Belçikada Amerika F-35 qırıcılarının krallığa tədarükünün başlanması ilə bağlı qalmaqal yaşanır. Buna səbəb təyyarələrin idarə edilməsinin çox bahalı olması, həmçinin səs-küylü və krallıq üçün tamamilə həddindən artıq olmasıdır.
Herbiand.az bildirir ki, bu barədə 20minutes nəşri xəbər verir.
Yeni bahalı təyyarə ilə bağlı ilkin tənqid dalğasına Belçikanın müdafiə naziri Teo Frankenin Federal Parlamentdəki son çıxışı səbəb olub. O, krallığın hava məkanının qırıcıların təlim uçuşları üçün “kafi olmadığını”, Fransa, İtaliya və Hollandiya səmalarından istifadəyə dair danışıqların aparılmasının lazım olduğunu bildirib.
Nəşr qeyd edir ki, Belçika F-35 üçün çox kiçik səmaya malik olmasına görə internetin gülüş obyektinə çevrilib. Digər gözlənilməz problem isə yeni təyyarədən gələn səs-küydür və aviabazaların yaxınlığında yaşayan sakinlər üçün problem ola bilər.
Nəhayət, məlum olub ki, F-35-in bir uçuş saatının dəyəri təqribən 50.000 avro təşkil edir ki, bu da onu idarə etmək üçün ən bahalı döyüş təyyarəsi edir.
Qeyd edək ki, Belçika 2018-ci ildə ümumilikdə 5,6 milyard avro dəyərində 34 ədəd beşinci nəsil F-35 döyüş təyyarəsi almaq üçün müqavilə imzalayıb. Krallıq indiyədək dörd təyyarə alıb, bir qırıcının çatdırılması isə aşkar edilən texniki problemlərə görə gecikib.
Bəxtiyar CƏFƏRLİ