İqtisadiyyat nazirinin müavini Anar Axundov İndoneziyanın investisiyalar və aşağı axın sənayesi nazirinin müavini və İnvestisiyaların Koordinasiyası Şurasının sədr müavini, “Pertamina” şirkətinin Müşahidə Şurası sədrinin müavini Todotua Pasaribu ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Herbiand.az -a bildirilib ki, görüşdə Azərbaycan və İndoneziya arasında enerji, neft-kimya, sənaye, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi, SOCAR ilə “Pertamina” arasında birgə layihələrin həyata keçirilməsi, həmçinin Qarabağın bərpası prosesində İndoneziya şirkətlərinin iştirakı məsələləri müzakirə olunub.
Azərbaycanın sənaye zonalarında və Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış imkanlar barədə məlumat verilib, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə iştirak, dövlət-özəl tərəfdaşlığı, bərpaolunan enerji, logistika və təhsil sahələrində işbirliyi perspektivləri diqqətə çatdırılıb.
Tərəflər iqtisadi-ticarət sahəsində birgə fəaliyyətin gücləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
1957-ci ildə yaradılmış “Pertamina” şirkəti İndoneziyanın dövlətə məxsus enerji şirkətidir. Şirkət neft və təbii qazın kəşfiyyatı və hasilatı, emalı, neft-kimya, enerji məhsullarının təchizatı və paylanması sahələrində fəaliyyət göstərir.