Advertisment

Düşündürücü, cəmiyyəti inkişaf etdirəcək proqramların təşkilini genişləndirmək lazımdır

Hər bir ölkənin gücü onun elmi, təhsili və mədəniyyətinin səviyyəsi ilə bilavasitə bağlıdır. Xüsusən təhsil dövlətin gələcəyi və güclənməsi baxımından önəmli olması ilə vacib məqamlardan hesab olunur. Dövlətimiz hər bir sahənin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edən tədbirlər görür. Lakin elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hər zaman təkmilləşməyə ciddi ehtiyac var. Nəzərə alsaq ki, dünyada bu yöndə daim yeniliklərə şahidlik edirik. O zaman ölkəmizdə də bu istiqamət daim diqqətdə saxlanmalı, ciddi islahatların aparılması öz aktuallığını qorumalıdır.

Mövzu ilə bağlı fikirlərini bölüşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzcü İlqar Orucov bildirib ki, ölkəmizdə bu istiqamətdə mühüm işlər görülür. Bu işləri bir başa elm və təhsillə bağlı dövlətin siyasətini həyata keçirən Elm və Təhsil Nazirliyi reallaşdırır:

“Eyni zamanda bu istiqamətdə digər aidiyyatı qurumların fəaliyyəti də mövcuddur. Və müvafiq dövlət qurumları arasında bir əlaqə də mövcuddur. Bu əlaqədə həm də müəyyən səylərin bir araya gəlməsi ümumi işə xeyli kömək göstərir.  

Azərbaycan televiziyasında Elm və Təhsil Nazirliyi ilə birlikdə Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondunun birgə əməkdaşlıq çərçivəsində hazırladıqları layihələr var ki, onlar bütövlükdə yaxşı nümunələrdir.

Bir çox verilişlər var ki, cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəldilməsinə hədəflənmiş fəaliyyəti özlərində birləşdirirlər. Bu cür layihələrin ərsəyə gəlməsilə ümumilikdə ölkədə elmin populyarlaşması həm də təmin olunur”.

İlqar Orucovun fikrincə bunlar yetərli deyil. O, hesab edir ki, ölkəmizdə elmi-kütləvi verilişlər çox az saydadır. Və bu istiqamətdə hələ kifayət qədər işlər görülməlidir:

“Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə yalnız cəmiyyətin iqtisadi inkişafına nail olmaq nəzərdə tutulmayıb. Cəmiyyətin mənəvi inkişafının təmin olunması, cəmiyyətin ümumi intellektual səviyyəsinin artırılması, dünyagörüşünün artırılması da hədəflənib. Və hesab edirəm ki, bununla bağlı mövcud işləri daha da genişləndirmək çox vacibdir.

Təhsil proqramlarının cəmiyyətin bilik səviyyəsinin artırılmasında, dünyagörüşünün genişlənməsində və daha faydalı informasiya ilə cəmiyyətin təmin olunmasında çox böyük əhəmiyyəti var. Bu istiqamətdə keyfiyyətli proqramların, eyni zamanda həyata keçirilən layihələrin sayı hələ də kifayət qədər azdır. Hansı ki, bunlar cəmiyyəti düşündürməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir. Cəmiyyəti savadlandırmalı, ümumilikdə maariflənməsinə xidmət etməlidir.

Düşünürəm ki, Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin, qəhrəmanlarının, tanınmış şəxsiyyətlərinin, elm və mədəniyyət insanlarının təbliğ olunduğu layihələr, bu istiqamətdə maarifləndirici proqramların sayının artırılması mütləqdir. Və bu layihələri reallaşdırmaq üçün peşəkarların imkanlarından düzgün istifadə edilməlidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə kifayət qədər diqqət və qayğısı var. Hesab edirəm ki, bu kimi tədbirlərin daha geniş vüsət almasına, kütləviliyinin daha çox təmin olunmasına həqiqətən də böyük ehtiyac var. Bu həm də ölkədə milli ruhun təbliğ olunmasına gətirib çıxaracaq.

Vətənpərvərliyin gənclər arasında geniş təbliğ olunması yalnız sözlərdən, ifadələrdən ibarət olmamalıdır. Bu yöndə layihələrin çox olması öz müsbət nəticəsini daha çox verəcək. Bu layihələr həm də hər yaş xüsusiyyətlərinə uyğun ruhun və dəyərlərin təbliğinə xidmət etməlidir. Ona görə də bu kimi işlərin reallaşmasına peşəkarlar və cəmiyyətin hörmət etdiyi insanlar mütləq şəkildə cəlb olunmalıdır. Vacib məqamlardan biri də layihələrdə mütləq şəkildə milli-mənəvi dəyərlər ön planda olmalıdır. Mən də öz növbəmdə bu istiqamətdə işlərin daha da genişləndirilməsinin və əhatəliyinin artırılmasının tərəfdarıyam. Xüsusən televiziyalar bu işdə daha diqqətli olmalıdır. Bu gün təəssüflər ki, televiziyalarımızda kifayət qədər bayağı, milli mənəvi dəyərlərimizə zidd verilişlər göstərilməkdədir. Bu səbəbdən hesab edirəm ki, düşündürücü, cəmiyyəti inkişaf etdirəcək proqramların təşkilini genişləndirmək lazımdır. Hesab edirəm ki, qeyd etdiyim istiqamətdə verilişlərin dövlət tərəfindən maliyyələşməsini də təmin etmək olar.

Müasir mətbuatda maarifləndirmə proqramlarının təbliği istiqamətində həm elektron mediada, həm çap mediasında müəyyən işlər var. Medianın İnkişafı Agentliyi bu istiqamətdə müəyyən işlər görür. Düşünürəm ki, zamanla medianın bu kimi ideyalarının dəstəklənməsi olduqca vacibdir. Fikrimcə, iş adamları bu məsələdə mütləq şəkildə mətbuatın yanında olmalı və dəstəklərini ifadə etməlidirlər.

İlqar Orucov elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları ilə bağlı möhtəşəm Zəfərdən sonra cəmiyyətin qarşısında yeni çağırışların olduğuna da diqqət çəkdi. Qeyd etdi ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı böyük Zəfərdən sonra ölkənin inkişafı naminə cəmiyyətdə qələbə ruhunun, qələbə efariyasının düzgün idarə olunması çox vacibdir:

“Bu istiqamətdə cənab Prezidentin rəhbərliyi altında çox möhtəşəm işlər görülür. İşğaldan azad olunmuş ərazilərdə ilk vaxtlar gördüyümüz mənzərə tarixdir. Amma bu gün o ərazilər bərpa olunur. Yeni kəndlər yaradılır, ərazilərimiz minalardan təmizlənir. Çətin də olsa ekoloji tarazlıq bərpa olunur. Amma o tarixi anları yaddaşlarda saxlamaq üçün mütləq işləməliyik. Tarix üçün həmin mənzərələri səhnələşdirməliyik. Gələcək nəsillərə çatdırmalıyıq. Bununla bağlı işlərin görülməsi də lazımdır.

Biz bundan sonra da gənclərin vətənpərvər ruhda yetişməsində mühüm tədbirlər görməliyik. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra bu istiqamətdə çox möhtəşəm fəaliyyətlər həyata keçirdi. Ulu Öndər zamanında qeyd edirdi ki, gənclərimiz savadlı, bilikli, intellektuall, həmçinin fiziki və mənəvi baxımdan sağlam olmalıdırlar. Öz tarixlərini bilməli, vətənpərvər ruhda yetişməlidirlər. Ulu Öndərin işlərini ən yüksək səviyyədə davam etdirən, xalqı azərbaycançılıq ideologiyası ətrafında səfərbər edən, birləşdirən cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev yalnız ordu quruculuğu və iqtisadiyyatın inkişafı istiqamətində çalışmadı. Azərbaycan lideri həm də sağlam vətəndaş yetişdirmək naminə ideoloji işi gücləndirdi və bu məsələni daim diqqətdə saxladı. Bütövlükdə bu işlər elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının düzgün təbliğindən başlayır. Gənclərimiz mənəvi və fiziki baxımdan sağlam, ideoloji baxımdan bilikli, intellektual olduqda daha bütöv bir şəxsiyyətə çevrilmiş olur. Və bu gün belə gəncliyimiz var”.

İlqar Orucov qələbədən sonra qarşımızda daha böyük vəzifələrin olduğunu vurğuladı. Qeyd etdi ki, yeni nəsil daha çox yeni informasiya texnologiyalarına maraqlıdır. Və onların istəklərinə uyğun müasir şəkildə proqramlar hazırlanmalıdır. Burada yaş xüsusiyyətləri də mütləq şəkildə nəzərə alınmalıdır:

“Əvvəldə qeyd etdiyim kimi biz verilişlərdə yalnız tariximizə, incəsənətimizə, mədəniyyətimizə fokuslanmalı deyilik. Biz həm də vətənpərvər ruhlu verilişlərlə gələcəyə baxışımızı formalaşdırmalıyıq. Və burada yaş qruplarına müvafiq proqramların hazırlanması məsələsinin vacibliyi mütləqdir. Çünki gələcək nəslin inkişafı tamamilə fərqli istiqamətdə olacaq. Süni intellekt, informasiyada yüksək texnologiyalar və s. Buna görə də biz mütləq şəkildə çalışmalıyıq ki, qlobal dalğalar gələcəkdə milli-mənəvi dəyərlərimizi kölgədə qoymasın. Əksinə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına xidmət etsin. Ona görə də bu işdə gerçək səfərbərlik və cəmiyyətin vahid yanaşması önəmli rol oynayır. Hesab edirəm ki, müvafiq dövlət qurumları və mətbuatla yanaşı, bu işdə vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının potensial və bacarığından da düzgün faydalanmaq lazımdır. Bizim vətəndaş cəmiyyətimiz ayrı-ayrılıqda bu istiqamətdə müvafiq layhələr həyata keçirir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu istiqamətdə yüzlərlə layihələri maliyyələşdirir, onlara dəstək olur. Düşünürəm ki, vətəndaş cəmiyyətinin bu məsələdə aktivliyini daha da artırmaqla, onların gücünün səfərbər olması, bu işlərə cəlb olunması ümumi işimizə daha çox fayda verə bilər.    

Elnurə İSAXAN