Advertisment

Sahibkara vergi güzəştləri daha da dərinləşdirilməlidir

Azərbaycanın tərəqqisi yalnız paytaxt Bakı ilə deyil, regionların sosial-iqtisadi inkişafı baxımından da bu gün təqdirəlayiqdir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial sahədə də uğurlu dövlət siyasəti həyata keçirilir. Ötən dövr ərzində bölgələrimizdə sosial-iqtisadi inkişaf istiqamətində mühüm əhəmiyyət kəsb edən nəticələrə nail olundu. Məhz bu səbəbdən reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət bəhrəsini verir. Ötən illərlə müqayisədə biz tamamilə dəyişilməkdə olan yeni mənzərələrə şahidlik edirik. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edib. 

Ekspertlərin fikrincə 2004-cü ildən etibarən, bu istiqamətdə qəbul olunan dövlət proqramları regionların sosial-iqtisadi inkişafında və eyni zamanda regionların iqtisadi inkişafda payında mühüm irəliləyişlərin əldə olunmasında mühüm rol oynadı.

Bu gün Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. O zaman regionların iqtisadi potensialından səmərəli istifadə ilə bağlı hansı tədbirlər görülməkdədir? Regionlarda fəaliyyət göstərən sahibkarlar üçün hansı təşviq və güzəşt mexanizmlərinin təklif olunması gözləniləndr?

Mövzu ilə bağlı suallarımızı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu günə qədər regionların inkişafı ilə bağlı bir neçə dövlət proqramı qəbul olunub. Və İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, son 20 ildə regionlara 105 mld manat vəsait xərclənib, investisiya qoyulub:

“Müəyyən infrastruktur dəyişiklikləri baş verib. İşıq, qaz, su, yol problemlərinin bir qismi həllini tapıb. Amma təəssüf ki, bunlar regionlarda iqtisadi canlanmaya səbəb olmayıb. Çünki regionlardan Bakıya köç dayanmayıb. Hələ də davam etməkdədir. O cümlədən regionların ümumidaxil məhsul istehsalında, büdcənin formalaşmasında nəzərəçarpacaq dərəcədə pay artmayıb”.

Ekspertin fikrincə, bütün bunlar ondan xəbər verir ki, regionların iqtisadi potensialının artması üçün başqa addımlara da ehtiyac var:

“Əsas məsələ ondan ibarətdir ki, regionlarda daha böyük güzəştlərə ehtiyac var. Vergi, kredit, gömrük güzəştləri burada mütləqdir. İstehsalın təşkilində dövlətin yatırımlarına və köməyinə ehtiyac var. Bu məsələdə rəqabətli mühitin genişləndirilməsi ilə bağlı addımlar atılmalıdır. İkincisi isə yerli icra hakkimiyyəti orqanları artıq iqtisadiyyatda köməkçi yox, mane olan orqana çevriliblər. Ona görə də yerliözünü idarəetmə orqanlarının gücləndirilməsinə və onlar vasitəsilə iqtisadi proseslərə təsir mexanizmlərinin yaradılmasına da ehtiyac var. Bu addımlar atılarsa, regionların potensialından daha çox istifadə etmək mümkün ola bilər”. 

Ölkəmizdə inkişafı prioritet elan olunan qeyri-neft sektorunun əsasını təşkil edən kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişaf etdirilməsi ölkə qarşısında duran əsas vəzifələrdəndir. Dövlətin böyük dəstəyinə malik olan aqrar sahədə sahibkarlığın maliyyə-iqtisadi dayanıqlığının təmin edilməsi, istehsal prosesində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üçün maliyyə resurslarna sərbəst çıxış imkanlarının olması zəruridir. İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlara uzunmüddətli və aşağıfaizli kredit imkanları yaradılmalıdır. Onlara müəyyən vergi güzəştləri edilməlidir:

“Regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarların əsas məsələlərindən biri onların işinə kənar müdaxilələrin az olmasıdır. İlk olaraq icra hakimiyyətləri institutları onların işlərinə müdaxilə etməməlidir. İkincisi isə onlara vergi güzəştləri daha da dərinləşdirilməlidir. Və əsas məsələlərdən biri də uzunmüddətli və aşağı faizli kredit imkanları yaradılmalıdır. Çünki regionlarda yaşayan kiçik və orta sahibkarların bir çoxu aqrar sahədə fəaliyyət göstərirlər. Biz də isə aqrar  sahədə çalışan kiçik və orta sahibkarlara uzunmüddətli və aşağı faizli kreditlər demək olar ki, verilmir. Və bu da onlar üçün əlavə problemlər yaradır. Onların biznesinin inkişafına maneçilik törədir”.  

İqtisadçı ekspert Elşad Məmmədov kənd təsərrüfatı sektorunun inkişafında bir sıra tədbirlərin görülməsinin vacibliyini qeyd etdi. Ekspert hesab edir ki, regionlarda sahibkarlığın təşviqi üçün ilk növbədə, kredit resurslarına çıxış imkanlarının daha əlçatan olması təmin edilməlidir:

“Məlumdur ki, vergi güzəştləri kənd təsərrüfatının inkişafı ilə bağlı ölkədə tətbiq edilməkdədir. Düşünürəm ki, eyni zamanda kredit resurslarına çıxış imkanlarının əlçatanlığı xeyli dərəcədə regionlarda, xüsusilə kənd təsərrüfatı sektorunun inkişaf etməsinə müsbət təsir göstərməlidir.

Bu gün iqtisadiyyatda ən effektli güzəşt mexanizmi kredit siyasətinin yumşaldılması, həmçinin şaxələndirilməsidir. Sahibkarlarımızın bazarlarda mövqelərinin güclənməsini əngəlləyən başlıca amil kredit faizinin yüksək olmasıdır. O cümlədən sahibkarlardan girov bazası tələb olunur. Bu da təbii ki, böyük problemlərin yaranmasına gətirib çıxarır. Kredit və maliyyə resurslarına çıxışın asanlaşdırılması regional inkişafı təmin edir. Bu da bütövlükdə ölkənin iqtisadi inkişafına zəmin yaratmış olur”.

Elşən Məmmədov həmçinin, məhsuldar qüvvələrin əmək resurslarının tarazlı şəkildə yerləşdirilməsini də olduqca vacib hesab edir ki, regionlarda işçi qüvvələri lazımi sayda mövcud olsun. Ekspert bunun olduqca önəmli olduğunu diqqətə çatdırdı. Elşən Məmmədov hesab edir ki, bunun üçün müvafiq sosial-iqtisadi infrastrukturun inkişaf etdirilməsinə böyük ehtiyac var:

“Bütün bu proseslərin həyata keçirilməsi üçün zənnimcə strateji planlaşdırmaya söykənən iqtisadi idarəetmə sisteminin tətbiqinin müsbət effektləri ola bilər. Buna görə də müvafiq hüquqi normativ qanunvericilik bazasının yaradılması ilə strateji planlaşdırma ilə bağlı müvafiq qərarların qəbul edilməsi zənnimcə müsbət nəticələrə səbəb olardı”.

Elnurə İSAXAN