Advertisment

Gender bərabərliyinin tənzimlənməsində cəmiyyətin maariflənməsi mütləqdir

Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi və qadın bərabərliyini nəzərdə tutur. Bu bərabərliyin tənzimlənməsində dünya ölkələrinin bir çoxunda müxtəlif qanunlar qəbul edilib. Bu istiqamətdə müəyyən addımlar atılıb. Lakin bu istiqamətdə bir sıra tədbirlər görülsə də, gender bərabərliyinin təminatı aktual problem olaraq qalmaqdadır.

Ölkəmizdə bu sahədə müəyyən tədbirlər görülsə də, cəmiyyətdə problemlərin hələ də yaşanması təəssüf doğurur. Bu günün gerçəkliklərində kişi-qadın münasibətlərində bəzən ağır fəsadların baş verməsi halları daha çox özünü göstərməkdədir. Bu halların artmasında səbəb nədir?

Sorğumuzu cavablandıran sosioloq Lalə Mehralının fikrincə, insanlar səbr deyə bir anlayışı həyatlarından çıxarıblar. Heç kim səbr, empatiya hissini özünə yaxınlaşdırmır:

“ Başqasına güzəştə getməyi belə düşünmür. Hamı bir-birinə aqressiya nümayiş etdirir. Bu ailələrdə də müşahidə olunur. Məktəblərdə də biz bu vəziyyəti görə bilirik. O cümlədən yolda, dayanacaqda, avtobusda, xəstəxanalarda və digər yerlərdə biz bu aqressiya ilə üzləşirik. Çox təəssüflər olsun ki, bu gün müşahidə etdiyimiz bir gerçəklik var. O da insanların bir-birinə olduqca dözümsüz olmalarıdır. Heç kim başqasının nə düşünəcəyini, başqasına olan empatiya fikrini özünə yaxın buraxmır. Və bu hal əfsuslar olsun ki, ailələrdə də özünü göstərməkdədir”.

Bu günlərdə xəbər portallarında yayımlanan xəbər isə nə yazıq ki, artıq günümüzün gerçəklərindəndir. Yəni bu hadisə ilk deyil və belə görünür ki, bundan sonra da tez-tez rastlaşa biləcəyimiz hadisələrdəndir. Belə ki, sərxoş vəziyyətdə evə gələn ər televizora yüksək səs verdiyi üçün buna irad bildirən arvadına qarşı zorakılıq halları tətbiq edib. Bu səbəbdən də qadın ondan şikayətçi olub. Məhkəməyə qədər gedib çıxan bu xoşagəlməz olay gündəlik həyatımızın utanclarındandır. Lalə xanım bu olayın sərxoşluqla bağlı olmadığını diqqətə çatdırdı:

“Elə insanlar var ki, onların normal yaşayış tərzi budur. Və çox təəssüflər ki, belə insanlar bu gün çoxluq təşkil edir. Onlar zorakılıq edərək, şiddət göstərərək, başqasına qarşı daimi aqressiya nümayiş etdirərək yaşayış tərzlərini qurublar. Sanki bununla bəslənirlər, bundan qidalanırlar. Bu tək ər tərəfindən olmur. Biz bu halları ata tərəfindən, övlad, müəllim, rəhbər, ümumiyyətlə bütün istiqamətlərdə müşahidə etmək məcburiyyətindəyik. Və bunun da səbəbi qeyd etdiyim kimi, insanlarda səbirsizliyin, aqressiyanın qaynağının çoxalmasıdır. Buna təsir göstərən amillər qidalanmadır, ekoloji səbəbdir. Bizim izlədiyimiz televiziya proqramları, mövcud olduğumuz sosial şəbəkələrdir. Yəni sadaladıqlarım hamısı öz təsirini göstərir. Biz nə yeyiriksə, o bizim davranışımızda özünü büruzə verir. Biz nəyə baxırıqsa, onu öz davranışımızda başqalarına tətbiq edirik. Bizə aqressiya göstərənin cavabını verə bilməyəndə biz də başqasına aqressiya nümayiş etdiririk. Yəni bu bir növ piramida şəklindədir. Hamı özündən daha zəifi əzməyə, incitməyə çalışır”.  

Psixoloq Vüsalə Əmiraslanova cəmiyyətimizdə kişi-qadın münasibətlərində fərqli vəziyyətin olduğun bildirdi. Bu fərqliliyin başqa ölkələrlə müqayisədə özünü göstərdiyini dedi:

“Bu gün cəmiyyətimizdə kişi-qadın dəyişiklikləri özünü göstərir. Amma bu əlbəttə ki, Avropa və Asiyada tamam fərqli cür özünü göstərməkdədir. Müasir dövrdə həm müsəlman ölkələrində, həm Avropa ölkələrində qadın-kişi bərabərliyi üçün artıq addımlar atılır. Qadınların həm sahibkar kimi, həm vacib ictimai məsələlərdə rol alan bir şəxs kimi, həm ailə başçısı kimi və s.-də rollarını artırırlar. Əlbəttə ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi qadınlar əks cinslə mübarizə aparırmış kimi feminizm şüarları altında bunu inkişaf etdirir. Bəziləri isə öz həyat yoldaşlarına və ya ailədə olan kişilərə hörmət edərək müəyyən yollarını seçirlər”.

Vüsalə xanımın fikrincə kişi-qadın münasibətləri deyərkən ər-arvad münasibətlərinə də ciddi fikir verməliyik:

“Ümumiyyətlə gender məsələləri çox dərin bir nüansdır. Bununla illərdir məşğul olurlar. Amma əlbəttə ki, nəticəni əldə etmək üçün cəmiyyət olaraq hamımızın eyni vaxtda maariflənməyimiz mütləqdir. Bu da davamlı şəkildə olmalıdır. Qadın-kişi münasibətlərinin tənzimlənməsi üçün ailə dəyərləri, hüquqi dəyərlər hər zaman ön planda olmalıdır. Həmişə olduğu kimi həm dinə, həm ailə dəyərlərinə, həm elmə söykənməlidir. Təəssüflər olsun ki, biz bəzən mentalitet üzərindən hərəkət edirik. Ona görə də indiki dövrün xanımlarında bu qıcıq yaradır. Və onlar daha da əks getməyə çalışırlar. Bacarmaq lazımdır ki, keçmişə yox, milli köklərimizə dayanaraq xanımların tərbiyəsində o üsuldan daha çox istifadə edək. Həm də bəylərin səhv fikirlərini cəmiyyətdən uzaqlaşdırmaq lazımdır. Bunun üçün də cəmiyyətin gender bərabərliyilə əlaqəli təlimlərdə olması, maariflənməsi, psixoloji təlimlərdə iştirak etməsi vacibdir”.

Ekspertlərin fikrincə, dövlət tərəfindən lazımi addımlar atılsa da, inzibati tədbirlər kifayət etmir. Bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Buna görə, ilk növbədə cəmiyyətin şüurunda dəyişiklik olmalıdır. Hər kəs gender bərabərliyinin nə olduğunu dərk etməlidir. O zaman bu istiqamətdə hər hansı problemlərin yaşanmasında azalma müşahidə olunacaqdır. Hər kəs bilməlidir ki, gender bərabərliyi kişinin qadının yerini alması və ya qadının kişinin yerinə keçməsi deyil. Gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir. Və bu münasibətlərin tənzimlənməsi üçün insanların üzərinə düşən vəzifə bu istiqamətdə düzgün maariflənmələridir. Biz bərabərlik anlayışından qorxmamalıyıq. Əksinə onun nə olduğunu düzgün şəkildə mənimsəmiş olsaq, o zaman bu sahədə yaranmış boşluqlar zamanla öz həllini tapa bilər.

Elnurə İSAXAN