19 oktyabr 1999-cu il.
Ulu öndər Heydər Əliyev Naxçıvan şəhərində hərbi liseyin heyəti ilə görüşəndə söyləyir: ”Cəmşid Naxçıvanski adına hərbi liseyin filialının burada yaranmasının zəruriliyi ondan irəli gəlir ki, naxçıvanlı gənclər tarixən zabitlik peşəsinə meyilli olublar. Müstəqil dövlətimiz, müstəqil Azərbaycan yaşamalıdır, inkişaf etməlidir və onun çox güclü ordusu bugün də, gələcəkdə də olmalıdır. Olmalıdır ki, bizim torpaqlara bundan sonra heç bir tərəfdən işğala yol verilməsin. Olmalıdır ki, bizim torpağlarımızın hər bir qarışı qoruna bilsin. Tam inanıram ki, Azərbaycan gənclərinin içərisində yaxın gələcəkdə belə gənclər çıxacaqdır. “
Hər şey belə başladı...Ulu öndər kursantlara sonsuz arzu ilə güvəndi. Onlar güclü Azərbaycanın məğrur oğulları olacaqdı. Məhz onların səsi bütöv vətəndən, azad Qarabağdan gələcəkdi. XX əsrin 90 cı illərinin ağır günləri onlar kimi vətənsevdalısı igidlər sayəsində tarixə qovuşacaqdı.
Arzulardan reallığa
Təqvimlər ötdü, tarix dəyişdi... Vaxt ilə böyük sərkərdə Heydər Əliyevin inandığı naxçıvanlı gənclər müasir, qüdrətli Azərbaycan Ordusunun sütunlarından oldu. 2017-ci ildə Naxçıvanda keçirilən hərbi parad dahi rəhbərin arzularının reallığa döndüyünü göstərdi. Artıq naxçıvanlı zabitlər Azərbaycan Ordusunun bütün bölmələrində şərəflə xidmət edir, vətənin keşiyində dayanırdılar. 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilən Günnüt əməliyyatı da bu ordunun böyük gücündən və yaxında gələcək zəfərdən xəbər verirdi.
“Dəmir Yumruq” əməliyyatı
27 sentyabr 2020-ci ildə səhər saatlarında Ermənistan ordusu müxtəlif növ silahlardan istifadə edərək hərbi mövqeləri atəşə tuturlar. Amma bu cəhd Azərbaycan Ordusu üçün son damla oldu.
Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərindən düşmənə sarsıdıcı zərbələr endirməyə başladı. Cənub cəbhəsində hazırlanan plan isə yeni dövr hərb tarixində öz yerini alacaqdı. Cəbhənin bu istiqamətində düşmənin hava sərhədinə An-2 təyyarələri göndərilir. Düşmən təyyarələri hava hücumundan müdafiə qurğuları ilə vurur və Azərbaycan Ordusuna məxsus qırıcıların məhv edildiyini söyləyir. Lakin hadisə tamam fərqli idi...
El arasında “kukuriznik” adlanan An-2 təyyarələri müharibədə yox, uzun illər əvvəl kənd təsərrüfatında istifadə edilirdi. Düşmən isə bunu anlaya bilmir və təyyarələri məhv edərkən haroplar tərəfindən öz kordinatları müəyyən olunur. Haroplardan endirilən ardıcıl zərbələr nəticəsində düşmənin hava hücumundan müdafiə sistemi darmadağın edilir.
Cənub cəbhəsində ilk ağır məğlubiyyətlə üzləşən düşmən Murovdağ istiqamətindən gələn xəbərlə daha da sarsılır. 27 sentyabr tarixində Azərbaycan Ordusu tərəfindən Murovdağ istiqamətində 4 postda əməliyyat aparılır. Ermənilər saatlar sonra bu əməliyyatdan xəbər tutsa da gec olur.. Murovdağın alınması ilə Kəlbəcərin şimalı ordumuzun nəzarətinə keçir. Bununla da müharibə ərzində Basarkeçər-Kəlbəcər yolundan düşmən istifadə etməkdə ciddi çətinliklərlə üzləşir.
27 sentyabr günorta saatlarında isə Azərbaycan xalqı ilk qələbə xəbərini eşidir. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri və Ağdərə, Murovdağ yüksəklikləri düşməndən azad edilir.
3 oktyabr tarixində Suqovuşan və 4 oktyabr tarixində Cəbrayıl şəhərlərinin azad edilməsi Azərbaycan Ordusunun böyük zəfərə addım-addım yaxınlaşdığının göstəricisi idi. Suqovuşanın azad edilməsi ilə düşmən daha bir əsas mövqeyi - Ağdərə və Tonasen istiqamətindəki yollara nəzarəti itirir.
Kilid nöqtəsi-Hadrut
Ard-arda azad edilən ərazilər düşməni təşvişə salırdı. Növbəti hədəfin Hadrut olacağını təxmin edən düşmən bütün artilleriya, avia zərbə, silah-sursatı Füzuli istiqamətindən Hadruta toplayır. Amma yenə də yanılır. Azərbaycan Ordusu Hadruta Cəbrayıl istiqamətindən hücum edir. Cəbrayılın bütün hakim yüksəkliklərini azad edən qəhrəman vətənoğulları məhz hücumu da bu istiqamətdən həyata keçirir. 9 oktyabr tarixində Hadut düşməndən azad edilir və daha bir torpağımızda Azərbaycan bayrağı dalğalandırılır.
Hadrutun azad edilməsi həm də Şuşanın kilid nöqtəsi sayılır. Məhz Azərbaycan Ordusu Şuşaya ilk hücumu Hadrutdan başlayır.
Döyüşün yeddi əfsanəsindən biri – “Naxçıvan Xüsusi Təyinatlıları”
Onlar döyüşün səssiz, gizli və görünməyən qəhrəmanlarıdır. Müharibədən əvvəl xüsusi təyinatlılarla bağlı saysız əfsanələr söylənilir, düşmən bu heyətin adı belə çəkiləndə lərzəyə gəlirdi. Bu elit təbəqənin necə böyük bir gücə malik olduğunu isə düşmən yalnız döyüşdə bildi. Vətən müharibəsində ilk dəfə olaraq Azərbaycan Ordusunda xidmət edən yeddi xüsusi təyinatlı qrup birlikdə döyüşüb.
11 oktyabr tarixində Naxçıvan xüsusi təyinatlıları Vətən müharibəsinə qatılır. Həm arama-tarama heyətində, həm də birbaşa döyüş əməliyyatında yer alan xüsusi təyinatlıların ilk tapşırığı Füzuli rayonunun Edilli, Axullu, Ağbulaq kəndlərinin azad edilməsi olur.
İstənilən tapşırığı uğurla icra edən xüsusi təyinatlılar 16 oktyabrda növbəti planı həyata keçirirlər. Füzuli ərazisinin ən əhəmiyyətli 720 yüksəkliyinin - Məngələnatanın azad edilməsi.... Düşmən daha bir hakim yüksəkliyi əldən verməmək üçün müxtəlif tipli silah növlərini-tankları, qradları məhz bu hissəyə yönləndirir. Lakin bu da Naxçıvan heyəti üçün keçilməz sədd sayılmır. Gecə-gündüz demədən döyüşən xüsusi təyinatlılar Məngələnatanı da azad edirlər.
19 oktyabr tarixində Naxçıvandan ikinci heyət müharibəyə qatılır. Bu gəlişi döyüşün ikinci mərhələsi adlandırmaq da olar. Naxçıvan heyətinin iştirakı ilə Tuğ, Azıx kəndi, Zorbulaq kimi hakim mövqelərin azad edilməsinə başlanılır. Tapşırığın əsas məqamı 722 yüksəkliyinin əldə edilməsi olur. 722 azad edildiyi təqdirdə Şuşa, Qırmızıbazar istiqamətində hücum həyata keçirmək mümkün olacaqdı. Döyüşlər zamanı düşmənin bu ərazidə 2 yeraltı sığınağı aşkar edilir. Ermənilər bu iki pusqu ilə Azərbaycan Ordusunu mühasirəyə almaq istəsə də, ordunun peşəkar zabitləri tərəfindən pusqu məhv edilir, 14 saatlıq döyüşdən sonra 722 yüksəkliyi azad olunur.
“Bloklama tapşırığı-Qırmızıbazar”
Ordunun əməliyyat planında bloklama tapşırığı xüsusi ilə fərqlənir. Bu tapşırığı icra etmək üçün həm güclü heyət olmalıdır, həm də bir çox mövqeyə eyni anda nəzarət etmək lazımdır. Bloklama tapşırığı olduqca çətin olmağı ilə bilinir. Lakin Azərbaycan Ordusu üçün çətinlik sadəcə nisbi anlayışdır. Bunu da Qırmızıbazar istiqamətində xüsusi təyinatlılar sübut etdi.
Vətən müharibəsində Böyük və kiçik Tağlar istiqaməti, hakim yüksəkliklər və bu yüksəkliklərin əhatə etdiyi ərazilər Azərbaycan Ordusunun nəzarətində olduğu üçün Qırmızıbazar bloklanır. Nəticədə o əraziyə hücum etmək, döyüş aparmaq mümkün olmur. Bu tapşırığın həyata keçirildiyi vaxt Naxçıvan xüsusi təyinatlılarının üçüncü qrupu da müharibəyə qoşulur.
Qırmızıbazarın ardınca Uryandağ, 628 yüksəkliyi və bir neçə kəndin azad edilməsi Şuşanın bir addımlığından xəbər verirdi. Artıq xüsusi təyinatlılar müharibənin taleyini dəyişəcək tapşırığa - Şuşa əməliyyatına başlayır.
Azərbaycan himni ilə müqəddəsləşən Şuşa
Azərbaycan Ordusunun Vətən müharibəsində apardığı taktiki gediş, əməliyyat planı hərbi ekspertləri sözün əsl mənasında təəccübləndirdi. İstənilən tapşırıq tam məxfi şəkildə və ən əsası gözlənilməz həmlə ilə həyata keçirildi. Ermənistanın ağlına gəlməyən ərazilərdən hücum edildi və Zəfər çalındı. Bu planın ən məxfi və çətin hissəsi isə sözsüz ki, Şuşa tapşırığıdır.
30 oktyabr tarixində Şuşada həyəcan siqnalı verilir. Düşmən Azərbaycan Ordusunu yalnız bir tərəfdən - Daşaltıdan gözləyirdi. Buna görə də bütün heyəti, texnikanı o istiqamətə yönləndirir. Tehran Mənsimovun rəhbərliyi altında Naxçıvan və eləcə də digər xüsusi təyinatlıların bir qismi Daşaltı istiqamətində döyüşə başlayır. Əsas tapşırıq isə düşmənin bütün diqqətini bu istiqamətə toplayıb Şuşa-Laçın yolu tərəfində Şuşaya daxil olmaqdır.
4 noyabr tarixində Şuşa-Laçın yolu nəzarətə götürülür və bundan sonra xüsusi təyinatlılar 3 qrup olaraq Şuşa Qalası istiqamətində döyüşə başlayır.
Azərbaycan xalqı 8 noyabr tarixində müzəffər Ali Baş Komandanın “Şuşa, sən azadsan”sözləri ilə Zəfərdən xəbər aldı. Cəmi 42 gün ərzində Şuşanın nisgili, həsrəti bitdi. Azərbaycan himni ilə yenidən can tapdı Şuşa. Şuşaya ilk dəfə üçrəngli bayrağımızı dalğalandıran isə elə Naxçıvan xüsusi təyinatlısı Rəşad Məmmədov oldu.
Qalib xalqın, qalib lideri
10 noyabr tarixində düşmən daha davam edə bilməyəcəyini qəbul etdi və geriyə addım atdı. Yenilməz Azərbaycan Ordusunun, müzəffər Ali Baş Komandanın gücünü anlayan aciz düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Məhz bununla da Vətən müharibəsi böyük Zəfərlə bitdi.
Müharibədən sonra Naxçıvan xüsusi təyinatlılarından dörd nəfər “Vətən Müharibəsi Qəhrəmanı ”adına layiq görülüb. Həmçinin bir nəfər “Zəfər”, bir nəfər “Qarabağ”, 18 nəfər “Azərbaycan bayrağı”, 12 nəfər “Rəşadət” ordeni ilə təltif olunub. Digər hərbi qulluqçular da müxtəlif medallarla təltif edilib.
“Şəhidlərə ölüm yoxdur Vətəndə”
Təqvimin, günün, tarixin ətri olarmış... Lap elə sentyabr ayının ətri kimi... Mərd oğulların böyük zəfəri hər bir azərbaycanlıya sentyabr ayında vətən ətri gətirdi.. O vətən ki, ondan Füzulinin, Qubadlının, Ağbəndin, Xudafərinin ətri gəlir... 2023-cü ilin sentybr ayı isə bütün ayrılıqları bitirdi, sevgiləri tamamladı. 19 sentyabr tarixində Azərbaycan Ordusu tərəfindən keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalıda, Xankəndidə, Ağdərədə üçrəngli bayrağımız dalğalandı. Azərbaycan azad və bütöv oldu.
Bundan sonra yüz illər keçsə də, 27 sentyabr tarixi böyük Zəfərin ilk günü, şəhidlərimizin anım tarixi kimi yadda qalacaq. Ruhunuz şad olsun, vətənə sipər olan qəhrəmanlar.
Sizinlə qürur duyuruq, Müzəffər Ordunun Məğrur Döyüşçüləri!
Məsumə Şirəliyeva
Naxçıvan televiziyasının əməkdaşı