüvvət, igid!", zabit əsgərinin qələbə ruhunu bayraqlaşdıranda, əsgər sərkərdəsinə, sərkərdə əsgərlərinə güvənəndə qazanılır qələbə. Bu da qəhrəmanlıqdı...

Qəhrəmanlıq hamının edə bilmədiyini etməkdi – Vətən müharibəsində döyüşçülərimizin hamısı belə döyüşürdü, Vətən üçün döyüşürdü, döyüşçü yoldaşını mühafizə edərək döyüşürdü, bu döyüşlər qəhrəmanlıq idi. Döyüşçülərimiz düşmənin müdafiə sədlərini dağıda-dağıda döyüşürdülər, qəhrəmanlıq idi. İşğal olunmuş ərazilərimizin də gecələrinin nurlu səhərləri üçün döyüşürdülər, qəhrəmanlıq idi. Torpağın yaralanmaması üçün düşmənin gülləsini sinəsiylə soyudurdu, qəhrəmanlıq idi. Qəhrəmanlıq döyüşçü amalıdı, işğalın gətirdiyi siyasət dumanını dağıtmaq niyyətidi...

Birinci Qarabağ müharibəsində Vəzir Orucovun, Əliyar Əliyevin, Tofiq Hüseynovun, Albert Aqarunovun, İsgəndər Aznaurovun, ... döyüşlərini xatırlayıram. Bir də 1994-cü ilin 4 yanvarını, taqım komandiri Etibar İsmayılovu xatırlayıram:

Taqıma Nərgiztəpə  istiqamətində düşmənin arxasına keçmək, mühüm döyüş tapşırığını yerinə yetirmək əmr olunmuşdu. Əməliyyata başlama ərəfəsində qrup mühasirəyə düşmüşdü. Mühasirədən çıxmaq üçün döyüşmüşdülər.

Etibar İsmayılov cinahda vuruşurdu, düşmənin diqqətini özünə tərəf çəkib vuruşurdu ki, döyüşçülər mühasirəni yara bilsin. Düşmənin döyüş texnikalarından atılan mərmilərin qəlpələrindən üç döyüşçümüz şəhid olmuşdu, beş döyüşçü ağır yaralanmışdı. Etibar son çarə kimi tank əleyhinə qumbaranı götürüb düşmənin tankına tərəf getmişdi. Düşmən hiss etməsin deyə tanka sürünə-sürünə yaxınlaşmışdı. Anidən dikəlmişdi. Qubmara ilə birlikdə tankın altına atılmışdı. Düşmənin tankı alışmışdı... Qəhrəmanlıq idi!..

Vətən müharibəsindən əvvəl düşmənin səngərini çığnayan Mübariz İbrahimovun, Çingiz Qurbanovun qəhrəmanlığını xatırlayıram, Vətən müharibəsində hər döyüşü qəhrəmanlıq olan döyüşənləri, hər şəhidliyi Vətənə sevginin bayrağı olan döyüşləri xatırlayıram...

Mübariz İbrahimovun qəhrəmanlığı tarixi qəhrəmanlıqdır, azərbaycançılığın qəhrəmanlığıdır. Bu rəhrəmanlığı əsgər Çingiz Qurbanov, sonra baş leytenant Elvin Şükürlü təkrarladı......

Çingiz Qurbanov Tovuzda xidmət edirdi. Postları düşmənlə qabaq-qənşər idi, aradan nazik sulu çay axırdı. Bir gün Çingiz qarşıda düşmənin xırda tərpənişini hiss edincə kimsəyə heç nə demədən onların qarşısına tək getdi. Çayın o üzündə beş düşmənin qarşısına çıxdı. Dördünü öldürdü, beşinci ağır yaralandı. Az sonra o da öldü. Köməyə gələn ermənilər Çingizi vurdu. Düşmən Azərbaycan əsgərinin bu hünərindən uzun müddət vahimədə qaldı. Cənab Prezidentin müvafiq sərəncamı ilə Çingiz Qurbanova Azərbaycanın Milli Qəhrəmanı adı verildi...

Döyüş gedirdi. Düşmənlər inadla müdafiə olunurdu. Savaşın o üzündə döyüşənlərimiz üçün qələbə vardı. Qələbədən sonra işğalın son nəfəsi. O günü hamı gözləyirdi. Oğlu döyüşlərdə olan da, atası döyüşənlər də, şəhid balaları da, qardaşının şəhidliyini Vətənə sədaqət bilən bacılar da, şagirdlərindən soraq ala bilməyən müəllimlər də. Ordumuz qətiyyətlə döyüşürdü. Döyüşənlərimiz hər döyüşü son döyüş bilib döyüşürdü...

İki əsgər vardı – Ziyəddin, Kəramət. Hərbi xidmətə eyni gündə gəlmişdilər. Eyni taqımda xidmət edirdilər...

Müharibə başladı. Ziyəddin də, Kəramət də döyüşlərdəydilər. Füzuli istiqamətində döyüşürdülər. Komandirləri ikisinə və daha iki döyüşçüyə döyüşlə sol tərəfdən düşmənin diqqətini yayındırmaq əmri vermişdi. Həmin tərəfdə döyüşürdülər...

Ziyəddin hiss elədi ki, Kəramətin avtomatı susdu. Ona sarı süründü. Sürünə-sürünə səslədi. Kəramətin səsi gəlmədi. Bir də səslədi. Güllə səsləri içində səssizlikdən ürəyi sıxıldı. Güllələr papağını sıyırdı. Sürünə-sürünə dostuna yetişmək, onun hoyuna çatmaq istədi...

Dostunun gəlişini duyan Kəramət azca dikəldi. Elə bil gözlərinin işığı artdı. Həzin-həzin əsən meh ümidinin köynəyinə döndü, göynəyinin məlhəminə. Dirsəklənmək istədi. Ağrılar imkan vermədi. Son nəfəsində döyüşlər gedən tərəfə baxdı, sonra – Ziyəddinə...

Ziyəddin də, Kəramət də şəhid oldular. Qəhrəmanlıqla döyüşmüşdülər. Qəhrəmanlıqla şəhid olmuşdular...

Pilotlarımız...

Pilotlarımızın qəhrəmanlığı piyada döyüşçülərimizin qəhrəmalığı kimi deyil. Döyüşçülər qarşı-qarşıya vuruşur. Düşməni görür, atışa-atışa mövqeyinə sarı irəliləyir. Qələbə qazanır. Döyüşdə yaralanan da olur, onu döyüşdən çıxardan da. Yaralanan qətiyyətlə, əksəriyyəti qəhrəmanlıqla vuruşanda yaralanır, onu ölümdən xilas etmək istəyənlərin niyyəti də qəhrəmanlıqdır. Belə qəhrəmanlar Vətən müharibəsində onlarla qəhrəman döyüşçümüzün son nəfəsinə nicat oldu.

Pilotlarımızın döyüşü belə olmur. Min metrlərlə yüksəklikdə pilotun özü olur, idarə etdiyi döyüş təyyarəsi, döyüş helikopteri, bir də koordinatları verilmiş düşmənin hədəfləri. Uçur, düşmənin müdafiə sistemini, müdafiə sədlərini, komanda və qərargah məntəqələrini, döyüş texnikalarını, maşın karvanlarını, canlı qüvvəsini məhv edir. Bəzən düşmənin zenit atəşinə də məruz qalır.

Polkovnik-leytenant Ramiz Qasımov hərbi pilot idi. İkinci Qarabağ müharibəsi başlayanda döyüşənlərimizə Hərbi Hava Qavvələrimizin pilotları da dəstək verirdi. Müharibənin ilk günü Ramiz də döyüşlərə cəlb olunmuşdu. Ekipaj ilk döyüş əmrini yüksək peşəkarlıqla yerinə yetirmiş,
düşmənin iri qruplaşmasını darmadağın etmişdi. Bazaya qayıdırdılar. Tərtər rayonu istiqamətindəydilər. Qəflətən helikopter vuruldu. Ramiz Qasımov komandir kimi həmin anda heyət üzvlərinə (iki nəfər idi) tullanmağı (buna katapult deyirlər) əmr etdi. Özü helikopteri uzaqlaşdırmaqdaydı. Helikopter sürətlə, anbaan hündürlüyünü itirirdi. Ramiz hiss etdi ki, helikopter yaşayış məntəqəsinə düşə bilər. Bu anlar Ramizin düşmənin özü ilə deyil, onun atəşinin nəticəsi ilə son döyüşü idi. Helikopteri yaşayış məntəqəsindən uzaqlaşdırmağa çalışırdı. Anların ömrünü uzatmağa gücü çatacaqdımı? Çatdı. Ömrü bahasına çatdı...Helikopter Tərtər ərazisində boş sahəyə düşdü. Qəhrəmanlıq idi! Bu qəhrəmanlıq da yaşadılacaq!..

Qəhrəmanlıqlar tarixdə də yaşadılır, xatirələrdə də. Səməd Vurğunun misrasıdı: Biz sizdən öyrəndik qəhrəmanlığı! Bu misraları zaman-zaman yeniyetmələrimiz də deyəcək, gənclərimiz də...

 Rəşid FAXRALI