Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Valideynlər məktəbli forması, çanta, ayaqqabı və dəftərxana ləvazimatları üçün alış-verişə başlayarkən, bazarlarda və mağazalarda alıcı sıxlığı nəzərəçarpacaq dərəcədə artıb. Araşdırmalara görə, bir şagird üçün məktəb bazarlığının dəyəri seçilən məhsulların keyfiyyətindən asılı olaraq orta hesabla 100–200 manat, bəzi hallarda isə daha yüksək məbləğə başa gəlir. Şagird və tələbələrin geyimi, davranışı və maddi imkanları arasındakı fərqlər təhsil mühitində sosial bərabərsizlik məsələsini ön plana çıxarır. Sosioloq Mail Yaqub Herbiand.az-a açıqlamasında bildirib ki, varlı və kasıb ailələr arasındakı fərqlərin təhsil mühitində özünü göstərməsi qaçılmazdır:

“Təəssüflər olsun ki, sosial bərabərsizlik məktəbdə uşaqların geyimində, davranışında öz əksini tapır. Biz desək ki, belə deyil, bu mümkün deyil. Bütün cəmiyyətlərdə var, o cümlədən bizdə də”.
Sosioloqun sözlərinə görə, bu fərqlər daha çox yuxarı sinif şagirdləri və universitet tələbələri arasında özünü göstərir. O, hesab edir ki, imkanlı ailələr öz maddi vəziyyətini nümayiş etdirməyə deyil, mənəvi dəyərlərə üstünlük verməlidirlər.
Mail Yaqub vurğulayıb ki, bazar iqtisadiyyatı dövründə yaşamaq insanın əxlaq və mənəviyyatını arxa plana keçirməməlidir:
“Uşaqlarımızın çantasını, geyimini o qədər bahalı etməyək ki, kasıb uşaqlar utansın. Bir qədər özümüzü həmin ailələrə yaxınlaşdıraq. Bu mümkündür”.
O əlavə edib ki, bəzi Avropa ölkələrində tətbiq olunan vahid məktəb forması sosial fərqlərin görünməsini müəyyən qədər azaldır. Lakin universitetlərdə bunun tətbiqinin çətin olduğunu qeyd edib.
Sosioloq həmçinin aztəminatlı ailələrə də çağırış edib: “Varlıların həyat tərzini təqlid etmək düzgün yanaşma deyil. İnsanın dəyəri paltarla ölçülmür, şəxsiyyəti, dürüstlüyü və mənəviyyatı ilə ölçülür. Bunu hamı bilməlidir”.
Yunis İsrəfilov