Advertisment

Hərbi vəzifələrindən yayınanlara qarşı sanksiyalar sərtləşdirilib – SHXÇDX

Hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı sanksiyalar sərtləşdirilib.

Herbiand.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Azər Məmmədov vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə qanunvericiliyə və müvafiq normativ hüquqi aktlara əlavələr və dəyişikliklər edilib.

“Hüquq-mühafizə orqanları ilə birlikdə onların yerlərinin müəyyənləşdirilib çağırışa cəlb olunması, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində tədbirlər görülür və bu sahədə müsbət nəticələr əldə olunmaqdadır. Bu xüsusda daxili işlər və prokurorluq orqanlarının əməyini xüsusi vurğulamaq istəyirəm”, – deyə Azər Məmmədov qeyd edib.

Rəis müavini korrupsiyaya qarşı mübarizə çərçivəsində görülən tədbirlər barədə də məlumat verib. Onun sözlərinə görə, 2026-cı ilin müvafiq dövründə qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə əlaqədar 136 əməkdaş, o cümlədən rəhbər heyətdən 79 nəfər barəsində xidməti tənbeh və təşkilati-ştat tədbirləri görülüb.

“İki əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb. 107 fakt üzrə 162 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib”, – deyə o bildirib.

Azər Məmmədov kadr potensialının möhkəmləndirildiyini, xidmətə qəbul qaydalarının yeniləndiyini və namizədlərin Dövlət İmtahan Mərkəzində imtahanlardan keçirildiyini də diqqətə çatdırıb.

O əlavə edib ki, vətəndaşlar korrupsiya və digər qanunsuz hallarla qarşılaşdıqda Çağrı Mərkəzi, elektron poçt, “MyGov” kabineti və digər vasitələrlə müraciət edə bilərlər.