Əlinə qələm alıb qəhrəman şəhidlərimiz haqqında yazı hazırlamaq çox çətindir. Əlbəttə, onlar bizim qürurumuz, fəxrimizdirlər. Amma qəlbimizin, həm də ağrıyan bir köşəsi var. O da bizi göynədir, çox yandırır. İgid oğullarımızın geridə qoyduqları ömür-gün yoldaşlarını dinlədikcə isə kədərin içində daha da üzülürük. Onları ovutmağa nə sözümüz yetir, nə də gücümüz...
Bəzən şəhid xanımlarının xatirələrini vərəqləyirəm. Hər sətrində bir həsrət, bir nisgil var. Yazılan hər kəlmədən bu gün yaşadıqlarını görməmək mümkün deyil.
Bu həyatda yarımçıq tale bu qəhrəmanımın da ömrünə nə yazıq ki, yazıldı. Cəsur qardaşımız da vətəninə qəlbən bağlı olub, vətən sevdalısı idi. Vətən sevgisi uşaqlıqdan onun qəlbinə hakim kəsilmişdi. Söhbət Vətən müharibəsinin qəhrəman döyüşçülərindən olan hərbi qulluqçu Rəfail Əhmədağa oğlu İşiyevdən gedir.
Rəfail İşiyev 1979-cu il sentyabrın 4-də Cəlilabad şəhərində müəllim ailəsində dünyaya gəlib. Rəfail ömrünün 16 ilini orduda keçirib, PDM (BMP) mütəxəssisi olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Yüksək peşəkarlığına görə bir neçə dəfə hərbi paradlarda iştirak edib, medallarla təltif edilib. Belə ki, Rəfail İşiyev hərbi xidmət dövründə xüsusi keyfiyyətlərinə, əməliyyatlarda göstərdiyi şücaətlərə görə, III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları ilə təltif edilib.
Vətən müharibəsində Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərdə idarə etdiyi BMP vurulub. Yaralandıqdan 2 gün sonra yenidən döyüşlərə qatılıb. Yaralı döyüş yoldaşının BMP-sini idarə edərək Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. Növbəti dəfə yaralanıb. Buna baxmayaraq, bir müddət sonra yenidən erməni qəniməti olan 3-cü BMP ilə döyüşlərə qatılıb. 2020-ci il 3 noyabr tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün Rəfaildən iki gül balası yadigar qalıb. Rəfail mehriban, qayğıkeş, ailəsinə bağlı bir ata olub. Övladları ilə bağlı arzuları çox idi. Onları vətəninə, elinə-obasına bağlı, savadlı, bacarıqlı əsl vətəndaş kimi görmək istəyirdi. Bu gün onun bu arzularını həyat yoldaşı Sevda xanım gerçəkləşdirir. Övladlarını atalarının arzuladığı bir övlad kimi tərbiyə edir. Rəfailin yoxluğu onun üçün çox çətin olsa da, çalışır ki, övladlarına bunu hiss etdirməsin:
“Həyat yoldaşım ailəsinə qarşı çox qayğıkeş idi. Yaxşı qardaş, layiqlı övlad, vəfalı ər, nümunəvi ata idi. Hər şeyin yaxşısını ailəsi, doğmaları üçün edərdi. Ömür-gün yoldaşım olmaqla yanaşı, mənə həm dost, həm qardaş, həm də arxa-dayağım olmuşdu. Övladlarımız Hüseyn və Mehti ilə söhbət edərkən onlara qoşulub həvəslə fikirlərini bölüşər, dost kimi ünsiyyət qurardı, sanki uşaqlaşardı. Belə məqamlarda öz nəsihətlərini verməyi də unutmazdı. Bu gün övladlarıma atalarını əvəz edə bilməsəm də, çalışıram mən də nəsihətlərimlə onları düzgün yola istiqamətləndirim, istəklərini həyata keçirim”.
Sevda xanım düşünür ki, Rəfailin vətənə olan sevgisi onlara, doğmalarına olan sevgisindən qat-qat çox idi:
“Vətən eşqi ilə üz tutmuşdu cəbhəyə. Vətən eşqi ilə döyüşürdü mənfur erməni faşistləri ilə. Üç dəfə ağır yaralanmağına baxmayaraq, ön xətti tərk etmir, döyüşləri davam etdirirdi. Noyabrın 1-də, son dəfə hərbi əməliyyata yola düşməzdən əvvəl bir gecəlik evə gəldi. Bu onun ailəsinin yanına sonuncu gəlişi oldu. Sonuncu dəfə oğulları ilə söhbətləşdi, dərslərə ciddi yanaşmaqlarını tapşırdı. Böyük oğlumuz Hüseynə polis, kiçik oğlumuz Mehtiyə həkim peşələrinə yiyələnməyi məsləhət gördü. Hər ikisinə möhkəm sarıldı və Hüseynə “Ailəmizi sənə əmanət edirəm, oğlum. Əminəm ki, gözüm arxada qalmaz” – söylədi. Mənimlə də sağollaşıb, halallıq aldı. Bir-birimizə möhkəm sarıldıq. Mənə “Uşaqlar sənə əmanətdir, Sevdam” – dedi. Mən də “Yolunu gözləyirik” – deyib onu yola saldım”.
Bu görüşlərinin son olacağını ağlına belə gətirməmişdi Sevda xanım. Amma buna baxmayaraq, qəlbindəki qorxu da onu rahat buraxmırdı:
“Rəfaili yola salanda içimdə çox narahat idim. Amma ölümünü qəti yaxına buraxmırdım. Onsuz da hər günüm səksəkədə idi. Noyabrın 3-də zəng gəldi. Qaynım idi. Beyləqanın bombalanma təhlükəsi olduğunu söylədi və tez bir zamanda rayona gəlməyimizi istədi. Mən isə hələ də tərəddüd edirdim. Rəfailə deməmiş, ondan xəbər tutmamış necə gedəydik? Nə biləydim ki, acı xəbər artıq qonşulara da çatıb. Onlar bəd xəbəri məndən gizlədib maşın tutdular, bir-iki əşyamızı maşına yerləşdirib yola saldılar. Qaynatamgilin evinə yaxınlaşanda rayon camaatını qapımızın qarşısında gördüm. Ürəyim sıxıldı... Hamının diqqəti məndə və övladlarımda idi. Qəribə baxışları var idi ətrafdakıların. Bu baxışların mənasına varmadım... Acı xəbərdən bixəbər idim. Həqiqəti biləndə... Yer sanki aralandı ayaqlarım altında. Göylər bütün ağırlığı ilə çökdü çiyinlərimə... Sonuncu dəfə ömür-gün yoldaşımla, ən yaxın sirdaşımla vidalaşmağa razılıq verdilər. Nəşini qucaqladım. Heç cür inanmaq istəməsəm də, Rəfail bizi tərk etdi... Həmişəlik tərk etməklə qəlbimizdə özünə əbədi yer tapdı”.
Sevda xanım deyir, döyüş yoldaşları Rəfailin igidliyindən, qəhrəmanlığından yorulmadan danışırlar. Vətənə tükənməz sevgisindən söhbət açırlar:
“Döyüş yoldaşları hər zaman Rəfaili böyük hörmətlə yad edirlər. Mən və övladlarım fəxr edirik ki, belə bir insan həyat yoldaşım, atamız olub, Vətən torpaqlarının azadlığı uğrunda canını qurban verib. Vətən eşqi ilə ucalıb şəhidlik zirvəsinə. Təsəlli tapırıq ki, yatdığı yer cənnətdir. Rəfail taleyinə yazılmış şəhidliyi ilə əbədiləşdi, amma ölən mən oldum həyatda... Yarımçıq qalmış arzularının hansı birini sayım? Oğullarını savadlı, təhsilli, uğurlu görmək istəyirdi Rəfail. Hər birini ailə sahibi, ev-eşik sahibi kimi görmək istəyirdi... Mənimlə baş-başa verib qocalığında nəvələrinin nazı ilə oynamaq istəyirdi... Amma puç oldu xəyalları, arzu və istəkləri yarımçıq qaldı Rəfailimin”.
Rəfailin ailəsilə xoş günləri, sevgi dolu anları bu gün artıq xatirələrdə anılır. Sevda xanım bu xatirələrin işığında təsəlli tapır, ayaqda qalmağa çalışır:
“Ən xoş xatirələrdən biri də müharibədən əvvəl, sentyabrın 2- də övladlarımızla birgə Gəncədə keçirdiyimiz istirahətimizlə bağlıdır. Onun dilə gətirdiyi düşüncələr, gözlərindəki nur, mülayim baxışları yaddaşıma əbədi həkk olub. Tamamilə fərqli göründü mənə Rəfail həmin gün. Sanki ürəyinə dammışdı, bu sonuncu ailəvi istirahətimizdir...
Övladlarıma nəsihət edirəm: atanız üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarda ucaldıb şəhidlik zirvəsinə yüksəldi. Şəhidlik əbədiyyətin ən yüksək zirvəsidir. Siz də onun adını daim yüksəklikdə tutun. Onun yarımçıq qalmış arzularını gerçəkləşdirin. O zaman atanızın ruhunu şad etmiş olarsınız...”
Elnurə İSAXAN
Gənc nəslin milli mənlik şüurunun inkişaf
etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi