Advertisment

“Neqativ hallara yol verən məktəblilər qanuni şəkildə cəzalarını çəkməlidirlər”

Cəmiyyətin inkişafı, gələcəyi onun yetişdirdiyi gənc nəsildən asılıdır. Məlumdur ki, uşaq hansı mühitdə böyüyürsə, o mühitin xarakteri birbaşa onun tərbiyəsində önəmli rol oynayır. Maraqlıdır, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı qənaətbəxşdirmi? Son zamanlar məktəblilər arasında yaşananlara nəzər salsaq, bu istiqamətdə bir sıra boşluqların olduğunu sezə bilərik. Mövzu ilə bağlı suallarımızı sosioloq Lalə Mehralı cavablandırarkən qeyd etdi ki, çox təəssüflər ki, bəzi neqativlərdən yan keçmək mümkün deyil.

  • Lalə xanım, gənclərin fiziki və mənəvi inkişafında bu gün daha çox hansı problemlərlə üzləşirik?
  • Gənclərin fiziki və mənəvi inkişafı üç mərhələli şəkildə aparılmalıdır. Əslində ailədə, məktəbdə və cəmiyyətdə. Bu gün buna nə qədər nail oluruq bunun özü mübahisəli məsələdir. Çünki ailədə keyfiyyətli bir fərd yetişdirdiyimiz uşaq ya cəmiyyətdə problemlərlə qarşılaşır, ya məktəbdə uyğun olmayan çevrəyə düşə bilir. Ona görə konkret olaraq deyə bilmirik ki, həm fiziki, həm mənəvi baxımdan uşağımızı hazırlayıb cəmiyyətə, məktəbə göndərdik və artıq biz rahatıq. Yəni bundan tam arxayın ola bilmərik. Çox təəssüf ki, eləcə də bunun əksi olaraq ailədə yaxşı tərbiyə almır. Və həmin uşaq məktəbdə kifayət qədər normal formada yetişdirilə bilər. Amma günün sonunda, nəhayət ki, qayıdıb ailəsinə gəlir. Məktəbdə verilən təlim-tərbiyə ailədə öz təsirini itirə bilər. Bu səbəbdən də hərtərəfli olmalıdır. Bizim keyfiyyətli şəkildə yetişdirdiyimiz övladımız məktəbdə, evdə, universitetdə cəmiyyət tərəfindən də təsirə məruz qala bilər. Yaxşı və ya pis mənada. Ona görə hərtərəfli olmalıdır. Üçbucağın hər küncündə bir tərəf dayanır: ailə, məktəb və cəmiyyət. Hər üçü bir- birilə kontakt şəkildə işləməli və hər üçü bir-birin dəstəkləyəcək təsirlər göstərməlidir. Əgər hər hansı bir tərəf dəstəkdən kənara çıxırsa, təsirini göstərmirsə, bax o zaman burda problem yaranır. Problemlər də bir deyil, iki deyil, zərərli vərdişlər var, zərərli yoldaşlar var. Ona görə hesab edirəm ki, əgər nəyəsə nail olmaq istəyiriksə, gənclər üzərində mütləq şəkildə vəhdətli kontakt lazımdı.
  • Məktəblilər arasında neqativ hallar baş verir. Yaxın keçmişə nəzər saldıqda təəssüf ki, bunun şahidi oluruq. Xoşagəlməz halların aradan qaldırılması istiqamətində sizcə hansı tədbirlər fəaliyyəti həyata keçirilməlidir?
  • Məktəblilər arasında neqativ halların baş verməsi birdən-birə yaranmayıb. Bu vəziyyətə gəlmək üçün bizim qarşımızda onilliklər var idi. Biz 10 il bundan əvvəl bu barədə artıq yazırdıq, fikir bildirirdik. Sadəcə o zaman buna o qədər də ciddi yanaşılmadı ki, biz bu gün belə xoşagəlməz hallarla rastlaşırıq. Çox təəssüflər ki, bəzi məktəblilər səhv olduqları halda öz doğrularını təlqin etməyə çalışırlar. Əgər bunun qarşısı alınmasa, getdikcə daha acınacaqlı vəziyyət yarana bilər. Belə halların baş verməməsi üçün ciddi formada tədbir görmək mütləqdir. Neqativ hallara yol verən məktəblilər qanuni şəkildə cəzalarını çəkməlidirlər. Çünki məsələn, bulinq edən məktəbli əgər cəza almasa, sabah başqa biri bunu təkrarlayacaq. Düşünəcək ki, o biri onsuz da cəzalandırılmadı, mənə nə edəcəklər? Dövlət mənə cəza nəzərdə tutmayıb. Məhz mənə nə edəcəklər fikri məktəblilərin düşüncəsindən silinməlidir. Hər bir məktəbli bilməlidir ki, bu işi edərsə, onu nə gözləyə bilər. Bunun məsuliyyətə cəlb olunmaqla həll edilməsi düşünürəm daha yaxşı nəticə verə bilər. Bir sözlə, elə bir sistem yaradılmalıdır ki, o uşaqlar da elədiyinin məsuliyyətini dərk etsin. Fikirləşsin ki, əgər mən bullinq edərəmsə, öz yoldaşımı qarşı əl-qol hərəkətilə hər hansı bir xəsarət yetirərəmsə, bunun cəzası bax budur. Hüquq mühafizə orqanları məktəblərdə ciddi formada monitorinqlər aparmalı, reydlər keçirməli və təlimlər təşkil etməlidirlər. Necə ki, narkomaniya ilə mübarizə məqsədilə təlimlər təşkil olunur, həmçinin zorakılıq edən uşaqlarla da görüşlər keçirilməlidir ki, onlar öz məsuliyyətlərinin fərqində olsunlar.
  • Yaranan problemlrin həlli istiqamətində hansı fəaliyyətlər həyata keçirilir?
  • Mən daha çox fəaliyyətsizlik müşahidə edirəm. Çünki gənclər evləri modelini fikirləşin. Dövlət o evlərdə gənclərin fiziki və mənəvi inkişafı üçün hər şəraiti qurdu. Amma siz kiçik bir araşdırma aparın. Nə qədər gənc bu mərkəzlərin fəaliyyətindən yararlana bilir. Bu gənclər evlərində kifayət qədər çox məşğuliyyət növləri var. Kifayət qədər potensial baza var. Amma gənclər bu imkanlardan istifadə edə bilmir. Nə kitabxanasından, nə kompüter klubundan, nə digər məşq üçün nəzərdə tutulmuş fəaliyyətlərdən yararlana bilmir. Rayonlardakı gənclər evi yalnız önəmli tədbir olanda açılır. Yəni baxın, dövlətimiz gənclər üçün bu qədər böyük bir imkanı yaradıb. Biz çalışıb gənclər üçün yaradılan bu imkanlardan istfadə etmələri üçün onlara yardımçı olaq. Bu gənclər onlara yaradılan imkanlardan səmərəli istifadə edə bilsələr, artıq neqativlik yavaş-yavaş öz həllini tapacaq. Əvvəllər orta məktəblərdə şagirdləri müxtəlif peşələrlə məlumatlı olmaq üçün gənc yaradıcılar mərkəzi olurdu. Məktəblilər bu mərkəzlərdə müxtəlif peşələr öyrənirdilər. Bu da onların gələcəkdə hər hansı peşəni seçmələrində kömək olurdu. Bu gün də o fəaliyyətlər yenidən tətbiq olunsa, biz onun mütləq şəkildə müsbət nəticələrini görə bilərik.    
  • Gənclər onlara aid hüquqları bilirlərmi? Yox əgər bu haqda məlumatlı deyillərsə, niyə bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirilmir?
  • Hesab edirəm ki, gənclərimiz öz hüquqlarını bilirlər. Lakin təəssüflər ki, sənədlərdə qeyd olunan hüquqlar real həyatdakı vəziyyətlə eyni deyil. Yəni gənclərimiz bəzən hüquqlarını bildikləri halda belə, tətbiq edilən qaydalara riayət etməkdən yayınırlar.

Maarifləndirici tədbirlər əslində aparılır. Kifayət qədər çox danışırıq, yazırıq. Həmçinin televiziyalarda gənclərin hüquqları ilə bağlı söhbətlər gedir. Biz maarifləndirməyə çalışdıqca bəzi gənclər daha çox qulaqlarını yumur, gözlərini qapayır, israrla öyrənməmək istəyirlər. Gənclərin əksəriyyətində ən böyük problemi odur ki, öyrənməyə maraqlı deyillər. Onlar sadəcə testləri əzbərləsinlər, universitetə qəbul olunsunlar və birtəhər universiteti bitirib diplomlu bir şəxsə çevrilsinlər. Yalnız hədəfləri bundan ibarətdir. Əgər öz işlərinə yarıyacaqsa, kənar məlumatları niyə də öyrənməsinlər? Nə səbəbə bir gənc maariflənməyə qarşı olsun, ətraflı məlumat almaqdan çəkinsin? Bilən bir insandan öyrənmək heç vaxt eyib deyil, öyrənməmək əslində insanın mənfisidir. Çünki bu gün o qədər informasiya bolluğu var ki, nəyisə bilməmək normal qarşılanmır. Bu gün keçmişdə olduğu kimi kitabxanalarda saatlarla vaxt itirmək məcburiyyətində deyilsən. İndi hər şey bir barmağının ucundadır. Toxundurursan, istədiyin informasiya gözünün önündədir. Bu baxımdan maariflənməmək mümkün deyil. Maariflənmək istəməyənlər var ki, bu da məcburiyyətlə olmur. Gərək istəyərək könüllü şəkildə olsun.

Elnurə İSAXAN

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı