İsveç hökuməti Fransanın Naval Group şirkətini yeni nəsil “Luleo” sinifli freqatlar üçün təchizatçı seçib.
Herbiand.az bildirir ki, bu açıqlama Stokholmda “Visbyu” sinifli korvetdə keçirilən brifinq zamanı verilib.
Tədbirdə baş nazir Ulf Kristersson və müdafiə naziri Pal Yonson iştirak edib.
Naval Group bu proqram çərçivəsində İsveç üçün FDI dizaynından istifadə edərək ümumi dəyəri təxminən 40 milyard İsveç kronu (təxminən 4,25 milyard dollar) olan 4 yeni freqat inşa edəcək.
Gələcək freqatlar sualtı qayıq əleyhinə müharibə üçün konfiqurasiya ediləcək. İlk freqatın 2030-cu ildə müştəriyə çatdırıla biləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, FDI freqatları artıq Fransa Hərbi Dəniz Qüvvələrində xidmətdədir. Yunanıstan donanması isə bu freqatlardan sifariş edib.
FDI freqatlarının uzunluğu 122 metr, eni 18 metr, su tutumu isə 4500 tondur. Ekipaj 125 nəfərdən ibarətdir (əlavə 28 nəfəri yerləşdirmək imkanı ilə).
Gəmilərin döyüş sistemləri Naval Group-un hazırladığı SETIS 3.0 sistemi tərəfindən idarə olunur. Arsenala MM40 “Exocet” gəmi əleyhinə raketlər, “Aster-15/30” zenit raketləri, 76 mm-lik top dayaqları, 20 mm-lik “Narval” məsafədən idarə olunan artilleriya sistemləri və 324 mm-lik torpedo boruları daxildir. Həmçinin, 700 kq-a qədər çəkiyə malik pilotsuz uçuş aparatı və NH90 çoxməqsədli helikopter daşımaq da mümkündür.
Gəmi sistemlərinin müasir kibertəhdidlərdən və elektron əks tədbirlərdən qorunmasına xüsusi diqqət yetirilir.
Bəxtiyar CƏFƏRLİ