Advertisment

Azərbaycan dövləti diaspor və lobbiçilik fəaliyyətinin uğurlu icrasına nail olub

Bu gün diaspor quruculuğu və lobbiçilik fəaliyyəti öz aktuallığını saxlayaraq öncül sıralarda dayanır. Hazırda dünyada hər gün yeniliklər baş verməkdədir. Və biz də bu dəyişikliklərin şahidi oluruq. Belə bir məqamda diaspor və lobbiçilik fəaliyyəti öz aktuallığını artırmaqda davam edir.

Ölkəmizdə diaspor quruculuğu və dünya azərbaycanlılarının təşkilatlanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik dövlət xadimi milli birliyimizi, xalqımızın həmrəyliyini yüksək qiymətləndirərək bu istiqamətdə ölkəmiz üçün xüsusi önəm kəsb edən addım atdı. Belə ki, Ümummilli Liderin təşəbbüsü ilə 1991-ci ildə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi ölkəmizin mühüm siyasi hadisələrindən biri oldu.

Ümummilli Lider yalnız ölkəmizdə yaşayan azərbaycanlıların deyil, eyni zamanda xaricdə məskunlaşan həmvətənlərimizin də birliyini, həmrəyliyini önəmli hesab edirdi. Onlara da mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, vətənimizə bağlı vətəndaş olmalarını hər zaman tövsiyə edirdi. Ulu Öndər dünya azərbaycanlılarına müraciətində deyirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir. Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, icmalar, cəmiyyət və birliklərarası fəaliyyətin genişləndirilməsi məqsədilə ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan daha bir tədbirə imza atıldı. Dahi şəxsiyyət zamanında 23 may 2001-ci il tarixdə xüsusi önəm kəsb edən “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzaladı. Paytaxt Bakıda Azərbaycan tarixinə böyük prosesin başlanğıcı kimi daxil olan 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonağın iştirak etdiyi ilk qurultay keçirildi. Həmin qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirildi. İştirakçılar arasında Türkiyə, Böyük Britaniya, ABŞ, Danimarka. Fransa, Almaniya, Rusiya, Gürcüstan, Avstriya, Rumıniya, Kanada, Finlandiya, Estoniya, İsrail və digər dövlətlərin təmsilçiləri yer almışdı.

Bu istiqamətdə atılan daha bir önəmli addım 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması oldu. Və eyni zamanda “Xarixdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edildi. Bu da dünya azərbaycanlılarının təşkilatlanması prosesinin daha da güclənməsində önəmli rol oynadı.

Bu gün qürur hissilə deyə bilərik ki, azərbaycançılıq həm ölkəmizdə, həm də dünyada yaşayan azərbaycanlılar üçün milli ideyaya çevrilib. Dahi şəxsiyyət Heydər Əliyev hər zaman məhz ölkə hüdudundan kənarda yaşayan həmvətənlərimizə bu ideya ətrafında sıx birləşməyi tövsiyə edirdi. Hər zaman çıxışlarlnda bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaqdır. Azərbaycançılıq həm də onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Müdrik dövlət xadimi xarici ölkələrə səfərlərində orada yaşayan azərbaycanlılarla görüşməyə də üstünlük verirdi. Onlarla hər görüşündə söhbətlər aparıb, bir-biriləri ilə sıx əlaqələr qurmalarını, həmçinin təşkilatlanmalarını soydaşlarımızın diqqətinə çatdırırdı. Məhz bu görüşlərin nəticəsi idi ki, soydaşlarımız Ümummilli Liderin tövsiyyələrindən bəhrələnərək bir-birilərilə əlaqələrini daha da möhkəmləndirib, diaspor quruculuğuna başlamağı özlərinə bir vəzifə bildilər. Və bu gün əminliklə deyə bilirik ki, Azərbaycan diasporasının banisi dahi şəxsiyyət Heydər Əliyevdir. Ulu Öndər daim xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini xüsusi diqqətdə saxlayaraq Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına xüsusi həssaslıqla yanaşıb. Öz tövsiyə və lazımi tapşırıqlarını verib. Ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız da müdrik dövlət xadiminin bu tövsiyələrini əsas tutaraq əlaqələrini daha da möhkəmləndiriblər. Bir araya gələn soydaşlarımız daim vətənimizi lazımi səviyyədə tanıdır, müdafiə edirlər. Ümummilli Liderin  qeyd etdiyi kimi, “Dünya azərbaycanlılarının ancaq bir vətəni, müstəqil dövləti var, bu, Azərbaycan Respublikasıdır. Biz hamımız da onun ətrafında birləşməliyik”.

Bu siyasi xətti cənab Prezident İlham Əliyev də əsas tutaraq lobbiçiliyin həyata keçirilməsində ilk növbədə xarici dövlətlərlə güclü diasporun formalaşdırılmasına, həmçinin qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinə xüsusi önəm verdi. Və bu məqsədlə də ölkə rəhbəri 2008-ci il noyabrın 19-da “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Komitə yarandığı gündən dünyadakı diasporlarla sıx əlaqələr qurdu.

Əsası Heydər Əliyev tərəfindən qoyulan dövlət diaspor siyasətini Prezident İlham Əliyev uğurla davam etdirərək üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirir və bu istiqamətdə ardıcıl siyasət yürütməkdə davam edir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan dövləti bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində diaspor və lobbiçilik fəaliyyətinin uğurlu icrasına nail olub. Bu sırada 2018-ci ildə dövlət başçısının fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması atılan önəmli addımlardandır. Bundan başqa 2020-ci ildə Nazirlər Kabineti tərəfindən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” təsdiq olunub. Komitə ilə asan əlaqələrin qurulması məqsədilə müasir informasiya texnologiyalarının tətbiqinə başlanılıb və qurum “Elektron hökumət” portalına inteqrasiya olunub. Eyni zamanda Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və Azərbaycan evlərinin açılması da görülən tədbirlər sırasında xüsusi önəm daşıyır. Həmçinin gənclərin bu istiqamətdə fəallığının artırılması, milli kimliyinin qorunub saxlanması və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Diaspor Gəncləri Şəbəkəsi formalaşdırılıb.

Lobbiçilik və milli həmrəyliyin təşəkkül tapmasında Heydər Əliyev Fondu xüsusi önəm kəsb edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin dünyada təbliğ olunması istiqamətində müstəsna xidmətləri var. Fond həmçinin Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər təşkil edib. Eyni zamanda diaspor təşkilatlarına bu yöndə keçiriləcək tədbirlərdə bu məqsədə xidmət edəcək bütün vasitələrlə təmin edilməsində lazımi köməkliyi göstərib. 

Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbkarları haqqında dünya birliyində düzgün fikrin formalaşdırılmasında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın da xüsusi xidmətləri var. Leyla xanım Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərib.

Azərbaycan diasporunun, lobbisinin 44 günlük Vətən müharibəsində də rolu çox böyük oldu. Belə ki, Azərbaycan diasporu dünyanın bir çox ölkəsində, əsasən də səfirliklər qarşısında Azərbaycan əleyhinə aksiya keçirən erməni təşkilatlanmasının qarşısına çıxaraq onların yalanlarına layiqli cavablarını verdilər. Düşməni yerindəcə susduraraq bizim bu müharibədə haqlı tərəf oluğumuzu dünya ictimaiyyətinə bəyan etdilər. Ölkəmizin ədalətli mövqeyinin, haqlı mübarizəsinin dünyaya çatdırılmasında diaspor fəaliyyətinin, lobbiçiliyinin mühüm əhəmiyyət daşıdığını Vətən müharibəsində müşahidə etmiş olduq.

Azərbaycan-Türkiyə münasibətləri fonunda diaspor təkilatlarımızın birgə fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Şuşa Bəyannaməsinə uyğun olaraq, Azərbaycan və Türkiyə diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsi də xüsusi diqqətdə saxlanılır. Və bu istiqamətdə ölkələrimizin həmrəyliyinin daha da gücləndirilməsində xüsusi önəm kəsb edən tədbirlər görülüb.

Bu gün Azərbaycan diasporasının gördüyü işlər hər birimiz üçün qürurverici amildir. Və əminliklə qeyd edə bilərik ki, ölkəmizdə diaspor quruculuğu yüksək səviyyədə inkişaf etdirilir.

 

Elnurə İSAXAN