Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissələrindən biri də regionların inkişafı ilə bağlıdır. Regionların sosial-iqtisadi inkişafı məhz dövlətin tərəqqisində mühüm rol oynayır. Ötən dövr ərzində Azərbaycanın bölgələrində bu istiqamətdə mühüm nəticələr əldə olunub. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə nəticəsində torpaqlarımızın azad edilməsi inkişaf baxımından ölkəmizə əlavə dividendlər qazandırıb. Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin sədri Qasım Həsənovun fikrincə, 44 günlük tarixi Zəfərdən sonra ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi fonunda Azərbaycan doğma torpaqlarında məcburi köçkünə çevrilmiş insanların vətənə qayıdışının təmin olunması, həmin ərazilərin iqtisadiyyatın xüsusi əlavə dəyər yaradan sektorlarına dövriyyəyə cəlb edilməsi üçün əlverişli imkanlar qazanmışdır:
“İlk növbədə, bu ərazilərdə zəruri infrastrukturların yaradılması və azad edilmiş ərazilərin potensialının qiymətləndirilməsi məqsədilə müxtəlif sosial-inkişaf proqramlarının hazırlanması nəzərdə tutulmuşdur. Ərazilərin minalardan təmizlənməsi, yol, nəqliyyat, elektrik enerjisi, su, qaz təchizatı, infrastruktur və sosial xidmət obyektlərinin, yaşayış məntəqlərinin inşası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Konseptual yanaşma olaraq regionun iqtisadi inkişafını və müasir idarəetmə modellərinin reallaşmasını, son nəticədə vətəndaş məmnunluğunu təmin edəcəkdir. Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi, ilk növbədə, dünyadakı yeni qlobal tendensiya və paradiqmalara əsaslanır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın son illərdəki sürətli inkişafı və Vətən Müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq fonunda iqtisadi rayonların yeni bölgüsü təkcə coğrafi-iqtisadi deyil, siyasi baxımdan da aktual, vacib məsələ kimi gündəmə gəlmişdi”.
Birlik sədri qeyd edir ki, ərazilərimizin iqtisadi rayonlar üzrə yeni bölgüsü ölkəmizin şəhər və rayonlarının daha dinamik, davamlı və tarazlı inkişafının təmini baxımından mühüm əhəmiyyət kəsb edir:
“Eyni zamanda bu bölgü regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, iqtisadi potensialının gücləndirilməsinə, bununla da əhalinin maddi rifah halının yüksəldilməsinə töhfəsini vermiş olacaqdır. Ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatan olmalı, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir. İşğaldan azad olan ərazilərin inkişaf yolları, zəngin qızıl və digər filiz yataqları təkcə Azərbaycan üçün deyil, xarici sərmayədarlar üçün də cəlbedicidir. Zəngilan rayonundakı Vejnəli, eyni zamanda, Kəlbəcər rayonundakı Söyüdlü - Zod qızıl yataqlarının yenidən fəaliyyətə başlaması ölkəmizə böyük valyuta axınları vəd edir. İşğala qədər mövcud olmuş Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarının, habelə Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət qoruqlarının bərpası flora və faunamızın tədricən yenilənməsinə, ekoloji mühitin yaxşılaşmasına imkan yaratmaqla bərabər, ekoturizmin inkişafında mühüm rol oynayacaqdır. Kəlbəcər, Laçın və Zəngilandakı təbii yaylaqlar, otlaqlar, örüş sahələri heyvandarlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Vaxtilə Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olmuş ərazilərimizdə ənənəvi əkinçilik bərpa olunmuş, taxılçılıq üçün münbit torpaqlara malik Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında müasir aqrar təsərrüfatların yaradılması işlərinə başlanılmalıdır. İşğaldan azad edilmiş ərazilərimizdə əkinçilik, meyvəçilik, tərəvəzçilik və digər mühüm kənd təsərrüfatı sahələrinin inkişafı stimullaşdırılmalıdır. İqtisadi artım ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verəcəkdir”.
Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində mövcud durumu dəyərləndirən Qasım Həsənov bildirir ki, Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycanın regionda mövqeyi daha da güclənib və nəqliyyat layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaranıbdır:
“ Ümumilikdə Qarabağın nəqliyyat infrastrukturunun yenidən qurulması bir neçə istiqamətdə planlaşdırılır: 1) Mühüm regional əhəmiyyəti olan Zəngəzur dəhlizinin açılması; 2) Qarabağda beynəlxalq hava limanlarının tikintisi; 3) Qarabağın Şərq istiqamətində Bərdə-Ağdam, Yevlax-Xankəndi, Horadiz-Füzuli-Şusa dəmir yol xəttinin tikintisi; 4) Əhmədbəyli-Füzuli-Şuşa, Tərtər şəhərini Suqovuşan və Talış kəndlərini birləşdirən, Talışdan Naftalana, Göy Göldən Kəlbəcərə gedən, Horadiz-Zəngilan-Qubadlı-Laçın avtomobil yolunun tikintisi. Bu layihələrin içərisində region ölkələrinin və ümumilikdə Avropa və Asiyanın əksər ölkələrinin maraq dairəsində olanı Zəngəzur dəhlizinin açılmasıdır. İqtisadi hesablamalara və proqnozlara görə işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra ölkəmizdə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi 70-80 faizdən 90-95 faizə çatacaqdır”.
Qasım Həsənov istənilən dayanıqlı inkişafın regional tərəqqidən keçdiyini deyir. Qeyd edir ki, məhz bu səbəbdən Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev dövlət başçısı seçiləndən sonra regionların inkişafını prioritet elan etdi:
“Ötən 20 ilin müqayisəli təhlilini apararkən regionların nə qədər dəyişdiyini, inkişaf etdiyini görərik. Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına davamlı olaraq həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir. Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir. İnvestisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir. İnvestisiyaların təşviqi mexanizminin uğurlu tətbiqi nəticəsində bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların hesabına ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub”.
Mikayıl HƏSƏNLİ