Advertisment

“Qardaşlığımızı zədələyəcək fikirləri pisləyirik” –Türkiyədən Azərbaycana dəstək

Son günlərdə Türkiyənin media məkanında, ictimai-siyasi kuluarlarında, sosial şəbəkələrdə Azərbaycanla bağlı birmənalı qarşılanmayan, təəssüf doğuran fikirlər və kəskin yazılar artmaqdadır.

Bu neqativ tendensiya son aylarda dövri olaraq təkrarlansa da, indiki kimi intensiv və təhlükəli bir həddə çatmamışdı. Yaranmış bu arzuolunmaz mühit, iki strateji müttəfiq və qardaş dölkənin münasibətlərini ciddi risk qarşısında qoyur. Artıq Türkiyə vətəndaş cəmiyyətində də narahatlııq artıb. Baş verənlərə etiraz edənlərin sayı artır.

Rumeli-Balkan Strateji Araşdırmalar Mərkəzi mövzu ilə bağlı Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənliyə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“BMT Baş Assambleyasının iclasında soyqırımda ittiham olunan İsrailin Baş naziri Binyamin Netanyahunun çıxışı zamanı Azərbaycanın nümayəndəsinin zalı tərk etməməsi ilə bağlı Türkiyədə bəzi çevrələr tərəfindən səsləndirilən tənqidləri Türkiyə-Azərbaycan qardaşlığını zədələməyə yönəlmiş fikirlər kimi qiymətləndiririk.

Hər sahədə getdikcə güclənən əməkdaşlığımız və “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edən Türkiyə-Azərbaycan qardaşlığı gündəlik siyasi müzakirələrə, sosial media paylaşımlarına və yalnız bir görüntü üzərindən aparılan şərhlərə endirilə bilməz.

Çoxşaxəli və strateji xarakter daşıyan münasibətlərimizə kölgə salmağa heç kimin gücünün çatmayacağına inanırıq. Türkiyə ilə Azərbaycan arasındakı siyasi, tarixi, milli və mənəvi bağları zədələyəcək qərəzli fikirləri pisləyir, hər kəsi sağlam düşüncəyə və təmkinli olmağa çağırırıq. Azərbaycan türklərini sevgi və hörmətlə salamlayırıq”.

Müraciəti  Rumeli-Balkan Strateji Araşdırmalar Mərkəzinin (RUBASAM) başqanı Süheyl Çobanoğlu və qurumun sədr müavini Halid Gökalp Küçük imzalayıb.

Yunis İsrəfilov