Advertisment

“Yaşıllıqların suvarılması zamanı hədsiz israfçılığa yol verilir”- Ekoloq

İqlim dəyişikliklərinin təsirinin daha qabarıq hiss olunduğu, su ehtiyatlarının getdikcə azaldığı bir dövrdə yaşayırıq. Çağımızda səmərəli su idarəçiliyi kənd təsərrüfatının, bütövlükdə iqtisadiyyatın dayanıqlı inkişafı üçün əsas şərtlərdən birinə çevrilib. Fermerlərin su resurslarından qənaətlə və düzgün istifadə etməsi məhsuldarlığın artması ilə yanaşı, suyun gələcək nəsillər üçün qorunmasına xidmət edir. Bu gün müasir suvarma texnologiyalarının tətbiqi, su itkilərinin minimuma endirilməsi fermerlərin qarşısında duran vacib məsələlərdəndir. Bəs ölkəmizdə səmərəli su idarəetməsinə keçid istiqamətində görülən işlər qənaətbəxşdirmi?


Mövzu ilə bağlı suallarımızı ətraf mühit məsələləri üzrə tədqiqatçı Elçin Bayramlı cavablandırır.
-Elçin müəllim, səmərəli su idarəçiliyi nədir və bu gün niyə bu qədər aktualdır? Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunmasını zəruri edən əsas səbəblər hansılardır? 
-Səmərəli su idarəçiliyi, su ehtiyatlarının düzgün qiymətləndirilməsi su infrastrukturunun optimal qurulması və sudan istifadənin israfçılığıa yol verilmədən normal qaydada təşkil olunması və su itkilərinin qarşısının alınmasıdır. Bu prinsiplər həyata keçirilərsə istənilən vəziyyətdə su sistemində ciddi problemlər yaranmaz. Azərbaycanda su ehtiyatlarının idarə olunması məsələsi daha ciddi aktuallıq daşıyır. Bir çox ölkələrdə buna heç ehtiyac yoxdur, çünki hədsiz su bolluğu var. Azərbaycan su ehtiyatlarının az olduğu ölkələr sırasındadır. İstər əraziyə düşən, istərsə də əhaliyə düşən su həcminə görə biz dünyada ən aşağı göstəricilərdən birinə malikik. Hətta beynəlxalq təşkilatlarının, o cümlədən BMT-nin və digər qurumların qiymətləndirmələrinə görə, Azərbaycan su stresi yaşayan dünyanın 50 ölkəsi arasındadır. Yəni 200 ölkədən daha çətin durumda olan ölkələr sırasındayıq. Regionda da ən aşağı su ehtiyatları bizdədir. Əraziyə düşən, istərsə də əhaliyə düşən su həcminə görə Gürcüstandan 6 dəfə, Ermənistandan isə 2 dəfə geridəyik. Su ehtiyatlarımızın 70 faizi xarici mənbələrdən formalaşırsa, su təhlükəsizliyimiz daha çox risk altındadır deyə bilərik. Quraqlıq güclənərsə, su qıtlığı artarsa həmin 70 faizdən bizim istifadə etmək imkanımız olmayacaq.  Qonşu ölkələr o sudan öz ərazilərində istifadə edəcəklər. Bu o deməkdir ki, biz daha ağır duruma düşə bilərik. Bu baxımdan su ehtiyatlarından səmərəli istifadə çox vacib bir məsələdir. Günümüzdə qarşıda duran 1 nömrəli məsələ su itkilərinin qarşısının alınmasıdır. Çünki dünyada ən çox su itkisi bizdə dünyada ən yüksək göstəricilərə malikdir. Ortalama 35 faiz su itkisi var. Bəzən bu rəqəm 40-45 faizə çatır. Dünyada isə normal göstərici 4-5 faizdir.
- Fermerlərin suvarma zamanı ən çox yol verdiyi səhvlər hansılardır? 
- Ölkəmizin kənd təsərrüfatında əsasən selləmə suvarma sistemi tətbiq olunur. Bu da suyun optimal həcmdə yox, verilən həcmin sahəyə yönəldilməsindən ibarətdir. Bəzən su gecədən suvarma arxlarına yönəldilir, səhərə qədər sahə suvarılır. İstər çay suyu olsun, istər artezian suyu, bu da həddindən artıq su itkisi deməkdir. Bu cür suvarma həddindən artıq su itkisi deməkdir. Suvarmanın da norması, həddi var. Bəzən bu cür suvarma əkin sahələrin, məhsula ziyan verir. Lakin burada günahkar tək fermer də deyil. Bəzən onlara su vaxtla verilir. Məsələn, 5 saat ərzində onlar sahəni suvarmalıdırlar. Bu vəziyyət fermerlərin özünə də zərər vurur. Bu baxımdan suvarmada yeni innovativ sistemlərin qurulması vacibdir. Bu gün dünyada müasir səmərəli suvarma sistemləri var. Çiləmə-damcılı suvarma sistemləri dünyada çox yayğındır, Azərbaycanda da artıq tətbiq olunur. Bu sistem sayəsində fermer ən az 4-5 dəfə suya qənaət edir. Bu isə böyük bir su həcminə qənaət deməkdir. Əgər bu suvarma sistemi geniş tətbiq olunsa biz məhdud su ehtiyatları ilə ölkənin içməli və suvarma suyu tələbatını ödəyə bilərik.
- Su itkilərini minimuma endirmək üçün hansı üsullar daha effektiv hesab olunur? 
- Su itkilərinin obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərdən biri ölkəmizdə günəşli günlərin çox olmasıdır. Bu, çaylardan, göllərdən su buxarlanmasını artıran amildir. Subyektiv səbəblərdən danışarkən suyun nəqli zamanı itkiləri deyə bilərik. Ən böyük su itkisi isə suyun topraq məcralı kanallarla nəqli zamanı baş verir. Azərbaycanda 50 min kilometrdən çox su kanalları var, bunun çoxu torpaq səthli kanallardır. Torpaq kanallarla ötürülən su isə iki istiqamətdə itir: biri təyinat nöqtəsinə çatana qədər buxarlanır. Suyun əhəmiyyətli hissəsi isə kanalın dibi ilə çökərək torpağın alt təbəqələrinə gedir. Bu kanallarda son dərəcə böyük həcmdə su itkisi olur. Beton səthli kanallarda isə itki o qədər olmur. Ona görə də mümkün qədər torpaq məcralı kanallar beton səthli kanallarla əvəz olunmalıdır. Düzdür, bu bahalı bir layihədir. Bu, mümkün olmasa iri diametrli boru xəttləri ilə suyu bir rayondan digər rayona nəql etmək olar. Su itkilərinin daha bir səbəbi pis idarəetmədir. Suyun düzgün idarəolunmaması, tez-tez qəzaların baş verməsi, su itkilərinə gətirib çıxarır. Bir çox məmurların uçotdankənar su satışı ilə məşğul olması, suyu şirkətlərə müəsissələrə, fermerlərə qeydə almadan verməsi də su itkisi kimi nəzərdən keçirilir. Yaşıllıqların, parkların suvarılması zamanı da hədsiz israfçılığa yol verilir. Su kranı qoyulur ağacın dibinə, ya da çəmənliyə, nəzarət edən də olmur. Halbuki bu uzaq məsafələrdən çox böyük xərclərlə Bakıya gətirilib. Ona görə də bu itkilərin qarşısı alınmalıdır.
-Damlama və yağmurlama suvarma sistemlərinin üstünlükləri nədən ibarətdir? Hansı şəraitdə hansı üsul daha məqsədəuyğundur? Yağış sularının toplanaraq depolanması və sonradan istifadəsi nə dərəcədə real və səmərəli həll yolu hesab olunur?
-Ölkənin Aran zonalarında damcılı və çiləmə su sistemləri qurulmalıdır. Bu sistemlər bir çox hallarda fermerlər üçün əlçatan deyil. Bunun üçün onlara uzunmüddətli kreditlər verilməlidir. Bu sistemləri tətbiq etsələr fermerlər özləri də fayda götürəcək. Beləki onların su xərcləri azalacaq. Yağış sularının depolanması üçün xüsusi təsisatlar yaradılmalıdır. Su xüsusi hazırlanmış çökəkliklərə, xırda göllərə yönəldilə bilər. Son illər intensiv yağışlar zamanı sel suları Bakı küçələrini basır, yol infrasturuturu sıradan çıxarır, həyətlərə dolur. Yağış suları bir sututarına axıdılsa, ondan yaşıllıqların suvarılması zamanı istifadə etmək olar. Əraziyə uyğun təsisatlar yaratmaq olar. Dəmyə ərazilərdə yağış sularının depolanmasına ehtiyac yoxdur. Bu daha çox su çatışmazlığı yaşayan bölgələrdə tətbiq edilməlidir. Yeraltı su hövzələrindən də istifadə olunmalıdır. 
-Suvarmanın günün hansı saatlarında aparılması daha səmərəlidir və bunun səbəbi nədir? 
-Bu çox vacib məsələdir. Səmərəli su idarəçiliyini tətbiq edən fermerlər sahələrini axşam, bəzən də gecə saatlarında suvarırlar. Bu, su itkisinin qarşısını alır. Amma bəzən bu mümkün olmur. Çünki növbəlilik prinsipi ilə su verilir. Hər kəsə günün müəyyən saatında su çatır. Gündüzə düşən növbələr də olur. Ona görə də bəzən insanlar məcbur olub günorta suvarırlar. Günorta zamanı yaxşı olar ki, bağçılığa su verilsin. Çünki ağacların kölgəsində su o qədər də itkiyə getmir.
-Torpağın nəmlik səviyyəsini düzgün müəyyən etmək üçün fermerlər hansı sadə üsullardan istifadə edə bilərlər? 
-Azərbaycanın torpaq ehtiyatları xəritəsi var. Orada göstərilib ki, hansı zonalarda, hansı istiqamətlərdə torpaqların növü, xarakteri necədir. Bizdə çox sayda, çoxnövdə torpaqlar var. Bunların hər birinin tərkibi və sıxlığı, yağıntı keçiriciliyi fərqlidir. Tutaq ki, Bakı-Abşeron zonasında nə qədər yağış yağsa da torpağın keçiriciliyi aşağıdır. Gil qatı sıxdır, bərk süxurlar var. Ona görə də yağış yağanda su torpağa hopmur, ətrafı basır. Amma bəzi bölgələrdə qonur, yumşaq qaratorpaqdır, nə qədər yağıntı düşsə də bu torpaq onu götürür. Alt təbəqədə su toplandığına görə, nəmlik yaranır torpaqda. Torpağın nəmlik səviyyəsi ilin fəsillərindən, ərazinin yerləşmə mövqeyindən, relyefdən də asılıdır. Ərazi dağlıqdır, ya dağətəyidir, bu amillər də var. Torpağın nəmlik səviyyəsini fermerlər düzgün qurmalı, ona uyğun əkin aparmalıdır. Nəzərə almalıdır ki, ilin hansı vaxtında səpin aparmalıdır. Bəzi rayonlarda eyni məhsulun əkin-biçinində hətta 3-4 ay fərq olur. Yaxşı olar ki, müvafiq qurumlar bu məsələdə fermerlərə logistika dəstəyi göstərsin. 

Aysel
"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" layihəsi çərçivəsində hazırlanmışdır. Bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".