Almaniyanın Rheinmetall və MBDA Germany müdafiə şirkətləri Almaniya Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış nümayiş nümunəli lazer döyüş sistemini Meppendəki Silahlanma və Sursat Texniki Mərkəzinin (WTD 91) Ekspertiza Mərkəzinə əlavə sınaq üçün təhvil veriblər. Bu, lazer döyüş sisteminin bir illik dəniz sınağının uğurla başa çatmasından sonra baş verib.
Herbiand.az bildirir ki, bu, dəniz istifadəsi üçün effektiv yüksək enerjili lazer sisteminin hazırlanmasında mühüm addımdır.
Optimist ssenari lazer sisteminin 2029-cu ilə qədər Almaniya Hərbi Dəniz Qüvvələrində xidmətə girəcəyini nəzərdə tutur.
Konteynerləşdirilmiş sistem il ərzində “Saksoniya-Anhalt” freqatında real dəniz şəraitində bir neçə sınaqdan uğurla keçib. Bu sınaqlar altı mərhələdə aparılıb. Prototipin döyüş effektivliyi mürəkkəb ssenarilərdə və müxtəlif növ hədəflərə qarşı real əməliyyat şəraitində sübut olunub.
Gələcəkdə qabaqcıl sistemin imkanları səsdən sürətli raketlərin, eləcə də minaatan və artilleriya mərmilərinin məhv edilməsini əhatə etməklə genişləndirilə bilər.
Bəxtiyar CƏFƏRLİ