Advertisment

NASA astronavtlar üçün Ayda kosmik baza qurmaq niyyətindədir

NASA-nın rəhbəri Cared İsaakmanın sözlərinə görə, Birləşmiş Ştatlar gələcəkdə Aya Beynəlxalq Kosmik Stansiyanın (BKS) analoqu olan uzunmüddətli missiyalar göndərə biləcək.

Herbiand.az NASA-nın məlumatına istinadla xəbər verir ki, İsaakman jurnalistlərə deyib: “Məqsəd Beynəlxalq Kosmik Stansiyadakı astronavtların uzunmüddətli qalmasına bənzər şəkildə Ayın cənub qütbündə yaradılacaq baza qurmaqdır. BKS-də astronavtlarımız dörddəbir əsrdən çoxdur ki, tədqiqatlar aparırlar və biz bu təcrübəni Ayın səthinə köçürməyə çalışırıq”.

ABŞ kosmik agentliyinin rəhbəri xatırladıb ki, NASA 2028-ci ildə “Artemis 4” missiyasının bir hissəsi olaraq astronavtları Aya endirməyi planlaşdırır. O əlavə edib: “Prezident Donald Trampın milli kosmik siyasətlə bağlı mövqeyi ondan ibarətdir ki, biz sadəcə Aya bayraqlar sancmaq və ayaq izləri qoymaq məqsədilə getməyəcəyik, əksinə, başqa bir dünyada - Ay bazasında ilk insan forpostunu yaratmaq üçün orada qalacaq və mövcud olacağıq. Buna görə də iki fərqli eniş aparatı üzərində işlər aparılır. Onlardan biri “SpaceX”, digəri isə “Blue Origin” tərəfindən hazırlanır”.

İsaakman qeyd edib ki, NASA astronavtları təkbaşına Aya endirə bilməyəcək; bu, özəl aerokosmik şirkətlərlə əməkdaşlıq tələb edəcək.