11-12 sentyabrda diplomatik korpusun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Qarabağın özünə və Zəngəzurun gündoğarına gerçəkləşən səfəri yerli medianın yerli-göylü, erməni mediasının yersiz, bir sıra digər xarici medianınsa normal surətdə diqqətində oldu. Bəzən bir səfər siyasi açıqlamadan daha çox söz söyləyir; bəzən yüzlərlə səhifə diplomatik yazışmanın söyləyə bilmədiyini bir yol, yenidən qurulan şəhər, doğma yurda qayıdan ailə söyləmiş olur – elə deyilmi?
Budur, 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyəti Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə oldu, bərpa-quruculuq işləri, sosial-iqtisadi infrastruktur və tarixi-mədəni abidələrlə tanış oldu. Ancaq səfərin özü qədər onun doğurduğu reaksiya – özəlliklə, Ermənistan informasiya məkanından gələn reaksiyalar da düşündürücüdür.
Erməni mediasının bir qismi Qarabağı “Azərbaycanın işğal etdiyi ərazi”, Şuşanı “işğal edilmiş Şuşi” kimi təqdim etməklə yanaşı, Avropa Birliyinin nümayəndəsinin, Fransanın səfirinin, ABŞ-nin müvəqqəti işlər vəkilinin səfərdə iştirakını, hətta diplomatların Şuşada yallıya qoşulmasını ayrıca “ittiham” mövzusuna çevirdi. – Deyirəm, hayların yaramazlarını nə qədər o yan-bu yana haylayırsan, yenə də həyasızlığın dərəcəsi azalmaq bilmir ki bilmir.
Burada çox sadə bir sual yaranır: Azərbaycan beynəlxalq səviyyədə tanınmış öz ərazisini necə “işğal” edə bilər?
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edirdi; üstəlik, artıq savaşsonrası mərhələdə Ermənistan rəhbərliyi də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlayıb.
Deməli, “Azərbaycanın işğal etdiyi Qarabağ” ifadəsi hüquqi təsvir olmadığı kimi, necə deyərlər, itirildiyi qəbul edilməyən keçmişin siyasi sözlüyündəndir. Məgər işğal olunmuş torpaqların gec-tez azad ediləcəyini təsəvvür etmirmişlərmi? – Xəritə dəyişməyib, ancaq uzun illər bəzi zehinlərdə (görünür, zehinsizliklərdə) onun dəyişdiyi təsəvvürü yaradılıb. – Görünür, problem də bax, elə buradadır.
Bəli, diplomatik korpusa yalnız Azərbaycanın mövqeyi danışılmadı – gördüyümüz işlər göstərildi. – Səfərin önəmini bəlkə bu nöqtədə – bizimki nöqtə deyil, nidadır deyib nidada axtarmaqda fayda vardır. – Baş nazir Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə.” kimi buraxma sözünü, Prezident Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi!” tutarlı sözünü, sonradan olanları çox yaxşı xatırlayırıq.
Budur, xarici diplomat Xankəndidə universitet, yeni infrastruktur və istehsal müəssisələri görür; Şuşada bərpa olunan tarixi şəhər mühitini və yeni yaşayış komplekslərini görür; Kəlbəcərdə, Ağdərədə ağgünləri, quruculuğun miqyasını müşahidə edir.
Başqa sözlə, diplomatiya konfrans masasından qalxıb əraziyə çıxır...
Uzun illər dünya Qarabağ haqqında əsasən hesabatlardan, siyasi açıqlamalardan və qarşılıqlı ittihamlardan bilgi alırdı. İndi Azərbaycan başqa bir yanaşma təklif edir: gəlin, görün. – Bu yanaşmaya niyəsiz-necəsiz baxış da demək olar. Minaları, dağıntıların yerində qurulan şəhərləri, yolları, məktəbləri, universiteti, tarixi-dini abidələri və ən başlıcası – qayıdan həyatı görün, həyatı!.. Prezident köməkçisinin səfər zamanı işlətdiyi “Seeing is believing” – “Görmək inanmaqdır” fikri əslində bütün səfərin fəlsəfəsini, kulturolojisini ifadə edir.
Bəs yallı niyə narahatlıq doğurur?
Şuşada diplomatların Azərbaycan yallısına qoşulmasının Ermənistan mediasında xüsusi hədəfə çevrilməsi ayrıca düşündürücüdür. Elə bil, işğalçıların ictimai, hərbi, sənət və başqa “xadim”ləri deyildi, 2020-ci ilin mayında Şuşada oynayıb-ağnayan, ağnayıb-oynayan...
Axı diplomatik tədbirdə yerli mədəniyyət örnəyinə qoşulmaq hər hansı dövlətin hüquqi mövqeyini dəyişmir. Bəlkə, problem rəqsin özündə yox, onun yaratdığı görüntüdədir? – Dünən savaşın rəmzlərindən biri olan Şuşada bu gün müxtəlif dövlətlərin diplomatları yanaşı dayanıb yallı gedirsə, həmin görüntü savaşsonrası gerçəkliyin adi yaşama çevrilməsini göstərmirmi? Bəlkə buna görə bir rəqs bəzi yorumlarda az qala diplomatik “cinayət” səviyyəsinə qaldırılır. Halbuki diplomatiyanın işi keçmişin yasını sonsuzadək saxlamaq olmamalıdır; diplomatiyanın işi mövcud gerçəkliyi görmək və gələcəklə işləməkdir. Bir də, hansı keçmişin, hansı yası və nə üçün?.. – İşğal davam etsəydi, hayların özününküləşdirməyə çalışdığı yallı oynamaq doğru olardı, eləmi? Dəmir Yumruğun yaratdığı yeni gerçəkliyi hay topluluğu sonuncu hüceyrəsinədək qəbullanmalıdır! – 2025-ci ilin avqustundan bəri tam şəkildə!
Ermənistan mediasının zamanla mübahisəsi heç bir gələcək vəd etmir, edə də bilməz. Bölgənin gələcəyi hayların savaşdan sonrakı gerçəkliyi qəbul etməsindən keçir; ancaq medianın müəyyən bölümünün hələ də Şuşanı “işğal edilmiş”, Qarabağı isə “Azərbaycan tərəfindən işğal olunmuş ərazi” adlandırması toplumu məzmunsuz keçmişə bağlayır. Xəyali gələcək gəlmədiyi kimi, qondarma keçmiş də doğrulmayacaq! Və nida!
Beləcə qəribə mənzərə yaranır: erməni hökuməti Azərbaycanla barışın gələcəyini müzakirə edir, medianın bir bölümü isə keçmişin qondarma xəritəsini redaksiyalarda yaşatmağa çalışır. Zatən barış yalnız sənədlə, xəritə ilə yaranmır. Barış üçün həm də dilin demilitarizasiyası lazımdır.
Yoxsa, sabah keçmişin coğrafiyasından gələcəyin coğrafiyasına keçid gec ola bilər. Bu gün diplomatların keçdiyi yollarla sabah turist, tələbə, iş adamı, yük maşını keçə bilər, keçməlidir də. Bugünkü siyasi xəritə sabahın iqtisadi işbirliyi xəritəsinə çevrilə bilər.
Bu torpaqlarda qurulan barış kimə nə qazandıracaq? – Sabahın əsas sualı belə olacaq.
Azərbaycan öz cavabını artıq quruculuqla verir.
Qarabağın dünənində dağıntı vardı, bu günündə tikinti kranları var. – Azadlıqdan abadlığa, işğal mədəniyyətsizliyindən qurtuluş quruculuğuna keçid bütün ərazi boyunca irəliləməkdədir. – Hər qarış minalardan təmizlənərək irəliləməkdən danışırıq; haylar həmin minaları unutmuşmu? – Hətta, hara nə qədər mina basdırdıqlarını bilirlər amma mina basdırma xəritələrini təkmil formada təslim etmirlər – xəritədən danışmaq lazımsa, buyursunlar, mina xəritələrindən danışsınlar, günahsız əsir-girovlarımızı harada toplu dəfn etdiklərinə dair xəritələri versinlər. Əgər bunları edə bilmirlərsə, tarixi ayıblarına, savaş suçlarına kor olub dursunlar.
Dağlı-aranlı Qarabağın, Zəngəzurun gündoğarının haqqında köhnə təsəvvürlərlə yeni Güney Qafqaz qurmaq mümkün deyil. Bunun üçün yeni siyasi düşüncə, yeni informasiya etikası və tanınmış sərhədlərə sayğı gərəkdir.
Əsl yallıda da, hayların özününküləşdirməyə çalışdığı yallıda da insanlar bir-birinin əlindən tutur. – Bəlkə Şuşadakı o yallının ən sadə, ən gözəl anlamı da elə budur. – Qafqazın, bölgəmizin, Avrasiyanın və Yer üzünün artıq yumruq sıxmaqdan çox, əl tutmağa ehtiyacı var. – Əl uzadana xeyirxah əl uzada, yumruq istəyənə Dəmir Yumruq göstərə bilirik – haylar özləri yaxşı bilir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI