Advertisment

BMT rəsmisi: İqlim fəaliyyəti artıq biznes gündəminin mühüm hissəsinə çevrilib

"İqlim fəaliyyəti artıq yalnız ekoloji məsələ deyil, biznes gündəminin mühüm hissəsinə çevrilib".

Herbiand.az xəbər verir ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən dəyirmi masada deyib.

O, qeyd edib ki, aşağı karbonlu və iqlimə davamlı iqtisadiyyata keçid dünya üzrə bazarları yenidən formalaşdırır:

“Bu, investisiya qərarlarına, təchizat zəncirlərinə və istehlakçı tələbatına təsir göstərir. İqlim fəaliyyətində erkən addımlar atan şirkətlər kapital cəlb etmək, səmərəliliyi artırmaq, riskləri idarə etmək, yeni bazarlara çıxmaq və uzunmüddətli rəqabət qabiliyyətlərini gücləndirmək baxımından üstün mövqedədir.

Azərbaycan üçün yaşıl transformasiya böyük imkanlar yaradır və ölkənin iqtisadi şaxələndirmə, yaşıl artım və dayanıqlı inkişafla bağlı hədəflərinin həyata keçirilməsi özəl sektorla güclü tərəfdaşlıq tələb edir. Tələb olunan miqyas və sürətə yalnız hökumətlər vasitəsilə nail olmaq mümkün deyil. Biznesin investisiya, innovasiya, məsuliyyətli fəaliyyət, iş yerlərinin yaradılması və dəyər zəncirlərinin transformasiyasında mühüm rolu var”.

O, yaşıl enerjinin iqtisadi baxımdan getdikcə daha səmərəli olduğunu diqqətə çatdırıb.

BMT rəsmisi Azərbaycanın 2026–2030-cu illər üçün yeni BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi çərçivəsində özəl sektorla əməkdaşlığın genişləndiriləcəyini bildirib: “Azərbaycanda BMT Qlobal Sazişinin 62 iştirakçı şirkəti birləşdirən ölkə şəbəkəsinin fəaliyyət göstərdiyini və növbəti mərhələdə bu platformaya daha çox biznes liderinin cəlb edilməsinin planlaşdırıldığını açıqlayıb. Artıq məsələ iqlim fəaliyyəti ilə rəqabət qabiliyyətinin bir-birinə uyğun olub-olmaması deyil. Getdikcə onlar eyni anlayışa çevrilir”.