Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti “Samruk-Kazına” Milli Rifah Fondunun və “Qazaxıstan Dəmir Yolları” milli şirkətinin rəhbərlərini saxlayıb.
Herbiand.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2026-cı il noyabrın 11-də “Samruk-Kazına” SC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov, eləcə də “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Yeljas Otınşiyev və digər şəxslər korrupsiya cinayətində şübhəli bilinərək saxlanılıblar.
Məlumatda qeyd olunub ki, hazırda iş üzrə bütün halların müəyyənləşdirilməsi məqsədilə istintaq hərəkətləri aparılır.
Açıqlamada vurğulanıb ki, Qazaxıstanın Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq, məhkəməyədək istintaqın gedişi barədə digər məlumatlar açıqlanmır.
Qeyd edək ki, “Samruk-Kazına” Qazaxıstanın ən iri dövlət aktivlərini idarə edən milli rifah fondudur. “Qazaxıstan Dəmir Yolları” isə ölkənin əsas dəmir yolu operatorudur. Nurlan Jakupov 2023-cü ilin aprelindən “Samruk-Kazına”ya, Yeljas Otynşiyev isə 2026-cı il iyulun 20-dən “Qazaxıstan Dəmir Yolları”na rəhbərlik edir.