Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü yalnız Qarabağla məhdudlaşmayıb. Azərbaycanın digər bölgələri də erməni vandalizminin qurbanı olub. Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonu da erməni silahlı birləşmələrinin hücumlarına məruz qalaraq böyük faciələrlə üz-üzə qalıb. Müharibənin ilk günlərindən Qazaxın Ermənistanla həmsərhəd kəndləri də erməni silhalıları tərıfindən atəşə tutulur, evlər yandırılır, mal-qara tələf edilirdi.
Qazaxın Bağanis-Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızılhacılı, Aşağı Əskipara kəndləri erməni vandalizmi nəticəsində işğal olunaraq tamamilə dağıdılıb.
İşğal zamanı əliyalın dinc əhaliyə divan tutularaq olmazın işgəncələr verilib. Bağanis-Ayrım kəndində bir ailənin 39 günlük körpəsindən 75 yaşlı qocasına qədər 5 üzvü diri-diri yandırılıb.
Kənd camaatı 1990-cı ilin martında öz doğma yurd-yuvasından didərgin düşərək müxtəlif yaşayış məntəqələrində məskunlaşmalı olur.
Bağanis-Ayrım faciəsindən sonra Qazaxın digər 6 kəndi erməni vəhşilərinin hücumları nəticəsində işğal olunur. Kəndlərimiz talan edilərək yandırılır. Dinc əhalisi isə rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşır.
Həmin dövrdə sovet hökumətinin qərarına əsasən, bütün silahları əllərindən alına kənd camaatı köhnə ov tüfəngləri ilə son anana qədər kəndi müdafiə etməyə çalışsalar da, düşmənin hücumlarını dəf edə bilmirlər. Nəticədə, kəndlərimiz 32 il erməni vandallarının tapdağı altında qalır.
Erməni mənfurlarının işğalı nəticəsində bütün tarixi mədəniyyət abidələrimiz dağıdılaraq yandırılıb. Bu kəndlərdə mövcud olan təbii sərvətlərimiz də erməni hücumları nəticəsində dağıdılıb.
Bu illər ərzində kəndlərimizdə heç bir quruculuq işləri aparılmayaraq, əksinə viran qoyulub. Nəhayət, 44 günlük Vətən Müharibəsindən sonra əldə olunan böyük Zəfər nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Bu günə qədər erməni vəhşilərinin işğalında olan Qazax rayonunun 4 kəndi də, nəhayət, bir güllə atılmadan öz doğma sakinlərinə qaytarıldı.
Kənd sakinləri dədə-baba yurdlarına qayıdacaqları günün sevincini yaşayırlar. Azad olunan Qızılhacılı kəndinin sakinləri tezliklə el-obalarında yaşayacaqları anı səbirsizliklə gözləyirlər.
Kəndi tərk etdikləri günü acı xatirələrlə xatırlayan sakinlər o zamanlar çox çətin bir dönəmdən keçdiklərini söyləyirlər. Kəndlərini çox ağır şəraitdə müdafiə edən sakinlərdən biri də Ələddin Vəliyevdir. Müsahibim deyir ki, 1992-ci il mayın 12-si səhər tezdən ermənilər kəndi üç tərəfdən atəşə tutdular. Düşmənlə döyüşərək camaatı zorla cıxardıq:
“Çox pis vəziyyətdə kəndi tərk etdik. Özümüzlə heç nə çıxarda bilmədik. Kəndimizi güclü atəş altında saxlayırdılar. Vəziyyət elə gətirdi ki, məcburən ev-eşiyimizi qoyub kəndi tərk etdik. Qazax rayon 4 saylı orta məktəbin kitabxanasında məskunlaşdıq. Daha sonra rayon rəhbərliyi bizi hərbi şəhərcikdə yerləşdirdi. Şükürlər olsun ki, çətin günlərimiz arxada qaldı. Sevindirici haldır ki, bir güllə atılmadan, heç bir şəhid verilmədən kəndimiz düşmən tapdağından azad olundu. Bu gün hər bir kənd sakini səbirsizliklə dədə-baba yurduna qovuşmaq üçün qanadlanır”.
Ələddin müəllim deyir, kənd azad olunanda oranı ziyarət etdik:
“Gedərkən çox sevinirdim. Nəhayət, 32 ildən sonra doğma yurdumu görəcəkdim. Bu anı hər zaman gözləyirdim. Ümidlərim itməmişdi. Bir gün kəndimizə qayıdacağımızı həsrətlə gözləyirdim. Torpağıma ayaq basdığım ilk an gördüyüm mənzərə məni çox sarsıtdı. Kəndimizi qoyub getdiyimiz vəziyyətdə görməyəndə çox kövrəldim. Kənd çox pis vəziyyətdə idi. İnanın, kənddən əsər-əlamət qalmamışdı. Çox çətinliklə evimizi tapdıq. Evimizin daşını belə söküb aparmışdılar. Sadəcə çətinliklə yerini xatırladım və bildim ki, ora bizim evdi. Gördüyüm mənzərə ilə yanaşı, evimizi çətinliklə tapmağım məni çox sarsıtdı. Neçə gün bu mənzərənin təsirindən özümə gələ bilmədim”.
Ələddin müəllim bu gün hər necə olsa da, doğma torpaqlarının artıq Azərbaycanın nəzarətində olmasından qürur duyur. Onlara bu xoşbəxtliyi yaşadan Ali Baş Komandan İlham Əliyevə, qüdrətli Azərbaycan Ordusuna minnətdarlığını bildirdi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı dilədi.
Doğma kəndinə qəlbən bağlı olan sakinlərdən biri də I dərəcəli Qarabağ müharibəsi qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Namiq Alıyevdir. Onunla söhbətimiz zamanı bu gün keçirdiyi hissləri sözlə ifadə etməkdə çətinlik çəkirdi. Deyir, kəndimiz işğal olunanda mən ilk dəfə ailəmlə görüşərkən onların üzünə baxa bilmirdim:
“Onlarla Ürkməzli kənd orta məktəbində görüşdüm. Hamı susmuşdu, səs yox idi məktəbdə. Qapıdan içəri girəndə donmuşdum. Varlığımı belə hiss edə bilmirdim. Bir-birimizi görəndə çox kövrəldik. Sonralar Qazaxbəyli kəndində bizə şərait yaradıldı”.
Namiq müəllim deyir, kənd məzarlığı nəzarətimizdə idi. Məzarlıqdan kəndimiz bir başqa cür görünürdü:
“Hər yan darmadağın idi, evlər yandırılmışdı. Kənd sanki qış yuxusunda idi. Çox qəribə bir görüntü var idi. Hər dəfə kəndin bu vəziyyətini həsrət dolu baxışlarla kənardan seyr edəndə çox sarsılırdım. Qəlbimdə bir gün ora gələcəyik, bir gün səninlə bir həyat yaşayacağıq kimi bir qüvvə var idi. Hər dəfə kəndi görüb qayıdanda gecələr yata bilmirdim. Mənə elə gəlirdi ki, döyüş şəraitindəyəm. Döyüş yoldaşım sanki neytral bir ərazidədir. Məni köməyə çağırır. Mən ona kömək edə bilmirəm. Bu çox ağır idi mənim üçün”.
Kəndimizin bir güllə atılmadan azad ediləcəyi heç ağlıma gəlmirdi deyir, Namiq müəllim. İllərlə özlüyündə yüksəklikləri ələ keçirmək üçün planlar qurduğunu söyləyir:
“Daim kəndimizi necə azad edəcəyimizi düşünürdüm. Hardan hücum etsək, az itki verərik. Hətta bunu yuxularımda da görürdüm. Demək olar, 32 il o kəndlə yaşadım. Amma ayrı-ayrı yerlərdə. Şükürlər olsun, kəndimiz azad olundu. Bir dəfə kəndimizi ziyarət edə bilmişəm. Sərhəd qoşunlarının nəzarətilə o kəndə gedə bildik. Kəndə gedəndə sanki bir-birimizi qucaqladıq. Elə bil ata-oğul görüşü idi. İnanın ki, kəndimizdən ayrıla bilmirdim. Bulaqdan su içdim, amma doymadım. Çox təəssüflər ki, evimizə gedə bilmədim. Hələ ki, o ərazilər minalardan təmizlənməyib. Düzdür, gördüyüm mənzərə çox açınacaqlı idi. Amma bu günə şükür. Hamımız sevinc hissi keçiririk. 5 kəndimiz qaldı. İnşallah onlar da azad olunacaq. Digər kəndlərimiz də nəzarətimizə keçdikdən sonra həmin ərazilərdə həyat əvvəlkindən də gözəl davam edəcək.
Kəndimiz mənim üçün canlıdır. Kəndimiz sanki qış yuxusundan oyandı. Dəmir yumruğun gücündən oyandı. Dəmir yumruq elə endirildi ki, bütün kainat onun zərbəsindən silkələndi. O dəmir yumruqdan doğdu bu Zəfər. Millətimin həmrəyliyindən doğdu bu Qələbə".
Zəfərimiz mübarək! Biz qayıdırıq doğma Qızılhacılı!
Səni yenidən dirçəldəcək övladların, doğma kəndimiz!
Elnurə İSAXAN
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”