Advertisment

2020-2023-cü ilin sentyabrı  nə ilə yadda qaldı?

Necə oldu ki, Azərbaycan 4 il ərzində savaşa-savaşa itirdiyi torpaqlarını cəmi 44 günə azad etdi ? Dünya hərb elmində Şuşa əməliyyatı ilə misilsiz səhifə açdı. Hərbi dərsliklərə salınmalı şücaətlərlə, ən müasir silah sistemlərinin döyüş şəraitində tədbiqi ilə müharibənin taleyini həll etdi... 

Əlbəttə, bu sualların hər birinin çox uzun cavabları var. Lakin qısa şəkildə onu deyə bilərik ki, Azərbaycanın 27 ildən artıq müddət ərzində işğalda qalan torpaqlarının taleyini nə ATƏT-in Minsk Qrupu deyilən boşuna fəaliyyət göstərən qurum, nə digər beynəlxalq qurumlar həll etdi. Azərbaycan BMT-nin Ermənistanın torpaqlarımızdan qeyd-şərtsiz çıxması ilə bağlı məlum qətnamələrini təkbaşına icra etdi. Halbuki, Ermənistan dövləti BMT deyilən dünyanın ən böyük təşkilatının 1992-1993-cü ildən etibarən, bəyan etdiyi qətnamələri adi kağız parçası yerinə qoyaraq münaqişənin həllinə doğru bir addım belə kompromisə getmirdi. Bu isə Azərbaycanı daha yaxşı hazırlaşmağa, ordu quruculuğuna diqqət ayırmağa, xarici siyasət prioritetlərində Qarabağ məsələsi üzərində prinsipiallığını artırmağa, dünyanın böyük dövlətlərində cəmləşən erməni lobbisini ifşa etməyə, diplomatik münasibətlər sayəsində dostlarını artırmağa sövq etdi. Beləcə, Ermənistan havadarlarının və lobbisinin güclü olmasına baxmayaraq, siyasi müstəvidə işğalçı imicindən yayına bilmədi.

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun gücünü yoxlamağa cəhd edən düşmən layiqli cavabını aldı və yerinə otuzduruldu. Bir sıra mühim strateji yüksəkliklər milli ordumuzun nəzarətinə keçdi. 2020-ci ildə qəhrəman generalımız Polad Həşimovun erməni diversiya hücumu nəticəsində şəhadətə qovuşması, xalqımızın onminlərlə nümayəndəsinin onun qisasının alınması üçün küçələrə axışması, Ali Baş Komandanın müraciəti, minlərlə gəncin hərbi komissarlığa üz tutaraq döyüşə getməyə hazır olduğunu göstərməsi ilk psixoloji qələbəmiz idi desəm yanılmaram. Həmin  günlər dünyanın koronovirus pandemiyası ilə mübarizə apardığı vaxtlar idi. Yalnız Azərbaycan istisna idi. Biz həm gözəgörünməz pandemiya ilə, həm də bir əsrdir bizə qənim kəsilən məkrli düşmənlə savaşmağa qərar vermişdik. El dilində desək, bu xına əvvəlki xınalardan deyildi. 

2020-ci ildə başlanan Vətən müharibəsi, o cümlədən 2023-cü ildə misli görünməmiş uğurla nəticələnən antiterror tədbirlərimiz də sentyabr ayına təsadüf etdi. Bu ayın hər günü günəşli olmadı, amma əməliyyatların məhz günəşli günlərdə başlaması Tanrının lütfü olmaqla yanaşı, həm də hərbi strateqlərimizin nailiyyəti idi. Deməli, istər 44 günlük Vətən müharibəsi, istərsə də 24 saatlıq antiterror tədbirlərinin uğurla nəticələnməsinin əsasında hazırlığın hərtərəfli olması ilə yanaşı, hətta hava şəraitinin dəqiqliyinə qədər nəzərə alınması dayanırdı. Bir sözlə, artıq 4 ildir ki, sentyabr ayı xalqımız üçün qələbələr ayına çevrilmiş, əyilmiş milli qəddimizin düzəldiyi təqvim kimi yaddaşımızda özünə yer etmişdir. 

2020-ci il sentyabrın 27-də 30 il torpaqlarımızı işğal altında saxlayan və daim silahlı təxribatlar törədən Ermənistan hərbi qüvvələrinə qarşı əks hücuma keçildi və nəticədə regionun hərbi, geosiyasi mənzərəsi kökündən dəyişdi. İllərlə Azərbaycan ərazilərində hərbi istehkamlar quran, möhkəmlənən erməni separatçılar 44 gün ərzində darmadağın edildi. Kapitulyasiya aktına imza atmağa məcbur edilən separatçıların ölkə ərazisindən tamamilə çıxarılması və regionda davamlı sülhün bərqərar olunması prosesi müharibədən sonra diplomatik - antiterror tədbirləri ilə öz həllini tapmaqla münaqişəli vəziyyət kökündən həll edildi.

Vətən müharibəsi regionda geosiyasi vəziyyəti dəyişməklə, beynəlxalq müstəvidə yeni reallıqlar yaratmaqla, dünya güclərinin regiona aqressiv yanaşması ilə müşahidə olunmaqdadır. Zəfər savaşının yaratdığı reallıqlar, geosiyasi, hərbi əhəmiyyəti barədə hələ uzun illər danışılacaq və müzakirə aparılacaq. Buna gedən yol isə sadə olmadı, minlərlə qurban, gərgin fəaliyyət və diplomatik işlə həyata keçirildi.

Sonuncu, 2023-cü il 19-20 sentyabr əməliyyatı erməni separatizminə Azərbaycan torpaqlarında birdəfəlik son qoydu və bu baxımdan, böyük əhəmiyyət kəsb edir.

Ən əsası, antiterror əməliyyatı çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi.

Şübhəsiz ki, 2020-ci ildə olduğu kimi, bu əməliyyatı zəruri edən Ermənistanın məqsədli şəkildə həyata keçirdiyi təxribatçı hərəkətlər oldu. Bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejimini qoruyub saxlayan İrəvan onun maliyyələşdirmə prosesini həyata keçirirdi.

Belə ki, bu məqsədlə hər il yüzmilyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi.

Bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” deyən baş nazir Nikol Paşinyanın növbəti avantürası separatçıların lideri Samvel Şahramanyanı yenidən “rəhbər” seçilməsi münasibətilə təbrik etməsi isə bütün əndazələrin keçilməsi idi. Ardınca da sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, tam şəkildə tərk-silah olunmalı idi.

Belə də oldu. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılıb. Sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olundu və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

Xalqımızın tarixinə şanlı qələbələr ayı kimi düşən sentyabr həm Qarabağda azadlıq müharibəsinin başlanması, həm də ərazi bütövlüyümüzün bərpası kimi düşüb. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə 2020 və 2023-cü illərin sentyabrında tarix yazdı.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü