Advertisment

Vuqar BAYRAMOV: “Qarabağ və Şərqi Zəngəzurda 10 illik vergi güzəştləri tətbiq olunub”

Bu gün regionların inkişafı ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından təcrid edilmir. Əksinə bu strategiyanın mühüm tərkib hissəsi kimi baxılır. Regionların inkişafı üzrə ayrıca hazırlanaraq icra edilən dövlət proqramları bunu təsdiqləmiş olur.

Millət vəkili Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib ki, regionların inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdəndir:

“Nəzərə alsaq ki, məhz regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının qəbul edilməsində də məqsəd bütövlükdə regionların inkişafına xüsusi yanaşmanın təqdim olunmasıdır. İndiyədək regionların inkişafı ilə bağlı bir sıra vacib layihələr həyata keçirilir. O cümlədən sənaye məhəllələrinin, sənaye parklarının və qrup parkların yaradılmasında məqsəd regionların inkişafının yaxından dəstəklənməsi idi. O baxımdan da bu istiqamətdə layihələr davam edir”.

Millət vəkili bildirib ki, əsas məqsəd daha çox məşğulluğu dəstəkləyən və yeni iş yerlərinin yaradılmasına xidmət edən layihələrin reallaşdırılmasıdır. Və hesab edir ki, buna görə də bu kontekstdə fəaliyyətlər davam edəcək. Vüqar Bayramov müsahibəsində, həmçinin regionların inkişafı ilə bağlı təşviq alətlərinin də tətbiq olunduğu qeyd edib:

“Bu alətlər xüsusən də vergidən azad olunmaqla bağlıdır. Belə ki, regionlarda fəaliyyət göstərən sənaye parklarında, sənaye məhəllələrində, eləcə də aqroparklarda uzunmüddətli vergi güzəştləri var. Qarabağ və Şərqi Zəngəzurda 10 illik vergi güzəştləri tətbiq olunub. Məqsəd bölgələrimizə daha çox investisiyanın cəlb edilməsinə nail olunması, sahibkarların təşviq edilməsi və bununla da bölgələrimizdə sərmayə portfelinin genişləndirilməsidir. Çünki bu, bütövlükdə daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq ki, bu da təbii ki, regionlarla Bakı arasındakı fərqin minimumlaşdırılması baxımından vacibdir”.

Millət vəkili regionlarda, xüsusən də infrastrukturun formalaşması kontekstində yerli xarici sərmayənin cəlb edilməsi və infrastrukturun dəyərə çevrilməsi prosesinin sürətləndirilməsinin də mühümlüyünə diqqət çəkib. Bildirib ki, regionların bazara çıxış imkanlarının artırılması da vacib məqamlardandır:

“Çünki bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Eyni zamanda çox mühüm məqamlardan biri də bölgələrdə fəaliyyət göstərən sahibkarların fəaliyyətlərinə yersiz müdaxilələrin tamamilə aradan qaldırılması, hər hansı sahibkarlıq fəaliyyətinin bu istiqamətdə təşviq edilməsi və süni baryerlərin minimumlaşdırılmasından ibarətdir. Bu istiqamətdə də yerli idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlər davam etdirilir. Bunlar təbii ki, imkan verəcək ki, bütövlükdə bölgələrdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına nail olmaq mümkün olsun”.

İqtisad eksperti Eyyub Kərimli artıq bir neçə ildir ki, ölkəmizin regionun sosial-iqtisadi beş illik proqramının qəbul olunduğuna və sonuncu proqramın 2019-cu  ildə 2019-2022-ci  illəri əhatə etdiyinə diqqət çəkib. Qeyd edib ki, bu proqramın qəbulu əsasən regionların tarazlı inkişafının təmin edilməsi və paytaxtla regionlar arasında iqtisadi inkişaf fərqinin kəskin azaldılmasına əsasən həsr edilmişdir:

“2023-cü ildə bu proqramın icrası yekunlaşıb və müəyyən problemlər olsa da, ümumiyyətlə, həmin proqramın tətbiq edilməsini müsbət qiymətləndirmək olar. Belə ki, bu proqramın icrası nəticəsində demək olar ki, 80 faiz regionlarımızın mərkəzi büdcədən maliyyələşməsinə son qoyulmuşdu. Regionlar artıq öz maliyyə sisteminə keçmişdir. Və bu da onu deməyə əsas verir ki, artıq regionlarımızda sosial-iqtisadi inkişaf müəyyən formada təmin edilib. Baxmayaraq ki, hazırda regionlarımızda paytaxtla müqayisədə yenə də müəyyən əmək haqqı və digər istiqamətlər üzrə fərqlər var. Lakin hesab edirəm ki, digər proqramlar vasitəsilə də regional inkişaf stimullaşdırılır. Burada kənd təsərrüfatına ayrılan subsidiyaları, əkin sahələri üçün tətbiq edilən güzəştləri qeyd etmək olar.  Digər tərəfdən, hesab edirəm ki, bu gün ölkədə əsas problemlərdən biri regionun sosial-iqtisadi inkişafı ilə bağlı tətbiq edilən güzəştlərlə bağlı təşviqat problemləridir. Bəzən regionlarda fəaliyyət göstərən fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən subyektlər bəzi güzəştlərdən bəhrələnə bilmir və ya onların müəyyən, sənədləşmə problemləri baş verir. Bu da sözsüz ki, bu məsələyə öz təsirini göstərir. Və bu baxımdan hesab edirəm ki, təşviqat işlərinə daha geniş yer ayrılmalıdır. Burada həm QHT lərin, həm də KİV- lərin imkanlarından istifadə olunmalıdır.

Eyyub Kərimli bu gün regionlarımızın əsas problemlərindən biri kimi yerlərdə yem istehsalının, örüş yerlərinin azaldılması olduğunu bildirib:

“Daha çox bu sahənin əkinə verilməsidir və bu da əlbəttə, bizə maldarlıq sahəsində müəyyən problemlər yaradır, ət istehsalını məhdudlaşdırır. Və bu baxımdan hesab edirəm ki, bu gün əsasən heyvandarlıq sahəsinə geniş şərait yaradılmalıdır. Düzdür, bununla bağlı dövlətin müəyyən proqramları həyata keçirilir, yem idxalı ƏDV-dən azad edilib. Lakin hesab edirəm ki, əsasən də iri və xırda buynuzlu heyvandarlıqla məşğul olan sahibkarlıq subyektinə müəyyən güzəştlər edilməsinə, həmçinin örüş yerlərinin genişləndirilməsinə ehtiyac vardır. Eyni zamanda irriqasiya sistemlərinin tətbiq edilməsi də vacibdir”.

Ekspert hesab edir ki, kənd təsərrüfatı sahəsində emal sənayesinin inkişafına da daha çox diqqət ayrılmalıdır. Qeyd edib ki, bəzən fermerlərimizin istehsal etdiyi məhsullar satış problemləri yaşayır və onlardan əlavə dəyər yarada bilmirlər. Bu da onların müəyyən müddətdə məhsullarının xarab olmasına və maliyyə itkisilə üzləşməsinə səbəb olur.

Eyyub Kərimli, həmçinin kənd təsərrüfatında yeni innovativ texnologiyaların tətbiqinə də geniş ehtiyac olduğunu diqqətə çatdırdı.

Elnurə İSAXAN

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi