Advertisment

"İran düyünü"ndə böyük sual: nüvə böhranı, yoxsa çevriliş planı?

ABŞ-İran qarşıdurmasının arxasında dayanan əsas məqsəd beynəlxalq siyasi müzakirələrin başlıca mövzularından birinə çevrilib. Vaşinqtonun Tehrana qarşı sərt siyasətinin əsas hədəfinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, yoxsa mövcud siyasi rejimi devirmək olduğu barədə müxtəlif yanaşmalar mövcuddur. ABŞ tərəfi İranın nüvə proqramını regional və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirir. Bununla yanaşı, Vaşinqtonun hərbi və siyasi təzyiqlərinin daha geniş geosiyasi maraqlara xidmət etdiyi barədə fikirlər də səsləndirilir. Beləliklə, qarşıdurmanın mahiyyəti təkcə nüvə məsələsi ilə məhdudlaşmır, həm də İranın gələcək siyasi taleyi və Yaxın Şərqdə güc balansı ilə birbaşa əlaqələndirilir.

Siyasi şərhçi Turan Rzayev Herbiand.az-a açıqlamasında bildirib ki, ABŞ-la İran arasında yaşanan gərginliyin kökündə dayanan əsas amillərdən biri İsrail faktorudur. Onun fikrincə, Vaşinqtonun Tehrana qarşı siyasətini və iki ölkə arasındakı qarşıdurmanın mahiyyətini İsrailin regional təhlükəsizlik maraqlarını nəzərə almadan dəyərləndirmək mümkün deyil: “İranın uranı zənginləşdirmə fəaliyyətini genişləndirməsi və gələcəkdə nüvə silahına sahib olmaq ehtimalı ABŞ-ın əsas narahatlıqlarından biridir. Beynəlxalq güc balansını qorumağa çalışan Vaşinqton nüvə silahının müəyyən dövlətlərin əlində cəmləşməsinə üstünlük verir və yeni ölkələrin bu silaha yiyələnməsini arzuolunmaz hesab edir. Bu baxımdan, Şimali Koreya nümunəsi ABŞ üçün ciddi xəbərdarlıqdır. Vaşinqton artıq nüvə silahına malik olan Pxenyanla münasibətlərdə qarşılaşdığı problemlərin təkrarlanmasını istəmir. Başqa sözlə, ABŞ İranın da ikinci Şimali Koreya modelinə çevrilməsinin qarşısını almağa çalışır”.

Turan Rzayevin fikrincə, ABŞ-ın İrana qarşı təzyiqlərinin ilkin mərhələdə əsas səbəblərindən biri Tehranın nüvə proqramı ilə bağlı narahatlıqlar olub. Lakin sonrakı mərhələdə məsələyə İsrailin təhlükəsizlik maraqları da ciddi təsir göstərməyə başlayıb: “Xüsusilə Baş nazir Benyamin Netanyahu və onun ətrafındakı siyasi dairələr İranın regional gücünün artmasını və nüvə potensialına yiyələnmək ehtimalını İsrail üçün ciddi təhlükə hesab edirlər. İsrailin bu istiqamətdəki təzyiqləri ABŞ-ın da qarşıdurmaya daha fəal cəlb olunmasında rol oynayıb. Bununla belə, Donald Tramp administrasiyası ilə İsrail rəhbərliyinin İran siyasətində ortaq maraqları ilə yanaşı, yanaşma və prioritet fərqləri də mövcuddur”.

Siyasi şərhçi hesab edir ki, ABŞ və İsrailin İranla bağlı siyasətində müəyyən ortaq məqamlar olsa da, onların strateji hədəfləri arasında ciddi fərqlər var. Onun fikrincə, hər iki ölkə İranın regional gücünün zəifləməsində və Tehranın onların maraqlarını nəzərə alan siyasət yürütməsində maraqlıdır. Lakin Vaşinqton üçün İranda hakimiyyətdə kimin olmasından daha çox, ölkənin ABŞ-ın maraqlarına uyğun siyasət aparması əhəmiyyət daşıyır: “İsrailin yanaşması isə bundan fərqlənir: Tel-Əvivdə İranın mövcud siyasi rejiminin dəyişdirilməsi, hakimiyyətə yeni qüvvələrin gəlməsi və ölkənin regional təsir imkanlarının ciddi şəkildə zəiflədilməsi tərəfdarları var. İsraildəki bəzi siyasi dairələrin yanaşmasında İranın etnik və regional zəmində parçalanması ehtimalı da yer alır. Bu kontekstdə Cənubi azərbaycanlılar, kürdlər, bəluclar və Əhvaz ərəblərinin separatçı qüvvələri ilə bağlı məsələlər də gündəmə gətirilir. Məhz strateji hədəflərdəki bu fərqlər Vaşinqtonla Tel-Əviv arasında müəyyən fikir ayrılıqlarına səbəb olur. ABŞ üçün İranla müharibənin iqtisadi və siyasi xərcləri ciddi amil olduğu halda, İsrail rəhbərliyi Tehrana qarşı hərbi təzyiqləri öz təhlükəsizlik strategiyasının mühüm istiqaməti kimi nəzərdən keçirir. Bu ziddiyyətlər isə Vaşinqtonun İrana qarşı mümkün hərbi addımlarının vaxtı, miqyası və gələcək strategiyası ilə bağlı qeyri-müəyyənliyi artırır”.

Məhəmməd Əliyev

Herbiand.az