Bu gün ölkəmzidə 5 mindən çox media subyektinin olması mətbuatın davamlı inkişafının təmin edilməsinin göstəricisidir. İnformasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Geridə isə, mətbuatın 149 illik bir tarixi var. Təsadüfü deyil ki, Ulu Öndər Heydər Əliyev: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik” – deyirdi.
Milli mətbuatımızın inkişaf tarixini xronoloji ardıcıllıqla 4 mərhələyə bölmək olar:
Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzetinin 2 il ərzində cəmi 56 sayı işıq üzü gördü. Maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalılar, həm də sadə insanlar arasında çox məşhurlaşdı.
XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başladı. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apararaq “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşr olundu.
1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız xüsusi inkişaf mərhələsinə qədəm qoymaqla istiqlal ideyalarının yayılmasında mühüm rol oynadı.
1920-1991-ci illərdə Azərbaycan mətbuatı ideoloji standartlara baxmayaraq, öz milli varlığını qoruyub saxlaya bildi və respublikanın ictimai-siyasi həyatında fəal rol oynadı. 1920-ci ilin 28 aprelində Azərbaycan Cümhuriyyəti devrildikdən sonra, kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bildi, yeni janrlar formalaşdı və publisistikanın yeni bir növü-teleradio jurnalistikası təşəkkül tapdı.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.
1993-cü ildən etibarən, demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin müstəsna diqqət və qayğısı nəticəsində çoxaldı. Ulu öndər Heydər Əliyev əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Bununla da, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Mətbuat Şurasının yaranması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verdi. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası kütləvi informasiya vasitələrinin inkişafına, milli mətbuatın müstəqilliyinin dəstəklənməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması və sosial təminatının yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin mühüm bir sənədin təsdiqindən sonra, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, istiqamətində ardıcıl tədbirlərə başlanıldı.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə ulu öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər. Bu mükafatlar Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də bu sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir.
Azərbaycan mediası 44 günlük müharibə və postmüharibə dönəmində
Azərbaycan mediası 44 günlük Vətən müharibəsinin gedişində informasiya mübarizəsinə öz töhfələrini verdi. Bu baxımdan Ali Baş Komandanın İkinci Qarabağ müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
44 günlük müharibədə Azərbaycan informasiya cəbhəsində də qələbə çaldı. Xüsusilə də, illərdir ki cəbhə xəttində çalışan media nümayədələri operativ və səmərəli fəlaiyyət göstərirlər. Bu gün azad edilmiş ərazilərimizdən xəbərlər Azərbaycan mediasının prioritet xəttini təşkil etməkdədir. Bərpa olunmuş sərhədlərimizdə baş verənlər kütləvi informasiya vasitələrinin daimi gündəmindədir.
Xəbər təqdimatında jurnalistin daxili senzurası, özünüsenzurası çox vacibdir. Sərhəd bölgəsindən xəbərlərdə isə bu məsuliyyət qat-qat artıq olmalıdır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qalibiyyət medianın inkişafında yeni mərhələnin başlanmasını şərtləndirib. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoyub.
Fərmandan irəli gələn yeniliklər Azərbaycan mediasının modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verəcəkdir.
Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 30 ildən çox eşitdiyimiz ağrılı-acılı xəbərlərə son qoyulub. 2020-ci ildən sonra “Cəbhəyanı kənd atəşə tutuldu”, “Təmas xəttində yanğınlar törədildi” kimi xəbərlər yoxdur. Lakin sülh istəyirsənsə, müharibəyə hazır olmalısan, deyirlər. Buna görə də, həm ölkə daxili, həm də beynəlxalq mediada informasiya təhlükəsziliyi hər zaman qorunmalıdır.
Beynəlxal mediada Azərbaycan
Bu il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi. Beləliklə, Qarabağda ikinci dəfə əllidən artıq ölkənin media nümayəndəsi bir araya gəldi. .
Forumda iştirak edən Prezident İlham Əliyev “Euronews” televiziyasının aparıcısı və prodüseri, moderator Rebekka Maklaflin-İsthamın yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusunda sualına cavabında bildirdi: “Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”.
Bəli, təcavüzə uğrayan Azərbaycanın dünyaya təcavüzkar kimi təqdim edilməsi beynəlxalq sanksiyalara, o cümlədən ABŞ-ın 1992-ci ildə ölkəmizə sanksiya tətbiq etməsinə səbəb oldu. İlk baxışda bunun əsas səbəbinin Azərbaycana media şəbəkələrinə çıxış imkanın olmaması kimi görsənirdii. Lakin sonra məlum oldud ki, əslində həmən təşkilatalar və şəxslər həqiqəti olduğu kimi görmək istəmir və qərəzli mövqedən işıqlandırırlar. Ölkə rəhbəri sualın cavabında medianın obyektiv olmasının vacibliyini də vurğulayıb: “Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir”.
Azərbaycanlılar öz vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi?- sualına da ölkə başçısının cavabı maraqlıdır: “Zənnimcə, bu məsələyə beynəlxalq media qurumları və beynəlxalq qeyri-hökumət təşkilatları qoşulsaydı, çox yaxşı olardı. Çünki Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur”.
Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.
Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməlidirlər.
Şöhrət EYVAZOV