Noyabrın 19-da yenidən qurulmuş Xankəndi stadionunun açılışı olacaq. Stadionda “Xankəndi”-“Karvan-Yevlax” oyunu baş tutacaq. Herbiand.az xəbər verir ki, oyun öncəsi tanınmış idman şərhçisi İlkin Xəlilov maraqlı təkliflə çıxış edib. İlkin Xəlilov özünün feysbuk statusunda yazıb:

“Noyabrın 19-da Azərbaycan futbolu adına tarixi gün olacaq. Müstəqillik dövründə ilk dəfə Xankəndi stadionu bir (yanvardan iki) klubun ev oyunları üçün arena kimi təqdim olunacaq. Sovet dövründəki Stepanakert "Qarabağ"ının 99 faiz ermənilərdən ibarət olduğunu nəzərə alsaq, ilk dəfə təmiz Azərbaycan klubları Xankəndini təmsil edəcək: “Xankəndi" FK və MOİK. Gözəl hadisədir. Noyabrın 19-da keçiriləcək "Xankəndi"-" Karvan Yevlax" matçı üçün bir təklifim var.
Bu oyunda Xankəndi futbolunda izi olan 3 şəxsin rəmzi iştirakı əla olar. Sovet dövründə Xankəndi klubunda oynamış son iki azərbaycanlı Munis Abdullayev və Samir Ələkbərov, həmçinin Xankəndində doğulmuş, futbolun sirlərini burada öyrənmiş, sonradan Ağdam "Qarabağ"ında oynamış Emin Salmanov.
Munis Abdullayevə noyabrın 19-dakı oyuna hakim-inspektor kimi təyinat verilə bilər, Samir Ələkbərovla Emin Salmanov isə oyuna mərkəzdən başlayar bilər. Azərbaycan futbolunun 38 ildən sonra Xankəndiyə qayıdışının simvolik rəmzi olaraq. İndi son qərar Peşəkar Futbol Liqasınındır”.
Vətəndaş cəmiyyətinin fəalı Xəzər Teyyublu teleaparıcının təklifinə dəstək verib: “Noyabrın 19-da Xankəndi stadionunda keçiriləcək açılış mərasimində Xankəndi futbolunun yetirmələrindən birinin rəmzi iştirakı təmin olunmalıdır.İlkin Xəlilovun səsləndirdiyi təklif olduqca yerindədir və bu təşəbbüsün dəstəklənməsini vacib hesab edirəm.

Emin Salmanov müxtəlif dövrlərdə “Neftçi”də məşqçi kimi çalışıb, komandalarını ölkə çempionluğuna daşıyıb.
Xankəndi futbolunda öz izi olan, bu şəhərdə doğulub futbolun sirlərinə yiyələnmiş Emin Salmanovun stadionun açılışına dəvət olunması və veteran futbolçu kimi ilk topa toxunuşu etməsi həm mənəvi, həm də tarixi baxımdan xüsusi əhəmiyyət daşıyar. Emin Salmanov özü bu təşəbbüsü irəli sürməkdən çəkinə bilər, lakin bu, onun həmin mərasimdə iştirak etmək haqqını dəyişmir”.
X.Teyyublu əlavə edib ki, Azərbaycan futbolunun Xankəndiyə qayıdışı tarixi hadisədir və noyabrın 19-da keçiriləcək mərasimdə Xankəndinin yetirməsi olan bir futbol veteranının ilk topa toxunması bu qayıdışın yaddaqalan rəmzlərindən birinə çevrilə bilər.
Aydın