Elm və Təhsil Nazirliyinin son illərdə əsas prioritetlərindən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panelsessiyada çıxışı zamanı deyib.
O bildirib ki, ibtidai təhsilin, daha dəqiq desək, baza təhsilinin keyfiyyətini yüksəltmək vacibdir:
“Çünki ibtidai təhsil ifadəsi bəzən başlanğıc təhsili kimi başa düşülür. Halbuki söhbət hər bir vətəndaşın malik olmalı olduğu minimal bilik və bacarıqların formalaşdırıldığı mərhələdən gedir. Hazırda bu mərhələ bizdə dörd ili əhatə edir. Lakin şərti olaraq bu müddətə doqquz il kimi də yanaşa bilərik”.
Nazir qeyd edib ki, uzun illər ərzində ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb: “Amma yaxşı xəbər ondan ibarətdir ki, biz ibtidai təhsilin keyfiyyətinin tədricən yaxşılaşdığını görürük və bu istiqamətdə bir sıra işlər həyata keçiririk”.
APA