Advertisment

“COP29 yaşıl dünyamızı qorumaq baxımından bütün dünya ölkələri üçün çox faydalı olacaq” - Samir Həsənov

Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox önəmli olacağını göstərir.

Qeyd edək ki, ev sahibliyi bir qayda olaraq BMT-nin regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul edir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək Şərqi Avropa regional qrupuna düşmüşdü. Bu qrupa daxil olan ölkəmiz öz namizədliyini irəli sürüb. Xatırladaq ki, Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Lakin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı arasında aparılan danışıqlar əsasında Ermənistan öz namizədliyini ölkəmizin xeyrinə geri götürüb. Bundan sonra eyni addımı Bolqarıstan da ataraq namizədliyini geri çəkib. Bununla da, Şərqi Avropa regional qrupu Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyini müəyyənləşdirib.

Nəzərə alsaq ki, bu, ölkəmizin ilk ev sahibliyi etdiyi tədbir deyil. Və hər zaman ölkəmiz üçün mühüm əhəmiyyət daşıyacaq tədbirləri yüksək səviyyətədə həyata keçirir. O zaman COP29-un da ölkəmizdə keçirilməsi öz möhtəşəmliyi ilə seçiləcək və bunun böyük faydası olacağı heç şübhəsizdir.

Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu il Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ilə əlaqədar “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması koalisiyasının koordinatoru Samir Həsənov “Hərbi And” qəzetinə müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

 

  • Yaşıl dünya deyərkən nə nəzərdə tutulur?

Planetimiz böyük ekoloji problemlərlə üzləşmişdir. Atmosferə atılan karbon dioksid (CO2) tullantıları günəş enerjisinin atmosferdən geri qayıtmasının qarşısını alır. Bu da öz növbəsində istixana effektinin yaranmasına səbəb olur. Nəticədə planetimiz hər il 1,5 dərəcə Selsi qızır, bu da nəticədə buzlaqların əriməsini sürətləndirir. İstixana effekti nəticəsində son dövrlər planetimizdə meşə yanğınları artmaqdadır. Meşə yanğınları biomüxtəlifliyin məhv olmasına yol açır. Yaşıl dünya deyərkən ətraf mühitin qorunması üçün enerji olaraq faydalı qazıntılardan deyil, tez bərpa olunan yaşıl enerjidən (günəş, külək, su) istifadə etmək nəzərdə tutulur. Yaşıl enerji gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətinə xələl gətirmədən indiki enerji ehtiyaclarını ödəyən davamlı enerji mənbəyidir.

 

  • COP29 -un Azərbaycanda keçirilməsinin ölkəmiz üçün hansı əhəmiyyəti var?

 

Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Tərəflər deyəndə Konvensiyaya üzv olan 198 ölkə nəzərdə tutulur. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi bizim üçün şərəfdir.

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır.

Bildiyimiz kimi, inkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Dəstək olmadan inkişaf etməkdə olan ölkələr karbon dioksid (CO2) tullantılarını azalda bilməzlər. Bunun üçün inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond yaradılır. Maliyyə dəstəyi olmadan inkişaf etməkdə olan ölkələr bərpa oluna bilən təmiz enerji mənbələrinə keçid edə bilmirlər. COP29 iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

Bildiyimiz kimi, Azərbaycan əvvəlki illərdə böyük mötəbər tədbirlərə ev sahibliyi etmək şansına sahib olub və bu tip tədbirləri yüksək səviyyədə həyata keçirib. Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev bır sıra mühüm görüşlərdə iştirak edir. Müsbət hal kimi qeyd etmək olar ki, COP prezidentləri arasında əməkdaşlığı və davamlılığı möhkəmləndirmək üçün Azərbaycan, BƏƏ və Braziliya arasında artıq tərəfdaşlığa başlanılıb. Düşünürəm ki, Azərbaycanda keçiriləcək COP29 yaşıl dünyamızı qorumaq baxımından bütün dünya ölkələri üçün çox faydalı olacaq.

 

  • COP29 ilə bağlı bu il hansı tədbirlərin keçirilməsi planlaşdırılır?

“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması koalisiyası QHT koalisiyasıdır. Koalisiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən QHT-lər arasında ekoloji təlimlər nəticəsində yaranıb.

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 Azərbaycanda ekoloji maarifləndirməni həyata keçirmək üçün koalisiyamız önündə geniş perspektivlər açır. Bu il ənənəvi olaraq koalisiyada birləşən QHT-lər daha çox ekoloji tədbirlərdə iştirak edərək bu sahədə həm özlərinin savadlanmasına, gələcəkdə isə daha çox vətəndaşımızın maariflənməsinə yardım etmiş olacaqlar.

Maarifləndirmə layihələri əsasən enerjidən, sudan qənaətlə istifadə, ətraf mühitin qorunması sahələrini əhatə edəcəkdir. Bu gün planetimizdə işıqlandırmanın təşkili üçün istifadə edilən enerji 5% karbon dioksid (CO2) tullantıları hesabına baş verir. Əgər işıqlandırmada LED işıqlardan istifadə edilsə 1,4 milyard ton karbon dioksid (CO2) tullantılarının atmosferə atılmasının qarşısını ala bilərik.

Elnurə İSAXAN

Ekologiya və ətraf mühitin mühafizəsi