“Bugünkü reallıqlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Öz işimizi görməli və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Yeni nizamı ədalətli nizam kimi görürük”.
Bu sözləri millət vəkili Vüqar Rəhimzadə ölkəmizin dünya birliyində yerini və inteqrasiyasını şərh edərkən söyləyib. Millət vəkilinin fikrincə, bu prinsiplər Azərbaycanın apardığı uğurlu xarici siyasətin tərkib hissəsidir:
“Suverenlik, müstəqillik, bir-birinin daxili işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək dövlətimizin xarici siyasətinin əsas prinsipləridir. Azərbaycan böyük geosiyasi təsirə malik olan ölkəyə çevrilib. Sadəcə xəritəyə baxmaqla hər kəs görə bilər ki, Orta Asiya və Qərb dünyası ilə bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısıdır. Ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi, siyasi layihəni həyata keçirmək mümkünsüzdür. Azərbaycan hazırkı dövrdə dövlətlər və xalqlar arasında yeni körpülərin qurulmasına çağırışlar edir”.
Vüqar Rəhimzadə ötən ilin mühüm hadisəsi olan COP29-a ev sahibliyimizin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, 197 ölkədən 80 dövlət və hökumət başçısının tədbirdə iştirakı Azərbaycanın dünyaya təqdimatı oldu:
“Tarixə Bakı nailiyyəti kimi yazılan COP29 ölkəmizin beynəlxalq nüfuzuna əlavələr etməklə ölkələr və xalqlar arasında yeni körpülərin qurulmasını şərtləndirdi. Bu mötəbər iqlim konfransının ardınca Azərbaycanın ötən il D-8 təşkilatına üzv qəbul edilməsi də mühüm məqamları, dünya birliyində rolumuzu özündə ehtiva edir. Azərbaycanın türk və İslam dünyasının birliyinə, həmrəyliyinə davamlı töhfələri təqdir edilir. Ölkəmizin qonşu dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir”.
Millət vəkilinin sözlərinə görə, buna əsas verən mühüm məqamlardan biri də Azərbaycanın dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitini qoruması və bunun daha da möhkəmlənməsi üçün dünyaya ünvanladığı çağırışları atdığı addımları ilə təsdiqləməsidir:
“Ümumiləşdirilmiş şəkildə desək, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz daha da inkişaf edir və edəcək”.
“Yaşıl dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirdi ki, 1991-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan sivil dünyaya, demokratik Avropaya inteqrasiya kursunu götürüb:
“Azərbaycan 90-lardan Müstəqil Dövlətlər Birliyinin üzvüdür. Lakin ölkəmiz hər zaman müstəqillik kursunu qorumuş, Qərbə inteqarasiya kursunu qəbul etmişdir. 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” Azərbaycanın xarici siyasət kursunu daha da möhkəmlətmişdir. Ulu öndər Heydər Əliyev dəfələrlə çıxışında bildirmişdi ki, Azərbaycanın müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir”.
Elman Cəfərli 2000-ci illərdə Azərbaycanın xarici siyasi kursunda yeni mərhələnin əsasının qoyulduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, ölkəmiz Avropa Şurasına üzv qəbul edildi. Azərbaycanın Avropa Birliyi ilə əlaqələri genişləndi:
“Totalitar Sovet İttifaqından çıxmış Azərbaycan üçün birdən-birə bazar iqtisadiyyatına keçid, Avrointeqrasiya kursunu sürətli keçmək müəyyən çətinliklər yaradırdı. Lakin dövlətimizin kursu sabit və dayanıqlı idi.
1995-ci ildə Azərbaycanda yeni Konstitusiya qəbul edildi. Yerli özünüidarəetmə qurumu-bələdiyyələr yaradıldı. Demokratik parlament seçkiləri keçirildi. Yeni Ana Yasa da ölkəmizin sivil dünyaya inteqrasiyasına hüquqi əsas yaradırdı”.
Birlik sədri ulu öndər Heydər Əliyevin dövründə əsası qoyulmuş balanslı siyasətin Prezident İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam etdirildiyini vurğuladı:
“Azərbaycanın uğurlu xarici siyasəti və bacarıqlı diplomatiyası dost və müttəfiqlərimizin sayını artırdı. Türk dövlətləri arasında mədəni, siyasi və iqtisadi əlaqələr gücləndi. Azərbaycanın uğurlu enerji siyasəti də beynəlxalq siyasi arenada dövlətimizin mövqelərini gücləndirdi. Dünyanın onlarla ölkəsində Azərbaycan həqiqətləri tanındı, Ermənistanın işğalçı siyasəti pislənildi. 2016-cı ilin aprel döyüşləri zamanı dünyanın əksər ölkəsi Azərbaycanın haqq işini dəstəklədi. Beynəlxalq birliyin dəstəyini 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı da gördük. Doğrudur, Azərbaycanın haqq işini qəbul etməyən, işğalçını dəstəkləyən dövlətlər də tapıldı. Ancaq onların sayı az idi.
2023-cü ilin sentyabrında Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərpa edəndə, separatçı rejimə son qoyanda, Qarabağ münaqişəsi birdəfəlik həll ediləndə də Azərbaycanın haqlı davası beynəlxalq dəstək qazandı”.
Elman Cəfərli bu gün Azərbaycanın müstəqil xarici siyasət kursunu davam etdirdiyini bildirdi. Qeyd etdi ki, ölkəmiz Qoşulmama Hərəkatının aktiv üzvlərindən biridir. Türk dövlətləri ilə əlaqələr uğurla davam etdirilir:
“Ölkəmizin Avropa sturkturlarına inteqarasiyası davam edir. Ötən il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) evsahibliyi etdi. Azərbaycan 2015-ci ildə qəbul olunmuş Paris sazişinə sadiqdir və karbon emissiyasının azaldılması üzrə öhdəlikləri yerinə yetirir. Yeri gəlmişkən COP29 da beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirən amilə çevrildi”.
Birlik sədrinin fikrincə, hazırda Azərbaycan inkişafının yeni mərhələsindədir:
“Dostlarımız və müttəfiqlərimiz bəllidi. Türkiyə və digər türk cümhuriyyətləri ilə Turan quruculuğu davam etdirilir. Eyni zamanda Avro-Atlantika ittifaqına inteqrasiya kursu uğurla aparılır. Azərbaycanın qaz diplomatiyası Şərqi Avropada ölkəmizə müttəfiqlər qazandırıb. Azərbaycana vaxtaşırı şimaldan və cənubdan gələn təzyiqlərə yalnız müttəfiqlərimizin dəstəyi ilə sinə gərə bilərik”.
Siyasi şərhçi Kənan Novruzovun fikrincə bu gün dünyada çox ciddi geosiyasi hadisələr baş verir. Ümumiyyətlə dünya xəritəsi yenidən tərtib olunur:
“Müxtəlif regionlarda, o cümlədən Şərqi Avropada, Yaxın Şərqdə, Cənubi Qafqazda baş verməkdə olan hadisələr yekununda yeni dünya xəritəsi ortaya qoyur. Bəzi dövlətlərin parçalanması, bəzilərinin tarixə qovuşması, yeni dövlətlərin yaranması mümkün olacaq. Belə bir vəziyyətdə bu gün Azərbaycan sanki özünün xarici siyasət kursu ilə bir masterklas nümunəsi ortaya qoyur. Məsələ ondan ibarətdir ki, Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən biri balanslı xarici siyasətdir. Azərbaycan bu gün heç bir hərbi təşkilatda, blokda təmsil olunmur. Nə NATO-da, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, nə də digərlərində. Bu o deməkdir ki, Azərbaycan dünyada gedən qütbləşmədə tərəf tutmur. Bu da ondan xəbər verir ki, Azərbaycan öz xarici siyasətinin ağasıdır. Yəni rəsmi Bakı ilə diktə dilində danışmaq və ya rəsmi Bakıya təsir və təzyiq etmək mümkün deyil”.
Siyasi şərhçi bu gün Azərbaycanın dünyada sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda separatçılığa son qoydu:
“Azərbaycan Şərqi Avropada Rusiya ilə Ukrayna arasında perspektivdə vasitəçiliyə çevrilə bilər. Və Azərbaycan Şərqi Avropada müharibənin başa çatmasında səmimi olan oyunçulardandır. Eyni zamanda Azərbaycan Yaxın Şərqdə müharibənin başa çatmasına çalışır. İsraillə əlaqələrin qorunmasına baxmayaraq, Azərbaycan Fələstində iki dövlətli həll yolunu dəstəkləyir. Ölkəmiz terrorçulara qarşı mübarizə aparır”.
Kənan Novruzov Azərbaycanın bu gün dünyanın bir çox beynəlxalq təşkilatlarında, xüsusilə türk dilli dövlətlər təşkilatlarında aparıcı rol oynadığını da diqqətə çatdırdı:
“Bu gün Azərbaycan artıq öz funksiyasını icra edə bilməyən bəzi beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun lazımsız qurum olduğunu faktlarla ortaya qoyur. Və bütün bunlar rəsmi Bakının dünyaya verdiyi töhfə kimi qiymətləndirilməklə yanaşı, eyni zamanda şübhəsiz ki, dünya birliyinə inteqrasiyasının ən bariz nümunələrindəndir”.
Mikayıl HƏSƏNLİ