Advertisment

Rusiya Avropadan silah istehsalı üçün vacib xammal alır

İrlandiyadan Rusiyaya silah istehsalında istifadə edilə bilən alüminium oksidi ilə yüklənmiş gəmi yola düşüb.

Herbiand.az bildirir ki, bu barədə The Independent nəşri xəbər verir.

Qərbi İrlandiyada yerləşən Aughinish Alumina şirkəti Avropanın ən böyük alüminium oksidi istehsalçısıdır. Oradan müntəzəm olaraq Rusiya limanlarına yük göndərilir.

İrlandiyalı millət vəkili İvana Baçik bildirib ki, bu xammal açıq şəkildə hərbi istehsalda istifadə olunur: “İrlandiyanın Putinin müharibə maşınına hətta dolayı yolla töhfə verməsi qəbuledilməz olardı”.

İrlandiya hökumətinin naziri Nayall Kollins xammalın hərbi təchizat zəncirlərinə düşməsi barədə heç bir dəlil olmadığını bildirib. Eyni zamanda, hökumət alüminium oksidi təchizatı ilə bağlı araşdırmanın nəticələrini açıqlamaqdan imtina edib.

Aughinish Alumina şirkətinin nümayəndələri məhsullarının Rusiya hərbi təchizat zəncirləri ilə heç bir əlaqəsi olmadığını iddia ediblər. Onlar bildiriblər ki, aylıq auditlər aparmaq, nəzarəti gücləndirmək və İrlandiya hakimiyyət orqanlarına hesabat vermək üçün müstəqil şirkət cəlb ediblər.

Bəxtiyar CƏFƏRLİ