Firidun Yolçuyev: “70-ci illərdə Ağdam insanı ermənilərin canına qorxu sala bilmişdi”
Firidun Quzanlı kəndinin ən savadlı ziyalılarından biridir. 1960-cı il doğumludur. SSRİ dövründə Moskva və Leninqradda (indiki Sankt-Peterburq-müəl.) təhsil almaq hər adama nəsib olmurdu. Arxasında vəzifəli qohumu, ailəsinin sərvəti də yox idi ki, güman başqa yerə getsin. Firidun kənd mühitində rus dilini yaxşı öyrənmişdi, qəbul imtahanları da heç kimin dəstəyi olmadan özü verib Meşə Texnikası Akademiyasına daxil olmuşdu.

Sinif yoldaşı Şahlar Orucov deyir ki, Firidun məktəbdə intellekti ilə bütün yaşıdlarından seçilirdi: “Riyaziyyatı çox yaxşı oxuyurdu, deyərdim, hamıdan birinci idi. Ədalətli insan idi, təşkilatı işləri yaxşı bacarırdı. Bu üzdən onu məktəbin “komsomol katibi” seçmişdilər. Bədii ədəbiyyata, musiqiyə maraq göstərirdi, muğamı sevirdi. Bəlkə də buna görə idi ki, incə ruhlu, mərhəmətli bir insan idi.
Bizim sinifdə musiqini sevənlər çox idi. Mən qarmonda, Faiq Abdullayev gitarada, Yusif Rüstəmov da tarda çalırdı. Muğam ustadı, xalq artisti Mənsum İbrahimov da bizim sinifdə oxuyub”.
Şahlar bəy deyir ki, Firidun dava-dalaşa meyilli olmayan, sakit təbiətli, amma yeri gələndə sözünü deməyi bacaran mərd, dürüst bir gənc olub.
“Firidun” “Şahnamə”dən gələn addır. Dahi şair Əbülqasim Firdovsinin yazdığı əsərdə ədalətli və güclü hökmdar kimi təqdim olunan bir obrazın adıdır. “Qüdrətli, qüvvətli hökmdar, böyük, uca, ali” mənasını verir. “Şahnamə”dəki Firidun obrazı ədalət, mərdlik və zülmə qarşı mübarizə simvolu kimi qəbul edilir. Güclü xarakter, liderlik və haqq tərəfdarı olan anlamındadır. Hər adamın adı xarakterini ifadə etmir. Amma bizim Firidun adının haqqını artıqlaması ilə verən bir insandır. Mən onunla ordudan tərxis olunduqdan sonra ünsiyyətdə olmağa başladım. O zaman mən tələbə idim, yaşadığım yer Firidunun qaldığı evə yaxın idi. Tez-tez görüşər, saatlarla müharibədən, tarixdən, ədəbiyyatdan söhbətlər edərdik. Bir kənddə doğulsaq da, eyni məktəbi bitirsək də sanki Firidunu yenicə kəşf edirdim. Düşünürdüm ki, bu cür intellektli insan adi kənd məktəbində necə yetişib…
Firidun 2 il Sovet ordusunda xidmət edəndən sonra Quzanlıya qayıtmış, Bərdədə işə başlamışdı. Amma Sovet dövründə arxası, dayağı, hamisi olmayan istedadlı gənclərin layiqli yer tuta bilməsi o qədər də asan olmurdu. Bu üzdən Firidun yenidən Rusiyaya üz tutmuşdu. Özündən kiçik qardaşı Nurəddin Qarabağ müharibəsinin iştirakçısı idi, Ərşad Nadirovun “Kötəl” batalyonunda xidmət edirdi. Qardaşı şəhid olandan sonra düşmənə nifrəti daha da alovlanan Firidun 1992-ci ildə könüllü olaraq milli ordu sıralarına qatılır. O da “Kötəl” batalyonunun könüllülərinə qoşulur.
Ağdam kəndlərinin müdafiəsində yaxından iştirak edir, dəfələrlə hücum əməliyyatlarına qatılır. Deyir ki, rəhmətlik Ərşad ilk günlər məni hücum əməliyyatlarına buraxmaq istəmirdi. “Deyirdi ki, ə, sənə də bir şey olsa mən o arvadın üzünə baxa bilmərəm”. Şəhid olanda qardaşı Nurəddinin nəşini Quzanlıya rəhmətlik Ərşad gətirmiş, Zəhra anaya təskinlik vermiş, “sənə halal olsun ki, belə igid oğul böyütmüsən” demişdi. Komandiri Firidunu da çox istəyir, “ə, sən qərargahda qal, savadlı adamsan, uşaqlara ruh ver, silahı öyrət” deyirdi. Amma Firidun ona qulaq asmır, döyüş əməliyyatlarından qalmırdı.
“Taborda Nurəddin kimi qoçaq uşaqlar: Kənan, Fələstin, “PK Rövşən” var idi. Onlarla birgə döyüş əməliyyatlarında iştirak etmək bir başqa hiss idi. Cəngavər kimi uşaqlar idi”-deyir Firidun.
Firidun Ağdam şəhərindən sonuncu çıxan döyüşçülərdən biri olub. Yeri gəlmişkən Firidun Ağdamın işğalını siyasi səbəblərlə izah edir:

“Mən sabiq hərbi rəislərdən birinin açıqlamasını eşitmişəm. O deyirdi ki, Ağdamda kifayət qədər güc var, rayonu saxlayacağıq. Sonralar məhkəmədə dedi ki, 1993-cü ilin iyul ayında Ermənistanda mitinqlər gedirdi, Daşnakstyun hakimiyyətə gəlmək istəyirdi. Məni aldatdılar. Biz ermənilərin hərbi qələbəsini təmin etdik ki, prezident Ter-Petrosyanı hakimiyyətdə saxlayaq. Yəni hakimiyyətə daha radikal qüvvə gəlməsin, müharibəni sülh yolu ilə həll edək. Lakin o deyirdi ki, mənim səhvim o oldu ki, Ağdam gedəndən sonra o biri rayonları saxlaya bilməyəcəyimizi hesablaya bilmədim. O biri rayonlar da həqiqətən də Ağdam gedəndən sonra dayana bilmədi. Əsas gücümüz Ağdamda idi. Bir də ki, ermənilər Ağdamı işğal etməklə 100 illik qorxu xofunu içlərindən çıxarmaq istəyirdilər. Hələ Sovet dövründə Xankəndində gedib deyəndə “Ağdamdanam”, 5 nəfərdən 3-ü qorxurdu. Ağdam varlı, bərəkətli rayon idi. İnsanlar tox, qorxmaz idilər. 70-ci illərdə Ağdam insanı ermənilərin canına qorxu sala bilmişdi. Ağdam işğal olunandan sonra ermənilər şəhəri viran qoydular, tamamilə söküb bir daş belə saxlamadılar. Onları buna vadar edən dəhşətli qisas hissi idi. Onlar Ağdamı sökməklə əslində canlarındakı qorxunu söküb atmaq istədilər. Bizim qüvvələr ermənilərdən 3-4 dəfə çox idi. O vaxt bizim ordunun şəxsi heyəti yarım milyon nəfər idi. Döyüşdə iştirak edən canlı qüvvəmiz isə 54 min nəfər idi. Ermənilərdə isə bu rəqəm çox az idi. Hətta yaxşı təlim görmüş nizami erməni hissələri 2500 nəfərdən ibarət idi. Sadəcə olaraq, ermənilər yaxşı təşkil olunmuşdu, ruslar onların döyüşən hissələrinə təlim keçmişdilər”.
“Azərbaycanın bütün bölgələrindən qorxmaz, döyüşə peşəkar yanaşan döyüşçülər var idi”
Firidunun 44 günlük savaşa qədər yayğın olan “azərbaycanlılar döyüşə bilmir” fikrinə də münasibəti fərqlidir: “Olduqca yanlış fikirdir! Bizim vaxtımızda Azərbaycanın bütün bölgələrindən cəsarətli, qorxmaz, döyüşə peşəkar yanaşan döyüşçülər var idi. Birinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin uduzması xeyli dərəcədə onların suçu deyildi. O vaxtlar yaxşı təşkil olunsaydıq, peşəkar ordu yarada bilsəydik nəticə başqa cür ola bilərdi. Bizim taborda Yardımlının Peştədsər kəndindən 19 yaşlı oğlan vardı-Qasımov Əlixuda, qrantamyotdan sərrast atəş açırdı. Gözümün qarşısında terrorçunu vurub parça-parça elədi. Olduqca sərrast atırdı, ürəkli oğlan idi. O, adi bir kənd uşağı idi. Ağdərədə özünü tankın altına atan əsgəri şəxsən tanıyıram. Qardaşım Nurəddin düşmən qərargahının düz qarşısından 1 “BMP” qənimət götürmüş, gətirib qərargaha təhvil vermişdi. O zaman ali baş komandanın əmri ilə 2 texnika vurana milli qəhrəman adı verirdilər. Nurəddin bir hərbi texnikanı gətirmişdi. Dəfələrlə döyüşə rəhbərlik etmiş, erməni canlı qüvvəsini məhv etmişdi… Bizim əsgəri aciz edən hazırlıqsız olmağımız idi. Müharibə sistemli, düşünülmüş, planlı şəkildə aparılmalı idi. Ermənilərdə isə vəziyyət fərqli idi. Ruslar Gürcüstanın Vaziani hərbi bazasında 2500 nəfər erməni hərbçisinə xüsusi təlim keçdilər. Bizim əsgərlərə isə o zaman təlim keçilmirdi. Düşünürdüm ki, müharibə 1-2 il davam etsəydi, biz qalib gələcəkdik. Ermənilərin hazırlığı, peşəkar hərbi kadrları çox idi. Biz 1 il ərzində bütün Ermənistanın əhalisi qədər ordu hazırlaya bilərdik. Ordu başıpozuq dəstələrdən ibarət idi. Gəncləri yoldan, metrodan “oblava” ilə yığıb birbaşa cəbhəyə aparırdılar. Mənim yanımda təxminən 2 min adam şəhid olub. Onların əksəriyyəti hazırlıqsız olduğu üçün şəhid oldu. Döyüşü oyuncaq hesab edirdilər. 1993-cü ilin 14 iyununda, Şellini qaytarmağa getmişdik. Bizim taborun qərargah rəisi Məlikov soyadlı bir peşəkar hərbçi idi. Dağın başında mövqe tutmuşduq. Əsgərin biri qışqırdı ki, “BTR” gəlir, amma gələn tank idi. Bu əsgər tankla “BTR”-i ayıra bilmirdi.
“Ağıllı adam daha yaxşı döyüşür. Heç bir müharibədə fanatizmlə qalib gəlmək mümkün deyil”
-Belə çıxır ki, birinci Qarabağ savaşında bizdə cəsarət, igidlik vardı, ermənilərdə peşəkarlıq. Və nəticədə cəsarət peşəkarlığa məğlub oldu. Amma Əfqanıstan nümunəsi var. Peşəkar Sovet ordusunu məğlub etmiş əfqanlar peşəkar idimi?
Firidunu dinləyək:
-Əfqan döyüşçüləri arasında peşəkarlar da vardı. Şahın dövründə peşəkar ordu yaranmışdı. Üstəlik, SSRİ ilə döyüşdə dünyanın bütün aparıcı ölkələri əfqanlara dəstək verirdi. Qərb dövlətləri SSRİ ordusuna qarşı döyüşən hissələr hazırladılar. İslam inancı, cənnət vədi kimi amillər də var. Ancaq insanda adi inanclar islam inancından daha üstündür. Ağıllı adam daha yaxşı döyüşür. Heç bir müharibədə fanatizmlə qalib gəlmək mümkün deyil. Əgər fanatizmlə qalib gəlmək mümkün olsa, İŞİD gərək dünyanı alaydı.
“Fərruxu saxlasaydıq, müharibə qurtarardı”
Firidun Ağdam işğal olunan ərəfədə cəbhədə vəziyyəti belə təsvir edir:
Firidun deyir ki, tərslikdən taborun qərargah rəisi də yaralanıb Ağdamdan çıxmışdı:
“Qərargah rəisi Məlikov iyulun 21-də yaralanıb Bakıya aparılmışdı. Postumuz yox idi, Ağdamda Kəngərli kəndində yerləşmişdik. Bərdədən gələn Arif adlı taborun maddi təchizat üzrə komandir müavini vardı, dedi ki, Ağdamdan gəlirəm, orada erməni zad yoxdu. Gedək 2 nömrəli məktəbdə mövqe tutaq. Uşaqların siyahısını tutdum, 46 nəfər idi. Qaz-53 maşınında Ağdama getdik. Füzuli küçəsi ilə gedirdik, küçə boş idi. Birdən gördük ki, qarşıdan bir kişi gəlir-sonradan düşündüm ki, bəlkə də onu ermənilər öyrətmişdi. Kişi dedi ki, Kötəl batalyonunun əsgərləri irəlidədirlər. Bu, ola bilməzdi! Çünki Kötəl batalyonu elə biz idik. Ancaq biz yenə getdik. Pərioğullar adlanan yerdə erməni “BMP”-si dayanmışdı. Həyətdə saxlamışdı, biz onu görmürdük. Bir dəqiqə tələsməsəydi, hamımızı girov götürəcəkdilər. Tələsib maşına atəş açdı. Maşın aşdı, çiyni üstə yerə düşdüm, qulağımın dibindən güllə yalayıb keçdi. Uşaqlar həyətə doluşdu, təxminən 10-11 nəfər salamat çıxa bildik. Qalanları həlak oldular. Ayın 23-ü idi, girdik həyətlərdən birinə, evə. Yeri gəlmişkən, evlərdən heç nə çıxarılmamışdı. Biz girdiyimiz evdə yapon televizorundan tutmuş, rumın mebelinə qədər bahalı məşiət əşyaları vardı. Yəni camaat Ağdamın alınacağına inanmırdı. Gedən də müvəqqəti getdiyini zənn edirdi. Yaralıları ora qoymağı düşünürdük. Lakin düşündük ki, bura qarət üçün gələcəklər, başqa yerə apardıq. Üzü məscidə tərəf gəlirdik. İyulun 23-dən 24-ə keçən gecə idi. Artıq Ağdam alınmışdı. Mən hasarı keçə bilmədim, düşdüm yolun ağına başladım gəlməyə. Gördüm ki, qabaqda döyüşçülər var. Mənə doğru atəş açdılar. Gizlənə-gizlənə çığırdım ki, uşaqlar, azərbaycanlıyam, adım Firidundur, Kötəl batalyonundanam. Atmadılar, gəldim, gördüm ki, Fred Asifin uşaqlarıdır. Fredin qardaşı Ədalət gəldi, tanıdı məni. Dedim ki, 2 dənə “BMP” lazımdı ki, heç olmasa meyitləri götürək. Ədalət getsə də, “BMP” gətirə bilmədi. Çıxıb gəlirdim ki, qarşıda bir taksi gördüm. 3 nəfər vardı içində, onlar da şəhərdə azmışdılar. Yolların hamısı alınmışdı. Dəmiryolun üstündən keçib Xındırıstan yolu ilə çıxa bildik. Ağdamda mülki əhalidən əsir düşən çox az oldu. Çünki yol çox idi, hamı çıxmışdı”.
1993-cü ildə Ağdam işğal olunandan sonra digər rayonlar da işğal olundu. Firidun bunun səbəbini belə izah edir: “Ağdam güc mərkəzi idi. Ağdamda 15 min nəfərlik hərbi güc vardı. Bu rəqəm Füzulidə maksimum 5 min olardı. Azərbaycan ordusunun 25 min 300 şəhidi olub, bunun 11 mini Ağdamda şəhid olub. Bu, onu göstərir ki, Ağdam Azərbaycan ordusunun güc mərkəzlərindən idi”.
Firidun deyir ki, Ağdam işğal olunduqdan sonra tabor dağılır, o da səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olunur. Maraqlıdır ki, zəngin döyüş yolu olsa da, dəfələrlə hücum əməliyyyatlarında iştirak etsə də Firidun müvafiq dövlət qurunlarına müharibə veteranı vəsiqəsi almaq üçün müraciət etməyib. Heç indi də o fikirdə deyil.
“İndi dünyada başımız ucadır”
Müharibə ondan sağlamlığını alsa da, savaşdan sonra baş qaldıran xəstəlikləri canını ağrıtsa da, könüllü döyüşçü olduğuna görə zərrə peşmançılıq duymur. Əksinə qazi olduğu üçün qürurludur. Qarabağın azadlığı isə ona ikiqat sevinc bəşxs edib:
“15 ildən çoxdur ki, dərmanlarla yaşayıram. Ürəyimdən, gözümdən əməliyyat olunmuşam. Daxili orqanlarımda ciddi problemlər var. Əmək qabiliyyətimi itirmişəm. Bu müharibədə çox insan qurban getdi, itkilər oldu. İnsanlar evini, yurdunu itirdi. Mənim də sağlamlığımı əlimdən aldı. Amma peşman deyiləm. Çox şükür ki, Qarabağın azadlığını gördüm. Mən Rusiyada yaşamışam. Başqa millətlər bizə rişxəndlə baxır, istehza ilə söz atırdılar. İndi azərbaycanlıar dünyanın bütün ölkələrində başıuca, alnıaçıq gəzə bilərlər”.

Elman Cəfərli