Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən Xudafərin körpüsü xalqımızın mənəvi birliyinin simvolu olub. Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunan Xudafərin körpüsü XI əsrə aid unikal abidədir. Xudafərin körpülərinin tarixindən danışan Azərbaycan Abidələrini Müdafiə Təkilatının (AAMT) sədri Şaiq İsmayılovun fikrincə, Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir: “Araz çayı üzərində salınan iki Xudafərin körpüsündən birincisi “Baş Xudafərin körpüsü” adlanır. Onun uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir”.
Şaiq İsmayılovun sözlərinə görə, dünyanın bir çox alimləri Azərbaycan memarlıq sənətindən olan bu əzəmətli abidələr haqqında qiymətli fikirlər səsləndirsələr də, körpülərin nə zaman inşa edilməsi ilə bağlı dəqiq məlumata rast gəlmək mümkün deyil. AAMT-nin sədri Baş Xudafərin körpüsünün daha qədim olmasının ehtimal edildiyini deyir. Qeyd edir ki, bu körpünün Əhəməbi imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüz il) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr də yürüdülməkdədir.
İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını “Xuda-Afərin” kimi yazıb. Bu da farscadan tərcümədə “Allah tərəfindən yaradılmış”, “Allaha Mərhəba” mənalarını verir. Qəzvini həmçinin Xudafərin körpüsünü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdrilib. Bəzilərinin iddialarına görə, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Hətta mənbələrdə Xudafərin körpüsününün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi fərziyələrinə də rast gəlmək olur. Bir sözlə, araşdırmalardan məlum olur ki, bu körpüləri inşa etdirən şəxsin kimliyi heç kimə dəqiq məlum olmayıb. Araşdırmaçıların fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Sirrləri açılmayan Xudafərin körpülərinin səmti bəzən dolaşıq salınaraq onları Culfa yaxınlığında abidə kimi də göstərirlər. bundan başqa 1027-ci ildə Şəddadi hökmdarı I Fəzl və I Şah Abbas tərəfindən tikildiyi də mənbələrdə öz əksini tapıb. Şaiq İsmayılovun sözlərinə görə, Hindistandan başlayaraq, Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.
Bəli, Araz çayı üzərində çoxlu sayda körpülər salınmasına bxmayaraq, onlardan ən məşhuru məhz Xudafərindir. Tarixə şahidlik edən Xudafərin körpüsü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi mühüm əhəmiyyət kəsb edib. Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı hesab olunub.
Təəssüflər olsun ki, tarixi, nadir memarlıq abidəsi olan Xudafərin körpüsü 1993-cü ildə erməni mənfurları tərəfindən işğal olunur. 27 il sonra qüdrətli Azərbaycan Ordusu öz tarixi, dəyərli abidəsini mənfur düşməndən azad edərək sahibinə qaytarır. 4 il bundan öncə 2020-ci il oktyabrın 18-də Xudafərin körpüsündə Azərbaycanın üçrəngli bayrağı göylərə ucaldılaraq əzəmətlə dalğalandırılır. Məhz bu gün 18 oktyabr tariximizə şanlı bir gün kimi daxil oldu.
Yurda qayıdışımızın təməli 2016-cı il Aprel ayında aparılan döyüşlər nəticəsində Cocuq Mərcanlının azad olunması ilə qoyuldu. Talış kəndi və onun ətrafında bir neçə yüksəklik və digər ərazilər cəsur Azərbaycan hərbçisinin nəzarətinə keçdi. Və nəhayət, 4 il sonra 2020-ci il sentyabrın 27-dən “Dəmir yumruq” əməliyyatı ilə yurda qayıdış hərəkatına başlanıldı. Ard-ardınca hər gün döyüş meydanından qələbə xəbəri alan Azərbaycan xalqı ilk zəfər sevincini Füzulinin Qaraxanbəyli kəndi ilə yaşadı. Daha sonra Qərvənd, Kənd Horadiz, Talış, Suqovuşan...
2020-ci il oktyabrın 4-də qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etdi. Onu da qeyd edək ki, bu ilk şəhər idi ki, işğaldan azad olunurdu. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaqdır. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi”.
2020-ci il oktyabrın 17-də isə Füzuli qəhrəman Azərbaycan əsgərləri tərəfindən öz azadlığına qovuşdu. Füzulinin azad edilməsi Zəngilan Qubadlının azadlığına real bir şərait yaratdı. Füzulinin azad olunmasından bir gün sonra oktyabrın 18-də Xudafərin körpüləri igid oğullarımızın sayəsində düşməndən azad edildi. Bəli, illərlə üzünü görmədiyimiz Xudafərin körpülərində üçrəngli bayrağımız əzəmətlə dalğalanırdı. Müzəffər Azərbaycan Ordusunu Araz çayının digər tərəfində olan həmvətənlərimiz də böyük coşqu ilə qarşıladı, xalqımızın qələbə sevincinə onlar da şərik oldular. Bununla bağlı Ali Baş Komandan, cənab Prezident İlham Əliyev öz tvitter hesabında paylaşım edərək “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalına! Qarabağ Azərbaycandır!”, - sözlərini yazmışdır.
Döyüş bölgəsindən bir-birinin ardınca gələn qələbə xəbəri hər bir azərbaycanlıda böyük qürur hissi yaşadırdı. Vətən müharibəsi başa çatandan sonra, 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda oldular. Dövlət başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. O anlar hər bir vətəndaşımıza qürur yaşatdı, çünki xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur yerimizdir.
Cəbrayıla gedərkən Prezident İlham Əliyev deyirdi: “Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır. Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir. Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir... Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq. Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub. Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik. Bu da Xudafərin su anbarıdır”.
2021-ci il oktyabrın 17-də cənab Prezident Füzuli rayon ictimaiyyətinin nümayəndələrilə görüşündə Xudafərin körpüsünün önəminə diqqət çəkərək demişdir: “Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik”.
Elnurə İSAXAN