Advertisment

Gürcüstanla işləyən qurumlara irad: “Hamının adını çəkirdilər, Rahib Məmmədovdan başqa”

39 il əvvəl Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində baş verən sel fəlakəti zamanı 28 nəfərin həyatını xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun qəhrəmanlığı bu gün də qonşu ölkədə ehtiramla xatırlanır.

Herbiand.az xəbər verir ki, Gürcüstan mediası qəhrəman əsgərin doğum günü münasibətilə onun həyat və döyüş yoluna, göstərdiyi fədakarlığa həsr olunan materiallar yayımlayıb.

Məlumata görə, Xobi rayonunun ictimaiyyət nümayəndələri Rahib Məmmədovun adını daşıyan parkda iməclik keçirib, onun xatirəsinə ucaldılmış büstü ziyarət edib və ruhuna dualar oxuyublar.

Araşdırmaçı jurnalist Elman Cəfərli Herbiand.az-a açıqlamasında deyib ki, son 30 ildə Gürcüstanda tədbir müxtəlıif tədbirlər keçirən ictimai təşkilatlar Rahib Məmmədovu görməzdən gəliblər

“İllər öncə Gürcüstanda Bolnisi rayonunun Armudlu yaylasında ənənəvi l “Elat günləri” keçirilirdi. Bir neçəsində mən də iştirak etmişəm. Orada Gürcüstan-Azərbaycan dostluğuna aidiyyati olmayan adamlardan belə danışılırdı.

Amma bir dəfə də olsun əsl fədakarlıq nümunəsi göstərmiş, insanlığa xidmət etmiş Rahibin adı çəkilmirdi. Halbuki elə gürcü-azərbaycanlı dostluğuna dair söhbətlərə bu qəhrəmanın adını anmaqla başlamaq lazım idi.

Orada “dədə” ünvanı verilib adı çəkilən adamların Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsində hansı xidmətləri olmuşdu? Rahib Məmmədov cavan canını fəda edib seldə boğulan 28 nəfəri gürcünü xilas etmişdi. İnsanlığa, iki xalq arasında dostluğa bundan böyük xidmət varmı?”

Qeyd edək ki, Rahib Məmmədov 25 avqust 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmətini Gürcüstanda keçdiyi zaman Rioni çayının daşması nəticəsində baş verən sel fəlakətinin aradan qaldırılması üçün xilasetmə işlərinə qoşulub.

O, həyatını təhlükəyə ataraq 28 nəfəri xilas edib. Lakin idarə etdiyi zirehli transportyorun sel sularının təsiri ilə Rioni çayı üzərindəki körpüyə çırpılması nəticəsində qəhrəmancasına həlak olub.

Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çaladidi kəndində onun adına park salınıb və büstü ucaldılıb. Gürcüstan mediası, həmçinin Azərbaycanda Rahib Məmmədovun adına muzeyin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Xobi rayonunun ictimaiyyət nümayəndələri azərbaycanlı əsgərin insan həyatını xilas etmək naminə göstərdiyi fədakarlığı və cəsarəti ehtiramla yad edirlər.

Rahib Məmmədovun qəhrəmanlığı Azərbaycan-Gürcüstan dostluğunun və xalqlarımız arasında humanizm dəyərlərinin rəmzlərindən biri kimi yaddaşlarda yaşayır.

Aydın

Herbiand.az