Advertisment

Düşənbədə Azərbaycan və Rusiya liderlərinin görüşü iki ölkə arasındakı əlaqələrinin gələcək trayektoriyası baxımından strateji önəm daşıyır

Son illərdə Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər fonunda Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması və yeni əməkdaşlıq platformalarının formalaşması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Tacikistanın paytaxtı Düşənbədə keçirilən son görüş Rusiya-Azərbaycan əlaqələrinin gələcək trayektoriyası baxımından strateji önəm daşıyır. Görüş, regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanan siyasətin güclənməsi istiqamətində atılan real addımlardan biri kimi qiymətləndirilə bilər. Görüşdə iki ölkənin liderləri arasında aparılan danışıqlar, təkcə ikitərəfli əlaqələrin dərinləşdirilməsi deyil, həm də regionda sülh və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli oldu. İlham Əliyevin görüşdəki çıxışları və verdiyi mesajlar onun regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə nə qədər strateji yanaşdığını bir daha göstərdi. O, Rusiya ilə münasibətlərin qarşılıqlı hörmət və qeyri-müdaxilə prinsiplərinə əsaslanmalı olduğunu vurğulayaraq, Azərbaycanın suverenliyinə və milli maraqlarına verdiyi önəmi diplomatik dillə geniş şəkildə izah etdi. Prezident Əliyev Rusiya ilə münasibətləri emosiyalara deyil, soyuq hesablanmış geosiyasi və iqtisadi maraqlara əsaslanan bir model üzrə idarə edir. Bu model bir tərəfdən regionda sülh təşəbbüslərinə dəstək verir, digər tərəfdən isə Azərbaycanın milli maraqlarını və strateji müstəqilliyini qorumağa xidmət edir. Düşənbə görüşündə də bu modelin davamlılığı bir daha təsdiqləndi. Düşənbə görüşü Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu mərhələdə İlham Əliyevin təcrübəsi, diplomatik çevikliyi və strateji baxışı həlledici rol oynayır. Onun rəhbərliyi ilə Azərbaycan, həm regional güc balansında öz yerini möhkəmləndirir, həm də beynəlxalq müstəvidə prinsipial, eyni zamanda əməkdaşlığa açıq siyasət yürütməklə nüfuz qazanır. Bu baxımdan Düşənbə görüşü təkcə diplomatik hadisə deyil, həm də İlham Əliyevin uğurlu xarici siyasət kursunun bir göstəricisi kimi tarixə düşür.


Əfsanə İbrahimova
YAP Şirvan şəhər təşkilatının üzvü