Advertisment

Elnur Məmmədov: ABŞ-la kritik mineralların tədarükü üzrə sazişin hazırlanması istiqamətində iş aparılır

Azərbaycan və ABŞ münasibətləri yalnız hesabatlarda qalmayıb. Bir sıra sənədlər imzalanıb və bəzi sənədlərin imzalanması nəzərdə tutulur.

Herbiand.az xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panel sessiyasında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O bildirib ki, bu ilin fevralında ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bu əməkdaşlığa daha geniş çərçivə verir: “Bu ilin iyununda ilk Azərbaycan-ABŞ iqtisadi dialoqunu keçirdik. Bu dialoq həmin çərçivənin praktiki əməkdaşlığa çevrilməsinə başlanğıc verdi. İyunun əvvəlində keçirilmiş Azərbaycan-ABŞ iqtisadi dialoqu çərçivəsində Amerika şirkətləri bir sıra mühüm razılaşmaları yekunlaşdırdılar. Strateji öhdəliklərin güclü kombinasiyasını formalaşdırarkən qarşıda duran ümumi vəzifə bu dinamikanı davamlı kommersiya tərəfdaşlıqlarına çevirməkdir.

Bununla yanaşı, dialoq çərçivəsində kritik minerallar, rəqəmsal infrastruktur və ölkənin mədəniyyəti ilə bağlı əməkdaşlıq sənədləri də hazırlandı. Bunların yalnız hesabatlarda qalmadığını göstərmək üçün bir neçə ay əvvəl imzalanmış konkret sazişlərdən nümunələr gətirim. “Exxon” şirkəti ilə Azərbaycan arasında qeyri-ənənəvi quruda yerləşən neft ehtiyatlarının inteqrasiyası, işlənməsi və hasilatı ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Həmçinin kritik mineralların tədarükünün təmin edilməsi, onların hasilatı və emalı üzrə çərçivə sazişinin hazırlanması istiqamətində iş aparılır.

ABŞ şirkəti “Holstein Resources” mövcud və yeni qaz yataqlarında, eləcə də infrastruktur layihələri, xidmətlər və digər sahələrdə mümkün əməkdaşlıq və investisiya imkanlarını araşdıracaq. “J.P. Morgan” strateji layihələrin maliyyələşdirilməsi sahəsində uzunmüddətli əməkdaşlığı genişləndirir və SOCAR-ın uzunmüddətli maliyyə resurslarına çıxışını artırır. SOCAR və “Chevron” Azərbaycanın sektoru üzrə neft və qaz potensialının qiymətləndirilməsi məqsədilə birgə texniki araşdırma aparacaqlar. “Apollo Capital Management” ilə əməkdaşlığımız enerji maliyyələşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib. Süni intellektin inkişafı və keyfiyyət infrastrukturu ilə bağlı əməkdaşlıq da nəzərdə tutulur. “Microsoft” və “Oracle” kimi şirkətlərlə əməkdaşlıq çərçivəsində anlaşma memorandumları imzalanıb. “Lumos Technologies” ilə imzalanmış memorandum isə neft emalı və neft-kimya sektorlarında əməkdaşlıq üçün çərçivə yaradıb. Bunlar sadəcə bir neçə nümunədir.